Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / İqtisadiyyat / Banklar əhalinin dollarına “göz dikib”

Banklar əhalinin dollarına “göz dikib”

Ötən ilin dekabr ayında Azərbaycanın 4 bankında əmanət qəbuluna dair vəziyyət dəyişib. Banklar həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə yerləşdirilən əmanətlərin faizlərinə yenidən baxıb.

Belə ki, bir il müddətinə milli valyutada qəbul edilən əmanətlərin illik faiz dərəcəsi “Accessbank”da 8-10%-dən 8-9%-ə, “Yapıkredibank Azərbaycan”da 5-6,5%-dən 4,5-5,5%-ə, bir il müddətinə Amerika valyutasında yerləşdirilən əmanətlərin illik gəlirliliyi isə “Accessbank”da 0,7-1,8%-dən 0,5-0,8%-ə, “Turanbank”da 0,5-0,75%-dən 0,75%-ə, “Yapıkredibank Azərbaycan”da 0,15-0,5%-dən 0,15-0,35%-ə, “Zıraatbank Azərbaycan”da isə 0,6-1%-dən 0,5-1%-ə dəyişdirilib.

Bəs görəsən, bankların manatla olan əmanət faizini azaltmasının, dolları isə artırmasının səbəbi nədir?

Mövzu ilə bağlı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, son dövrlər bank sektorunda faiz dərəcələrinin aşağı salınması ilə bağlı istər parlament müzakirələri zamanı, istərsə də ictimai müzakirələrdə müxtəlif təkliflər verilir. Çünki bank sektorunda faiz dərəcələrinin yüksək olması səbəblərindən biri də manatla olan əmanətlərdə (istər cəlb olunan əmanətlər olsun, istərsə də hüquqi şəxslərin xarici borcalmaları olsun) faiz dərəcəsinin yüksək olmasıdır. Bu ən çox təsir göstərən amildir. O baxımdan banklar çalışır ki, faiz dərəcələrini aşağı salmaqla sahibkarlara təqdim etdikləri faiz dərəcələrini də aşağı endirməyə nail olsunlar. İkinci səbəb isə parlamentin “Əmanətlərin sığortalanması haqqında” Qanuna etdiyi dəyişikliklər oldu. Burada  əmanətlərin tam sığortalanması ilə bağlı vaxtın aprelin 5-nə kimi verilməsi və bundan sonra, 2021 ci ildə sığortalanan əmanətlərin hissəsinin 100 min manatdan artıq olmaması ilə bağlı məhdudlaşdırılma var idi. Burada söhbət manatla olan əmanətlərdən gedir. Bu o deməkdir ki, əmanətçilər istər-istəməz gələcəkdə çalışacaqlar ki,  öz pullarını bölsünlər. Məsələn, şəxsin bir milyon manat pulu varsa, onu yüz min və yüz minə bölərək müxtəlif banklara qoyacaq. Bu da banklara imkan yaradır ki,  konkret olaraq bir bankda əmanətlər birləşməyəcək, bir neçə bankda əmanət cəlb etmək imkanı qazanacaqlar. Həmin sığortalanan  məbləğin – 100 min manatın məhdudlaşdırılması istər- istəməz bankların diktəsini də artıra bilir. Yəni artıq müştəri məcbur olacaq ki, müxtəlif banklara müraciət eləsin. Bankların aşağı faiz deməsi ehtimalı həm də bununla bağlıdır. Onlar bununla əmanətlərin  yerləşdirilməsinə nail olurlar.

Ruslan Atakişiyev: “Azərbaycan dayanıqlı iqtisadi inkişaf strategiyasını  gerçəkləşdirir”

Ruslan Atakişiyev

Üçüncüsü, xarici valyuta ilə bağlı olan faiz dərəcələrinin artırılması da ondan irəli gəlir ki, ümumiyyətlə, banklar da görürlər ki, əhalidə olan əmanətlər, evdə saxlanılan pullar daha çox xarici valyutadır (dollar, evro şəklində). İnsanlar əvvəlki kimi pulu manatla saxlamırlar. Banklar bu səbəbdən də xarici valyuta olduğuna görə əmanətçiləri cəlb etməyə çalışırlar”.

Ekspert “Tarif Şurasının Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətində etdiyi dəyişiklik yenə də qarışıqlıq yaradacaqmı? İnsanlar dollar bahalaşacaq deyib, yenə də  əmanətlərin dəyişdirilməsi ilə bağlı bankların qarşısında toplaşacaqlarımı” sualını da cavablandırıb:

“Hazırda benzin və dizelin qiyməti artsa da  insanlar  əvvəlki kimi bankları qarşısında toplaşmayacaq. Artıq əhalidə olan əmanətlər maksimum dərəcədə dollarlaşıb. Bundan sonra elə vəsait qalmayıb ki, pulun çevrilməsi hansısa təsirə gətirib çıxarsın”.

Həmçinin oxuyun

Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası …