Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bank sektorumuz beynəlxalq reytinqdə axırdan ikincidir

Bank sektorumuz beynəlxalq reytinqdə axırdan ikincidir

“S&P Global Ratings” (“S&P”) reytinq agentliyi Azərbaycanın bank sektorunun yeni qiymətləndirməsini həyata keçirib. Agentliyin məlumatına əsasən, qiymətləndirmənin nəticəsi olaraq “Banking İndustry Country Risk Assessment” (BICRA) sisteminə görə Azərbaycanın bank sistemi “9″ qrupunda qərarlaşdırılıb.

“9″ qrupunda olan digər ölkələr Qazaxıstan, Türkiyə, Keniya, Vyetnam, Monqolustan, Misir və Argentinadır. Sözügedən BICRA sistemi bankın lövbərini müəyyən etmək üçün istifadə olunur və daha sonra emitentin kredit reytinqinin təyin edilməsində başlıca amillərdən sayılır. Hazırda yalnız Azərbaycanda fəaliyyət göstərən banklar üçün lövbər ”b+” səviyyəsindədir. “S&P”yə görə, lövbərin bu səviyyədə olması yüksək kredit riski, dövri iqtisadiyyat və bankların keçmişdə nisbətən aqressiv kreditləşmədən istifadə etməsi kimi özünəməxsus riskləri özündə birləşdirir.

Reytinq agentliyinə görə, Azərbaycan bank sisteminin güclü tərəfləri ölkənin böyük xarici aktivlərə malik olması və aşağı borclanmanın iqtisadi tənəzzüllə əlaqəli riskləri qismən azaltmasıdır. Bundan əlavə, qlobal müqayisədə orta səviyyədə ölçülən özəl sektorun borcu və yerli maliyyə sisteminin xarici maliyyələşdirmədən asılılığının olmaması yerli bank sisteminin güclü amillərinə aiddir.

Ölkənin bank sisteminin zəif nöqtələrinə toxunan “S&P”nin analitikləri bildirir ki, COVİD-19 pandemiyasından qaynaqlanan yüksək iqtisadi risklər, əmanətlərin yüksək dollarlaşmasının bank sektorunda pul və kredit risklərini artırması və qlobal müqayisədə zəif idarəçilik və şəffaflıq bank sektorunun zəif tərəfləridir.

Qeyd edək ki, iqtisadiyyatın və bank sektorunun güclü və zəif tərəfləri bir ölkənin maliyyə qurumlarının kredit qabiliyyətini dəstəkləyən kritik faktorlardır. “S&P” bu təhlili “qlobal bank sistemlərini qiymətləndirmək və müqayisə etmək üçün hazırlanmış” tək bir BICRA qiymətləndirmə sistemində təhlil edir.

“S&P”nin BICRA qiymətləndirmə sisteminə əsasən, ən aşağı riskli bank sistemləri qrup “1″də, ən yüksək riskli bank sistemləri isə qrup ”10″da qərarlaşır. Qrup “1″ də heç bir ölkənin olmadığı halda, qrup ”2″də əsasən inkişaf etmiş ölkələr qərarlaşıb. Bunlar Avstriya, Belçika, Kanada, Finlandiya, Almaniya, Honkonq, Lixtenşteyn, Lüksemburq, Norveç, Sinqapur, İsveç və İsveçrədir. Riskə ən çox məruz və hazırda “10″ qrupda qərarlaşan ölkələr isə Belarus, Nigeriya, Şri-Lanka, Tunis və Ukraynadır (APA).

Göründüyü kimi, Azərbaycanın bank sektorunu agentlik ən sondan ikinci qrupa uyğun qiymətləndirib. Bu qiymətləndirmə nə qədər obyektivdir? Agentliyin qeyd etdiyi zəif tərəflər Azərbaycan banklarında nə qədər ciddi problemlər hesab oluna bilər?

Sualları cavablandıran bank sahəsi üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, ümumilikdə götürdükdə, “S&P”nin qiymətləndirməsini obyektiv hesab etmək olar: “Azərbaycanın bank sisteminin Qazaxıstan, Türkiyə ilə eyni səviyyədə qiymətləndirilməsi müsbət haldır. Türkiyənin xüsusilə, həmçinin Qazaxıstanın bank sistemi şəffaflıq, idarəetmə, dollarlaşma səviyyəsinə görə bizdən daha yaxşı vəziyyətdədirlər. Bu baxımdan, kimsə narazılıq edəcəksə, bu ölkələr etməlidir ki, niyə Azərbaycanla eyni səviyyəyə salınmışıq”.

Mütəxəssis bildirir ki, Azərbaycanın bank sektorunda dollarlaşma son illərdə azalsa da, hələ də yüksək olaraq qalmaqdadır: “Yəni mövcud vəziyyəti yetərli və makroiqtisadi sabitlik üçün təhlükəsiz hesab etmək mümkün deyil. Şəffaflıq və idarəetmə məsələləri isə Azərbaycanın bank sektorunun ən əsas problemləridir. Bu problemlər uzun illərdir mövcuddur. Onların da kökündə bank qanunvericiliyinin köhnəlməsi, günün tələblərinə cavab verməmısi, qeyri-təkmilliyi dayanır. Təsadüfi deyil ki, hələ 2004-cü ildə dövlət başçısı sərəncam imzaladı ki, Azərbaycanda bank qanunvericiliyi vahid məcəllədə birləşdirilsin. On il keçdi, bu sərəncam icra olunmadı. 2014-cü ildə Prezident təkrar Bank Məcəlləsinin hazırlanmasına dair sərəncam verdi, lakin hələ də bu sənəd hazırlanmayıb. Hazırda bank sistemi şəffaflığı, idarəetməyə effektiv nəzarəti təmin edəcək qanunvericiliyə ciddi ehtiyac duyur. Bu gün banklar tərəfindən açıqlanan hesabatların bir çox hallarda real vəziyyətdən çox fərqli rəqəmləri əks etdirdiyi aydınlaşır. Bağlanan bankların hamısında belə olduğu aydınlaşdı. İndi necə bilək ki, hazırda fəaliyyətdə olan banklarda da eyni şəkildə real vəziyyət gizlədilmir? Digər tərəfdən, pandemiyanın təsiri ilə problemli kreditlərin məbləği getdikcə artır. Banklara vətəndaşları incitməmək tapşırılıb, bu isə problemli kreditlərin artmasını stimullaşdırır”.

Qeyd edək ki, Azərbaycanın bank sektoru 2021-ci ilin birinci yarısını 366,3 milyon manatlıq xalis mənfəətlə yekunlaşdırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır. İlk yarımildə ən yüksək mənfəət Azərbaycan Beynəlxalq Bankında qeydə alınıb – 148,1 milyon manat. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25 faizdən çox artım deməkdir. İkinci yerdə olan “Kapitalbank”ın mənfəətində isə kəskin azalma baş verib – ötən ilin eyni dövründəki 170,5 milyon manatlıq mənfəət 41,5 faiz azalmaqla 99,8 milyon manata düşüb.

Üçüncü yerdə gələn PAŞAbankın mənfəəti 75 faizdən çox artmaqla 50,6 milyon manata çatıb. Beləliklə, aydın olur ki, ölkənin ümumi bank sektoru üzrə əldə olunan 366,3 milyon manatlıq mənfəətin 298,5 milyon manatı – 81,5 faizi cəmi 3 bankın payına düşür. Təsadüfi deyil ki, mənfəət həcminə görə 4-cü yerdə gələn “YeloBank” ilin birinci yarısını 3-cü yerdə olan PAŞAbankdan 5 dəfə az – 10 milyon manat mənfəətlə başa vurub. Lakin ötənilki 13,6 milyon manatlıq  zərərin qarşılığında əldə olunan indiki nəticə “YeloBank” üçün kifayət qədər böyük nəticədir.

Dörd bank birinci yarımildə zərərlə üzləşib. Bunlar “Pakistan Milli Bankı” Azərbaycan (114,97 min manat zərər), “Yapı Kredi Bank” Azərbaycan (231,69 min manat), “AccessBank” (2024 min manat) və “Bank Avrasiya”dır(3 928,57 min manat).

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  departament rəhbəri Ayaz Museyibova görə, bank sisteminin maliyyə göstəricilərinin təhlili banklarda dayanıqlılıq göstəricilərinin artdığını göstərir: “İcra olunmuş tədbirlər və qəbul olunmuş normativ-hüquqi sənədlər maliyyə sektorunun sabitliyini artırmaqla bərabər, yerli maliyyə instutlarının da güclənməsi və bazar inamının artmasına şərait yaradıb. Bununla belə, cari dövr ərzində əldə olunmuş nailiyyətlərə baxmayaraq, bank sektorunun ölkənin iqtisadi inkişaf strategiyasına uyğunlaşdırılması üçün gələcək inkişaf strategiyalarının da realizasiyası arzuolunan hesab olunur. Qeyri-işlək kredit portfelinin son illər davamlı olaraq azalması Azərbaycanı bu sahədə Şərqi Avropa və MDB məkanında müvafiq istiqamətdə ən uğurlu nəticələrə nail olan ölkələrdən birinə çevirib”.

Azərbaycanda bank sisteminin formalaşmış potensialı və ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, qarşıdakı illərdə bu sahədə daha da müsbət irəliləyişlərə nail olmaq imkanları çağırışlarla müşayiət olunsa belə, kifayət qədər genişdir: “Eyni zamanda sektorun stabilliyi baxımından xüsusi əhəmiyyətə malik məsələlərdən biri kimi uzunmüddətli krediləşmə meyillərinin artmasını qeyd edə bilərik. Uzunmüddətli kreditləşmənin ümumi portfeldə xüsusi çəkisi 2021-ci ilin ilk 4 ayının nəticələrinə əsasən  82,5 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici 2015-ci ildə 75,6 faiz, 2005-ci ildə isə cəmi 36 faiz təşkil edib. Pandemiyanın mənfi nəticələrinə baxmayaraq, bu istiqamətdə mənfi tendensiya qeydə alınmayıb. Ötən müddət ərzində kredit portfellərində dedollarizasiya prosesləri də müşahidə olunub, manatla verilmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 2020-ci ildə 2019-cu illə müqayisədə 4,9 faiz artmaqla 70,2 faizə çatıb.  Son illərdə müşahidə olunmaqda olan əmanətlərin və depozit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. Depozitlərin tərkibində manatın xüsusi çəkisi 46,5 faizə çatıb ki, bu da xarici valyuta risklərinin kritiklik səviyyəsini zərərsizləşdirən vacib amillərdən hesab olunur”.

Departament rəhbəri qeyd edir ki, Azərbaycan bank sisteminin davamlı fəaliyyəti üçün Milli ödəniş sistemi, Hökumət ödəniş portalı, Mərkəzi kredit reyestri, Banklararası kart mərkəzinin fəaliyyəti təmin edilib: “Ölkədə ilk dəfə xüsusi blokçeyn platforması tətbiq edilməklə Rəqəmsal İdentifikasiya Sistemi real istismara verilib. Bu layihənin inkişafı bank sistemində məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması ilə bərabər, sektorda inam mühitinin formalaşmasında çox mühüm rol oynayacaq. Son dövrlər bank sistemində atılmış ən mühüm islahat tədbirləri kimi Ani Ödənişlər Sisteminin (AÖS) istismara verilməsini də qeyd edə bilərik.  Gözləntilərimiz ondan ibarətdir ki, AÖS üzrə yaradılan imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, nağdsız cəmiyyətin formalaşdırılmasına yeni təkan verəcək”.

Mütəxəssisin fikrincə, maliyyə-bank sisteminin makroiqtisadi inkişafa müsbət təsirlərinin artırılması məqsədi ilə bu xidmətlər və real sektorun münasibətləri üzrə korporativ idarəetməyə dair strateji çərçivənin formalaşması məqsədəuyğun hesab oluna bilər: “Bu baxımdan dünyada mövcud olan əsas üç modelin (Anqlo-Amerikan, Almaniya və Yaponiya korporativ modeli) nəzərdən keçirilməsi yetərli hesab edilə bilər. Eyni zamanda ölkə bankları ”inkişaf bankı” statusuna keçərlərsə biznesin bütün səviyyələrində (biznes planların tərtibi, xarici tərəfadşların tapılması, bazarlara giriş, marketinq və s.) gəlir əldə etməklə faiz gəlirlərindən asılılığı azalda bilərlər. Bu, həm də real sektorun inkişafına müsbət təsir göstərərdi. Azərbaycanda islam maliyyəsinin inkişafı da xarici investisiyaların (xüsusən də Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. Hazırda dünyanın nəhəng bankları hesab edilən HSBC, Citi Bank, Lloyds TSD (U.K.), Deutsche Bank, UBS, Royal Bank of Scotland banklarında İslam pəncərələri (Islamic window) çərçivəsində müştərilərə xidmət strukturu yaradılıb. İslam maliyyə institutları real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab olunur və bununla da artım və iqtisadi inkişafa dəstək  olur”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …