Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Bankların dollara tələbi rekord həddə çatıb

Bankların dollara tələbi rekord həddə çatıb

Fevralın 13-də Azərbaycan Mərkəzi Bankı ABŞ dollarına tələbin ciddi artımı ilə yadda qalan sonuncu valyuta hərracı keçirib. Bankların ABŞ valyutası tələbi rekord məbləğdə 151,1 milyon dollar təşkil edib. Bu, fevralın 8-dəki hərracdakından 2,5 dəfə çoxdur. Onda 61,4 milyon dollarlıq sifarişlər qeydə alınmışdı.

 Təkcə bu ayın ilk 13 günündə hərracda cəmi 370,9 milyon dollar əl dəyişdirib.

İqtisadçı, deputat Vüqar Bayramov bu artımın əhəmiyyətini vurğulayaraq deyib ki, bugünkü ciddi tələb valyuta bazarında dollardan asılılığın artması istiqamətində davamlı tendensiyanın olduğunu göstərir.

“Valyuta dəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir. Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq aktiv valyuta dəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər”.

Vüqar Bayramov
Foto: Meydan TV

İqtisadçı bildirir ki, neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil.

“Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq, Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir. Bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir”.

Fevralın 1-də tələb 78,7 milyon ABŞ dolları olmuşdu. Bu da əvvəlki hərraclara baxanda artım sayılırdı. Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəlincə, Vüqar Bayramov daha öncə bildirmişdi ki, Azərbaycanda hələ üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır:

“Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …