Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Bankirin şikayəti: Banklar biznesə niyə kredit vermir?

Bankirin şikayəti: Banklar biznesə niyə kredit vermir?

“Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov “Banklar biznesə kredit vermirlər” iddialarına öz münasibətini bildirib.

Jurnalistlərlə görüşən bankir biznes krediti üçün yeni müraciətlərin az olduğunu, sahibkarların və ya şirkətlərin çoxunun tələblərə cavab vermədiyini qeyd edib:

“Banklarda biznes kreditləri vermək üçün pul vəsaiti var. Bu gün bəzi banklar biznesə 10 faizlə manat, 5-7 faizlə dollar kreditləri təklif edirlər. Birinci, biznes kreditləri üçün müraciətlər çox deyil, ikincisi, kredit almaq istəyənlər girov təqdim edə bilmirlər, biznesləri şəffaf deyil, normal sənədləri yoxdur və s”.

Faiq Hüseynov, “Banklar mənə kredit vermirlər” deyən sahibkarları onun yanına göndərməyi və əgər kredit almağa uyğun şirkətdirsə, bankir faizsiz kredit verə biləcəyini deyib. O, əlavə edib ki, bir çox şirkətlərdə rəsmi sənədləşmə çox aşağı səviyyədədir, əksər əməliyyatlar qeyri-rəsmi şəkildə, nağd aparılır:

“Tam şəfafflıq təmin edilməlidir. “Sədərək”, “Binə”, “Dərnəgül”də çalışan sahibkarlar tələb olunan sənədləri təqdim edə bilmirlər. Çünki nağd şəkildə işləyirlər. Bu ticarət mərkəzləri Azərbaycanın qeyri-neft sektorunun mühüm bir hissəsidir, il ərzində bir neçə milyard dollar dövriyyələr baş tutur. Gəlirlər bizdən kredit almağa, verə bilmirik. Çünki qeyri-rəsmi işləyirlər, biz onların maliyyə vəziyyətlərini təhlil edə bilmirik. Həmin sahibkarların rəsmi işləmələri təmin edilsin, biz də kredit ayırmağa baxaq”.

Bank rəsmisi onu da bildirdi ki, bu gün Unibank-da izafi likvidlik mövcuddur:

“Banklarda, məsələn, elə bizim bankda kifayət qədər vəsait var. Amma biznes gəlib istəmir, tələbat yoxdur. Biz də faizləri aşağı salıb Mərkəzi Bankın notlarını, dövlət istiqrazlarını alırıq. Bu ilin əvvəlindən Unibankın depozit portfeli cüzi azalıb, ancaq biz bundan çox narahat deyilik. Çünki cəlb etdiyimiz vəsaiti sata bilmirik. Biznes kreditləri üçün müraciət edən yeni müştərilər çox azdır. Köhnə müştərilərin çoxu devalvasiyadan sonra iflas olublar, qalanlar da biznesi genişləndirmirlər”.

Bank sədri girov məsələsinə toxunaraq bildirib ki, kənd yerlərində girov məsələsi böyük problemdir:

“Kənd yerində girov götürülən evi satmaq mümkün deyil. Bankların qarşılaşdığı çətinliklərdən birinin girovun müsadirəsi və satışı ilə bağlıdır. Kreditlər qayıtmayan zaman həmin kreditlərə görə qəbul edilmiş girovların kreditgötürənin əlindən alınması zəif icra edilir. Bu gün İcra xidməti məhkəmə qərarlarını vaxtında icra etmədikdən sonra, mən əmlakı girov olaraq necə qəbul edim?! Bank qayıtmayan kreditə görə öz gəlirləri və ya kapitalı hesabına ehtiyat yaradır. Kreditlər qayıtmadıqda yaradılan ehtiyata görə bank zərər ilə işləyir və kapitalı da azalır”.

“Mülki Məcəlləni xarici qanunlardan tərcümə ediblər, anlaşılmır”

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında, bankirin fikirlərinə haqq qazandırıb:

“Bu gün Azərbaycanda imkanlı sahibkarlar kredit götürmək istəmir. Kredit ya yeni biznes qurmaq, ya da ki, mövcud biznesi böyütmək, artırmaq məqsədi ilə götürülür. Bunların heç birinə maraq yoxdur. Çünki sahibkarlar bilirlər ki, Azərbaycanda əvvəlki kimi iqtisadi inkişaf yoxdur. 2005-ci ildən 2015-ci ilə qədər olan dövrü qızıl 10 illik adlandırıram. Artıq belə inkişaf da, əhalinin gəlirləri də yoxdur. Hətta xarici biznes də Azərbaycandan gedir. Digər tərəfdən, tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanda iqtisadi sahədə qanunlar işləmir, bərbaddır. Hər bir ölkənin ən iri qanunu onun Mülki Məcəlləsidir. Bu məcəlləni bəzən ölkənin iqtisadi konstitusiyası da adlandırırlar. Azərbaycanın da ən böyük qanunu budur, amma çox bərbaddır. Mülki Məcəllənin hüquqi səviyyəsini kənara qoyaq, xarici qanunlardan tərcümə etdikləri üçün dilçilik baxımından anlaşılmaz müddəalar var. Qanunlara riayət olunmur, məmur özbaşınalığı var. Ən bariz nümunə kimi, yaxınlarda “Xalq Bank”la Dövlət Əmlak Komitəsi birləşib onlarla sahibkarın əmlakını qanunsuz formada əllərindən alıblar. Bundan əlavə, bağlanan müqavilələrə riayət olunmur. Sahibkarlar hüquqlarının ölkə məhkəmələri tərəfindən müdafiə olunacağına inamı yoxdur. Çünki ötən ilin aprel ayından başlayan məhkəmə hüquq islahatları lazımi səviyyədə getmir. Konstitusiya Məhkəməsindən tutmuş ölkənin digər məhkəmələri biabırçı qərarlar qəbul edir. Bu cür şəraitdə sahibkar niyə biznesi böyüdüb kredit alsın?! Sahibkar öz hədəflərinə qanun-qaydan olan xarici ölkələrdə çatmağı üstün tutur. Bundan əvvələ qədər Azərbaycanda yüksək gəlirlilik olub. Ölkəyə neft sektorundan gələn gəlirlər fonunda sahibkar bilirdi ki, hansı sahəyə investisiya qoysa, 1 ilə nə qədər qazancı olacaq. İndi gəlirlilik olmadığı üçün sahibkar biznes qurmaq istəmir. Bu gün vəziyyəti yaxşı olmayan sahibkarlar kredit götürmək istəyir. Onlar da həmin kreditləri biznes qurmaq üçün yox, digər borclarını qaytarmaq məqsədilə istəyir. Banklar da onlara kredit vermir. Bank sisteminin biznesə kredit verməsi üçün ölkədə normal hüquqi biznes mühiti qurulmalıdır. Qanunçuluq, məhkəmələrin ədalətliliyi təmin olunmalıdır”.

Mütəxəssis hesab edir ki, sahibkarların biznes planının olmamasının əsasında ölkənin iqtisadi mühit amili dayanır:

“Tutaq ki, sahibkar hansısa sahəyə 100 manat investisiya yatırır və hesablayır ki, 1 il ərzində 50 manat gəlir götürəcək. Gəlirin müəyyən hissəsini məmura, rüşvətə verəcək və yaxud da məhkəmə çəkişməsinə düşəcək ki, burda da xərci çıxacaq. Sahibkar görür ki, 50 manat gəlirdən mənfəəti qalmır. Bu zaman sahibkar haqlı olaraq xarici ölkələrə investisiya yatırmağa maraqlı olur. Bilir ki, xarici ölkədə yatırdığı investisiyadan gəliri olacaq və heç kəs də ona göz dikməyəcək”.

“Hakimə 25-30 min manat əməkhaqqı verilməlidir”

Əkrəm Həsənovun sözlərinə görə, iqtisadi mühitin dəyişməsi üçün Mülki Məcəllə başda olmaqla bir neçə qanun dəyişməlidir:

“15 ilə yaxındır ki, Milli Məclis Rəqabət Məcəlləsini qəbul edə bilmir. Bu çox mühüm qanundur və qəbul olunmalıdır. Məhkəmə sistemində islahatlar olmalıdır. Ən aşağı vəzifədə olan hakimə ən azı 10 min manata əməkhaqqı verilməlidir. Ən yüksək vəzifədə olan hakimə isə 25-30 min manat əməkhaqqı verilməlidir. Bir şərtlə ki, əgər hakim korrupsiyada tutulsa, ömürlük azadlıqdan məhrum olunsun. Bu olsa, sabah işi məhkəməyə düşən sahibkar əmin olacaq ki, onun işinə ədalətlə baxılacaq. Bir sözlə, məhkəmə sistemində güclü kadr islahatları olmalıdır”.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …