Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bazarda pomidor bahalaşdı: satıcılar da gileylənir, alıcılar da…

Bazarda pomidor bahalaşdı: satıcılar da gileylənir, alıcılar da…

Bu həftənin əvvəlindən Bakı bazarlarında yerli pomidor 30-50 qəpik bahalaşıb. Şəhərin iri marketlərində isə Qazax pomidorlarunun kiloqramı 2 manatdan təklif edilir.

Topdansatış məntəqələrində Şəmkir pomidoru 90 qəpikdən, Qazax pomidoru isə 1 manat 20 qəpikdən satılır.

Paytaxtın ən ucuz meyvə-tərəvəz bazarı sayılan Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki 4 saylı (“Vosmoy”) bazarda pomidorların qiyməti ilə maraqlandıq.

Qazax pomidoru 1.30-1.50 manata

Bəlli oldu ki, son 1 həftədə rayonlardan məhsul gətirilməsi azalıb, topdansatışla məşğul olan satıcılar qiymətlərə görə gözləmə mövqeyindədirlər. Bazarda hazırda Qazax pomidorunun kiloqramı 1.30-1.50 qəpikdən təklif olunur. Xaçmazda yetişdirilən pomidorun kiloqramı 1 manat-1 manat 30 qəpikdən satılır. Zirə pomidorlarının kiloqramı isə 1 manat 70 qəpikdir. Yalnız “Bolqar” sortu kimi tanınan pomidorların kiloqramını 50 qəpikdən almaq olar.

Satıcı: “Gündə 40 kiloqram pomidor satanda sevinirik”

Satıcılar deyirlər ki, bahalaşma alıcılıq qabiliyyətinə təsir edir. Satıcılardan Nəbi Seyidov bildirir ki, ötən ilin bu dövründə qış üçün aquzə olaraq gün ərzində ən azı 60-70, bəzən isə 100 kiloqrama qədər pomidor satırmış. Hazırda isə gündə 30-40 kiloqram məhsul satanda yer pulunu çıxara bildiyi üçün sevinir.

Köhnə, əzilmiş pomidorlar-kiloqramı 30 qəpikdən

Bazarda köhnə, əzilmiş pomidorların alıcıları daha çoxdur. Satıcılardan biri deyir ki, tomat kimi bu pomidorlardan istifadə edilir. Axşamlar qiymət ucuzlaşır, kiloqramı 30 qəpikdən təklif edilir. “İçindən yaxşılarını seçməyə qoymuruq, yoxsa gərək məhsulu elə zibil yeşiyinə ataq”,- satıc əlavə edir.

Bahalaşma və isti…

Yerli pomidorların bahalaşması istilərlə əlaqələndirilir. Satıcı Qurban Kərimov deyir ki, Qazax pomidorunu topdansatış məntəqəsindən alır, üzərinə 20 qəpik qoyaraq satır: “Havalar bu il çox isti keçir, bütün tərəvəz günəşin altında yanır. Ona görə də qiymət bahadır. Aldığım məhsulun üstünə cəmi 20 qəpik qoyuram ki, satılsın, xarab olmasın”.

Digər satıcı Xanoğlan Bədəlov isə deyir ki, avqustun birinci ongünlüyündən sonra pomidor ucuzlaşacaq. Sadəcə bir qədər səbirli olub gözləmək lazımdır.

Satıcılardan biri isə onun sözlərinə etiraz edərək söyləyir ki, meyvə-tərəvəz, xüsusilə Şəmkir və Qazax pomidoru Rusiyaya daşınır. Ona görə də məhsul bu il bir az daha bahadır. “Rayonlarda əkin sahələrinin suvarılması problem var. Kəndli xərcini çıxarmalıdır. Onun üçün nə fərqi var, Bakıda sən ya mən bahalıqdan pomidor ala bilmirik”.

“Yaşıl bazar”da da qiymət artımı müşahidə olunur. Bu bazarda pomidorun kiloqramı 1 manatdan başlayır. Hətta Zirə pomidoru 2 manat 20 qəpikdən təklif edilir.

Şəhərdəki meyvə-tərəvəz köşkləri və marketlərdə isə pomidorun kiloqramı 2 manat-2 manat 50 qəpikdir. Zirə pomidorunun kiloqramı hətta 3 manatdan təklif edilir.

“Hər il bu vaxt pomidor xeyli ucuz olurdu. Bu il qiymət düşməyib, ona görə də, istədiyimiz qədər ala bilmirik. Elə ancaq salat üçün alırıq. Hər gün gəlib baş çəkirəm ki, nə vaxt ucuzlaşsa, onda 10 kilo alıb qış üçün tədarük görəcəyəm”, – deyə adını söyləmək istəməyən alıcı bildirir.

Fermerlər çarəsiz durumda…

Qazaxlı fermerlər də deyirlər ki, hava şəraiti qiymətlərə təsir edir, amma səbəb tək bu deyil. “Pomidor şitilindən tutmuş işçilərin gündəlik əməkhaqqına qədər xərclər artıb”,– fermer Emin Quliyev virtualaz.org-a bildirib. Onun sözlərinə görə, 1 hektar sahədən təxminən 150 ton məhsul yığıb. Halbuki ötən il 180-190 ton məhsul yığılıb.

Hazırda pomidorun kiloqramı növünə, rənginə və ölçüsünə görə 1 manat-1 manat 40 qəpikdən təklif edilir. Fermer əlavə edir ki, bu il Rusiya bazarına məhsul çıxarılmayıb. Qiymət artımına baxmayaraq alıcı cəhətdən korluq çəkmirlər, məhsul tarladan satılır. Amma yenə də xərci borcunu ödəmir.

Adının açıqlanmasını istəməyən fermer isə deyir ki, pomidorun yenidən şitillənməsi gedir: “Pomidor əkinində məhsuldarlığın növbələşməsi məsələsi var. Bu dəfə məhsul bol olarsa qiymət enəcək. Amma pomidorun gec qızarması qiymət artımına səbəb olur. Yəni işçi haqqı və digər xərclər artır”.

Şitil – 35 qəpikdən-80 qəpiyə qədər

Fermerin sözlərinə görə, bir şitilin torpağa basdırılması pomidorun növündən asılı olaraq 35 qəpikdən 80 qəpiyə qədər başa gəlir. Hər şitildən 5-6 kiloqram pomidor götürülür. “Pomidor əkmək əziyyətlidir, xərclər də çoxdur. Qaz, işıq, su, işçi maaşı, yol xərci, şitil, gübrə, hələ üstəlik ziyanvericilərlə mübarizə xərcləri var. Şitillər əsas yerlərinə əkilib inkişaf etməyə başladıqdan təxminən iki həftə sonra birinci, daha iki həftə sonra ikinci belləmə aparılır. Sonra da deyirlər ki, qiymətləri aşağı salın”,- fermer narazılıq edir.

Xaçmazlı fermer: “Sarımsaq əkdim, ziyana düşdüm, pomidor da belə…”

Xaçmazlı fermer deyir ki, illərdir soğan, sarımsaq əkməklə dolanıb. Bu il həm sarımsaq, həm də pomidor əkib. Sarımsağın qiyməti kəskin düşüb, pomidor da qoyduğu pulu çıxara bilməyib. “6-7 ay işləyirsən, 35 kilosunu 10-12 manatdan almaq istəyirlər. Bu il yeşiklərin də qiyməti artıb. Hələ bunun şumu, traktoru, işçi pulu var. Suvarma da həmişə problem olur”, -fermer deyir və sual edir ki, “xərclər artırsa məhsulun ucuz satılmasını necə tələb edə bilərlər?”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …