Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Balçılar istehsal etdiyi məhsulu niyə sata bilmir? – ŞƏRH

Balçılar istehsal etdiyi məhsulu niyə sata bilmir? – ŞƏRH

Son illərdə Azərbaycanda balçılıq təsərrüfatlarının sayı artıb. Ancaq paralel olaraq onların problemləri də çoxalıb. Əkin sahələrinə həddən artıq dərman vurulması səbəbindən arıların məhsul daşıyan zaman məhv olması, həmçinin satışın zəifləməsi, xaricdən bal idxalının artması balçıların işini çətinləşdirir. Digər bir məsələ də odur ki, hazırda dükan və bazarlarda kifayət qədər keyfiyyətsiz bal var ki, ucuz qiymətə satılır. Belə keyfiyyətsiz ballar əsasən xaricdən daxil olur. Son illərdə isə bal idxalı kəskin artıb. Təmiz yerli bal satanların isə nisbətən baha, amma keyfiyyətli məhsulunu satmaq müşkülə çevrilir.

Yerli balçılığın inkişafı üçün idxala məhdudiyyət qoyulması, yaxud ƏDV-nin artırılması mümkün ola bilərmi? Bununla Azərbaycan özü ixracatçı ölkəyə də çevrilə bilər. Çünki balçılığın inkişafı üçün Azərbaycanda, xüsusən Qarabağda çox əlverişli şərait var.

Bəs ekspertlər bu haqda nə düşünür, nə təklif edirlər?

Bədrəddin Həsrətov: “APİ-DELTA” arıçılıq turizmi sahəsində ilk addımlarını  atır - AZƏRTAC

Bədrəddin Həsrətov: “Hələ ötən ildən satılmayan ballarımız qalıb, ona görə də… ”

Mövzu ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov “Yeni Müsavat”a danışıb:

“Birincisi, həqiqətən də idxal olunan ballara bu və digər formada məhdudiyyətlərin qoyulması lazımdır. Başqa ölkələrdə bu təcrübə var, məsələn, Türkiyədə, Xorvatiyada, İsraildə, Avstraliyada və sairə. İdxal olunan ballara ya gömrük rüsumu, ya da başqa rüsumlar artırılır, ya da  limit qoyulur ki, filan qədər idxal oluna bilər və sairə.

Amma  elə ölkələr var ki, onlar ümumiyyətlə bal idxal etmirlər. Bu, mütləqdir və bununla bağlı bir neçə dəfə müraciətlər də etmişik. Hətta ölkə rəhbərliyində  bu barədə müraciət ünvanlamışdıq. Lakin hələ ki bu istiqamətdə  dəqiq addım atılmayıb, sadəcə, cavab verilib ki, kommersiyadır, məsələ açıq və sərbəstdir, ona görə də məhdudiyyət  qoymaq mümkün deyil.

Digər tərəfdən, dövlət Azərbaycan balının beynəlxalq aləmdə, dövlətlərdə tanınmasında çox böyük işlər görməli, xüsusən də beynəlxalq sərgilərdə iştirakını öz üzərinə götürməlidir. Çünki arıçılar hansısa beynəlxalq sərgidə iştirak etmək iqtidarında deyillər, yəni onların buna maddi olaraq imkanı çatmır. Əksər ölkələrdə arıçıların beynəlxalq sərgilərdə iştirakını dövlət özü bu və digər formada təmin edir. Bizdə də bu cür şərait yaradılsaydı, Azərbaycan balını dünyaya tanıdardıq və yavaş-yavaş ixraca başlayardıq. Hələ də normal ixrac yoxdur. Yəni istehsal kifayət qədər var və artmağa başlayıb. Bu il 7 min ton bal süzməyi planlaşdırırıq. Azərbaycanın tələbatı  5 min tondan bir qədər çoxdur. Bunu nəzərə alaraq deyə bilərik ki, təxminən 2 min ton balımız satılmır. Hələ ötən ildən satılmayan ballarımız qalıb. Qeyd edim ki, ötən il 6 min ton bal istehsal etmişdik”.

Bədrəddin Həsrətov qeyd edib ki, hazırda ölkədə təxminən 600 min arı ailəsi var:

“Bu il Qarabağ bölgəsinə təxminən 20 min arı ailəsi köçürülüb. Ümumiyyətlə, Qarabağda arıçılıq üçün çox gözəl münbit şərait var. Demək olar ki, Qarabağın bütün ərazilərində, o cümlədən Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Hadrut, Kəlbəcər, Laçın ərazisi arıçılığın inkişafı üçün çox əlverişlidir. Hətta hesablamalarımıza görə, ümumi Azərbaycanda istehsal olunan balın təxminən 30-40 faizi qədər oradan bal istehsal edə bilərik. Çünki qeyd etdiyim kimi, orada şərait çox gözəldir.

Olunan müraciətlər əsasında deyə bilərik ki, gələn il daha artıq arı ailəsi köçürülə bilər.

Beləliklə, Azərbaycanda bal istehsalını 10 min tona çatdırmaq mümkündür. Bu da xeyli balın satışı, valyuta gəliri deməkdir. Lakin beynəlxalq bazarlara çıxmaq üçün çox işlər görmək lazımdır”.

“Azərbaycan hazırda hansı ölkələrə bal satır” sualımıza isə Bədrəddin Həsrətov bu cür cavab verdi:

“Hazırda Avropaya bal ixrac edə bilmirik, çünki Avropa heyvan mənşəli qidaları ölkəmizdən idxal etmir. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mütəmadi olaraq bu istiqamətdə iş aparır. Artıq bu istiqamətdə müzakirələr gedir, ölkəmizə komissiya gəlir ki, bala qoyulan məhdudiyyət aradan qaldırılsın. Yəni digər heyvan mənşəli qidaların üzərindən məhdudiyyəti götürmək mümkün olmasa da, balın üzərindən götürülsün ki, nəhayət Avropa ölkələrinə bal ixrac edə bilək.

Deyə bilərəm ki, az miqdarda ərəb ölkələrinə, Yaponiyaya, hətta çox az miqdarda Amerikaya, Kanadaya bal ixrac edirik.  Lakin bunların hamısı çox kiçik rəqəmlərdir. Bu rəqəmləri genişləndirib, onları yüz tonlara çatdırmaq lazımdır ki, nəsə qazanc əldə edə bilək.

Dünyada balın satışı 2 seqmentdə olur. Birincisi adi sıradan olan ballar, hansı ki, onlar böyük sahələrdə yetişdirilir, digəri isə vəhşi təbiətdə olan ballar – premium məhsullar. Azərbaycan balı ikinciyə aid, rəfdə duracaq ballardır. Sadəcə, onu dünyada bu cür tanıtmaq lazımdır”.

İqtisadçı ekspert Pərviz Heydərov isə mövzu ilə bağlı qeyd edib:

“Bu problem təkcə arıçılıqla bağlı deyil. Ümumiyyətlə, ölkədə kənd təsərrüfatına aid yerli istehsal məhsullarının maya dəyəri yüksək olduğuna görə onların bazara çıxış imkanları məhduddur və bu səbəbdən bazarda idxal məhsullar dominant rol oynayır.  Heç kimi məcbur etmək olmaz ki, qiyməti yüksək olsa da yerli məhsula üstünlük versin.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” - Açıqlama

Pərviz Heydərov: “Əgər idxal rüsumu artırılsa, yerli istehsala məxsus balın qiyməti az qala 2 dəfə artıq baha satılmağa başlayacaq”

Əgər tutaq ki, elə idxal bal məhsulunun rüsumu artırılsa, əksinə, yerli istehsala məxsus balın qiyməti az qala 2 dəfə artıq baha satılmağa başlayacaq.

Burada həmçinin tələb və təklif məsələləri də var. Ona görə də çox istərdim ki, dövlət tərəfindən bu sahəyə diqqət ayrılsın ki, məhsullarımız satılsın.

Bal dünyada həm baha satılan, həm də tibbi nöqteyi-nəzərdən əhəmiyyətli məhsuldur. Niyə onu ixrac olunan məhsulların içində görməyək? Təbii ki, bunu arıçılıqla məşğul olan fərdi şəxs edə bilməz. Balçı maraqlıdır ki, əldə etdiyi məhsul satılsın, istər Bakıda, Lənkəranda, istərsə də Çində. Yəni onun üçün fərqi yoxdur, daha çox məhsulu satılsa, bu, onun həmin işlə məşğul olmasına daha çox sövq edəcək”.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …