Ana səhifə / İqtisadiyyat / Bazarda rəqabət, yoxsa yeni cərimə üsulu?

Bazarda rəqabət, yoxsa yeni cərimə üsulu?

Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qanun pozuntuları ilə bağlı tətbiq edilən maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, maliyyə sanksiyalarının tətbiq olunmasının məqsədi dövlət büdcəsinə vəsait yığmaqdan ibarət deyil:

“Bu addım daha çox həmin davranışın gələcəkdə təkrar olunmaması istiqamətindədir. Qanunu pozan subyektə qarşı cərimə onun qanunu pozması nəticəsində əldə etdiyi mənfəətdən çox olmasa həmin subyekt bu davranışı təkrar edəcək. Sanksiyaların ciddiləşdirilməsinin əsas məqsədi də gələcəkdə bu qanun pozuntularının qarşısını almaqdan ibarətdir”.

Məmməd Abbasbəyli əlavə edib ki, Rəqabət Məcəlləsi hökumətə təqdim edilib: “Hazırda sənəd Prezident Administrasiyasında baxılır və qısa müddətdə Milli Məclisə təqdim edilməsi gözlənilir”.

Maraqlıdır, məcəllənin qəbulu süni qiymət artımını aradan qaldıracaq?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, süni qiymət artımını tam aradan qaldırmasa da, müəyyən təsirləri olacaq:

“Ümumiyyətlə, qanunvericiliyin hər bir tələbi həmin sahədə olan neqativ halların qarşısını almağa yönəlib. Cərimələrin artırılması o sahədə olan hüquq pozuntularının qarşısının alınmasına yönəlib. Çünki ölkə təcrübəsində belə hallar çox olub. Düşünürəm ki, məcəllənin qəbulu inhisarçılıq meyillərini və süni qiymət artımını tam aradan qaldırmasa da, müəyyən təsirləri olacaq. 

Məsələn, bu yaxınlarda müəyyənləşdi ki, xarici ölkələrdə ucuz olan yağ məhsulları bizdə 2 dəfə artıq qiymətə satılır. Bu, inhisarçılar tərəfindən həyata keçirilən pozuntudur. Bundan bir müddət öncə, müəyyən ərzaq zəncirləri üzrə qiymət enişini gördük. Bu da həmin sahədə aparılan yoxlamaların nəticəsi idi. Hesab edirəm ki, cərimələrin sərtləşdirilməsinin qiymət artımına tam olmasa da, müəyyən qədər təsiri olacaq”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …