Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bank sektoru pandemiyanın neqativ təsirlərindən xilas ola bilib

Bank sektoru pandemiyanın neqativ təsirlərindən xilas ola bilib

2020-ci ildə dərin böhran keçirən bankların vəziyyəti son aylarda yaxşılaşır. 
2021-ci ildə bankların aktivlərində, kredit qoyuluşlarında, məcmu kapitalında, cəlb etdikləri depozitlərin həcmində, kredit portfelində artım baş verib. Əldə edilən irəliləyişlər bankların fəaliyyəti üçün önəmli olan likvidlik məsələsinin həllinə imkan yaradıb.  31 may 2021-ci il tarixinə fəaliyyətdə olan 26 bankın cəmi aktivləri 33,81 milyard manat olub. Mayda aktivlər 3,1% və ya 1,014 milyard manat artıb. Cəmi aktivlərin 43,5%-i kredit portfelindən ibarətdir. Bankların kredit portfeli mayda 0,5% (79,6 milyon manat) artaraq 14,69 milyard manat təşkil edib.
Pandemiyadan əvvəlki dövrlə müqayisə etdikdə məlum olur ki, bankların aktivlərinin həcmi artıb. 2019-cu ilin sonunda bankların 32,72 milyard manat aktivi olub. 31 may 2021-ci il tarixinə qeydə alınan aktivlər 1,09 milyard manat (3,33 faiz) artıb. 
Kredit qoyuluşunun həcmi pandemiyadan əvvəlki dövrə çatıb. Pandemiyadan əvvəl kreditlər 14,9 milyard manat idi. Hazırkı göstərici pandemiyadan öncəki göstəricidən 200 milyon manat (1,34 faiz) azdır. Amma xalis kreditlərin həcmində artım baş verib. Belə ki, mayın sonunda xalis kreditlərin həcmi 13,5 milyard manata yüksələrək 2019-cu ilin sonunda qeydə alınan göstəricini (13,45 milyon manat) ötüb. 
Bankların nağd vəsaitlərinin də həcmində artım olub. 2019-cu ilin sonunda 1,53 milyard manat olan nağd vəsaitlərin həcmi bu ilin mayın sonunda 1,79 milyard manatı ötüb. Nağd vəsaitlərin həcmində 17 faiz artım var. 
Bankların aktivləri kimi öhdəlikləri də pandemiyadan əvvəlki dövrlə müqayisədə artıb. Pandemiyadan əvvəl 28,14 milyard manat öhdəliyi olan banklar  mayın sonunda öhdəliklərini 29,06 milyard manata çatdırıb. Öhdəliklərin artmasına depozitlərdəki artım daha çox təsir edib. Depozitlərin həcmi 21,32 milyard manatdan 22,06 milyard manata qədər artıb. 
Bu dövrdə fiziki şəxslərin depozitləri cüzi (30 milyon manat) azalıb. Ancaq pandemiyanın gücləndiyi ilk dövrlə müqayisədə təxminən 1 milyard manat artıb. Banklar cəmi kapitalını da pandemiyadan əvvəlki dövrlə müqayisədə daha çox artırıb. 2019-cu ilin sonunda 4,58 milyard manat kapitalı olan banklar 2021-ci ilin mayın sonunda kapitalını 4,75 milyard manata yüksəldib. Əsas göstəricilərdə yaxşılaşma mənfəətin artırılmasına kömək etməyib. 2019-ci ilin yanvar-may dövründə banklar 803 milyon manat faiz gəliri, 326 milyon manat xalis mənfəət əldə etdiyi halda, 2021-ci ilin yanvar-mayında faiz gəlirini 835 milyon manata çatdırsa da, xalis mənfəəti 273 milyon manat olub.  
Beləliklə, bank sektoru pandemiyanın neqativ təsirlərindən xilas ola bilib və aktiv mərhələyə keçib. Son aylarda bankların öhdəliklərini artırması bankların aktivlərinin gəlirliliyinin artmasını da tələb edəcək. Bu səbəbdən qarşıdakı aylarda bankların daha çox kredit ayırmasını müşahidə edəcəyik.
Sfera.az

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …