Bazar , Noyabr 28 2021
Ana səhifə / İqtisadiyyat / Bal yarmarkasından arıçı da narazıdır, alıcı da + FOTOLAR

Bal yarmarkasından arıçı da narazıdır, alıcı da + FOTOLAR

Oktyabrın 20-dən etibarən Bakıda Kənd Təsərrüfatı Nazirliyinin(KTN) və Azərbaycan Arıçılar Assosiasiyasının təşkilatçılığı ilə bal yarmarkası keçirilir. Noyabrın 8-nə qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 5 ünvanında fəaliyyət göstərir.

Sayca 21-ci olan Respublika Bal Yarmarkasında 120 tona yaxın bal və arıçılıq məhsulları satışa çıxarılıb. Dünən yarmarkanı gəzib arıçılarla və alıcılarla söhbətləşdik, fikirlərini, problemlərini öyrəndik.

Satıcılar bildirdilər ki, yarmarkada iştirak etmək üçün əvvəlcə KTN-nin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində(EKTİS) qeydiyyatdan keçiblər. Minimum 25 arı ailəsi, eləcə də COVID-19 pasportu olanların iştirakına icazə verilib. Amma yarmarkaya daxil olan alıcılardan COVID-19 pasportu tələb olunmur.

Qida Təhlükəsizliyi Agentliyi(AQTA) isə satışa çıxarılan məhsulları laboratoriya şəraitində yoxladıqdan sonra yarmarkaya buraxır. Yarmarkada hər iqtisadi rayondan maksimum 40 nəfər olmaqla, ümumilikdə 250 arıçı iştirak edir. Qeyd edək ki, bir arıçı maksimum 400 kq bal və 30 ədəd arı şanı satışa çıxara bilər. Öyrəndik ki, yarmarkada əsasən Astara, Qax, İsmayıllı, Zaqatala, Balakən, Şəki, Daşkəsən, Lerik, Şamaxı və Naxçıvandan gətirilmiş bal məhsulları satılır.

Yarmarkada qələbəlik gözləsək də alıcların sayı o qədər də çox deyildi, satıclıar da bundan məyus görünürdülər. Müşahidə etdik ki, yarmarkanın keçirildiyi ərazi kiçikdir, həmçinin, yarmarkanın keçirildiyi çadırın cəmi bir giriş-çıxışının olması və sıralar arasında arəkəsmələrin olmaması alıcıların hərəkətini çətinləşdirir. Qiymətlərə gəlincə, müxtəlif rayonlardan gətirilmiş bal məhsullarının kiloqramı 20 – 50 manata təklif olunur.

Satıcılar alıcılıq qabiliyyətinin aşağı olması ilə yanaşı yaradılmış şəraitdən də narazı idilər. Adının çəkilməsini istəməyən arıçılardan biri “AzPolitika.info”nun əməkdaşına bildirdi ki, bir çox həmkarları bu yarmarkada iştirak edə bilməyib: “Səbəb yer məhdudiyyətinin olmasıdır. 10 ilə yaxındır bu yarmarkada iştirak edirəm. Əvvəllər bura 300-350 arıçı dəvət olunurdusa, bu dəfə say xeyli azaldılıb”.

Onun sözlərinə görə, hər bir sahibkar AQTA və Kənd Təsərrüfatı Nazirliyinə əvvəlcədən pul ödəyir: “Yer haqqı üçün KTN bütün sahibkarlardan 150, AQTA isə məhsulun keyfiyyətini yoxlayan zaman 20 manat pul alıb”. 400 kiloqram məhsulu olan arıçı indiyədək cəmi 4 kiloqram bal satdığını deyir. Həmsöhbətimiz Bakıda kirayə mənzil tutduğunu, nəticədə xərclərinin kifayət qədr artdığını da deyir: “Yaradılan şəraitdən razı deyiləm. Məhsulu saxlamağa yer yoxdur, burda qalan bal xarlayır. Bakı camaatı xarlanmış bal almaq istəmir. Nəticədə məhsulumuzu sata bilmirik. Həmçinin, verilən yerin az olması satış imkanlarımızı xeyli aşağı salıb”.

Astaradan 400 kilqoram bal gətirmiş arıçı Vidadi Hüseynov da deyir ki, bir çox həmkarı bu yarmarkada iştirak edə bilməyib: “Bu səbəbdən əziyyətlə hazırladıqları məhsulları əllərində qalıb. Düşünürəm ki, yarmarkada satıcıların sayını artırmaq olardı. Çünki Azərbaycanda arıçılıqla məşğul olanlar kifayət qədər çoxdur”.

Niyazi Bayramov isə Göygöl rayonunun Hacıkənd qəsəbəsindən yarmarkaya üz tutduğunu deyir. O da alıcı sayının az olmasından şikayətləndi: “180 kiloqram məhsulum var, indiyədək cəmi 8 kilo bal satmışam. Bura 400 kiloqram məhsul gətirməyin mənası yoxdur. Çünki alıcılıq qabiliyyəti çox aşağıdır”.

Yarmarkada təmiz bal axtarışına çıxan alıcıların da fikirlərini öyrəndik. Paytaxt sakini Vaqif Nemətov bildirdi ki, bazarda yaxşı bal tapmaq olduqca çətindir: “Yaxşı balı digərlərindən ayırd etməyin yolu onun ətrini hiss edə bilməkdir”.

Saleh Hüseynov isə deyir ki, bal seçimi edərkən doğru qərar vermək lazımdır. Çünki bazarda keyfiyyətsiz İran balları da satılır. Həmsöhbətimiz xatırladır ki, hər il bu yarmarkalardan bal alsa da, bu dəfə qərarsız qalıb.

KTN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Hüseynov “AzPolitika.info”nun sorğusuna cavab olaraq bildirdi ki, nazirliyin rəsmi səhifəsndə bal yarmarkasında iştirakın 150 manat təşkil etdiyi barədə əvvəlcədən məlumat verilib: “Bu məbləğ daşınmaya, yarmarkanın təşkilinə və s. işlərə xərclənib. Yarmarka hər il belə təşkil olunur. Arıçılar ödəniş edən zaman onlara qəbz verilir. Dövlət bu tədbirə vəsait ayırmadığından, yarmarka nazirliyin və arıçıların vəsaiti hesabına təşkil olunur”. AzPolitika.info

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …