Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Bakıdakı OPEK+ toplantısı neftin qiymətini artırıb – ŞƏRH

Bakıdakı OPEK+ toplantısı neftin qiymətini artırıb – ŞƏRH

Bu günlərdə Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib.

İclasda 14 neft ölkəsi və OPEC Katibliyi təmsil olunub.

İclasda OPEC-in baş katibi Məhəmməd Barkindo, OPEC-in prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak ediblər.

Tədbirə həmçinin OPEC-in üzvləri Əlcəzair, BƏƏ, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılıb.

İclas çərçivəsində keçirilən mətbuat konfransında Səudiyyə Ərəbistanının enerji, sənaye, təbii sərvətlər naziri Xalid Əbdül Əziz əl-Falih bildirib ki, cari ilin fevral ayında OPEC+ sazişi 90 faiz həcmində yerinə yetirilib ki, bu da yanvar ayına nisbətən 83 faiz çoxdur.

Tədbirdə iştirak edən bütün ölkələr yaxın aylarda könüllü şəkildə neft hasilatını azaldacaqlarını həm kollektiv halda, həm də ayrı-ayrılıqda Komitəyə bəyan ediblər.

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 milyon barel azaldılması barədə razılıq əldə edilib. Bui qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.

OPEC-in mart ayı üzrə hesabatına əsasən, bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq.

OPEK+ çərçivəsində əldə olunmuş razılaşma dünya neft bazarında qiymətlərin tənzimlənməsində nə qədər  rol oynayır? Bakı iclasının bazara təsiri oldumu? Sualları cavablandıran neft sahəsi üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Bakı toplantısında səsləndirilən bəyanatlar dünya bazarına dərhal pozitiv təsir göstərib: “Xüsusilə Səudiyyə Ərəbistanının enerji naziri tərəfindən verilən bəyanatlar bazar iştriakçıları müsbət qarşıladılar. Elə həmin gün bu, dünya birjalarında öz əks-sədasını verdi. Bu gün qiymətlərdə 1,2 dollar artım müşahidə olunur – bir barel 67,7-67,9 dollara qalxıb. Səudiyyəli nazir qeyd etdi ki, yanvar ayında OPEK+ çərçivəsində razılaşmaya 83 faiz, fevral ayında isə 90 faiz əməl edilib. Martın sonunadək bu göstərici 100 faizə çatacaq. Bu açıqlama bazarda qiymət artımına səbəb oldu”.

Картинки по запросу İlham Şaban

Mütəxəssis bildirir ki, Bakıdakı toplantı zamanı OPEK+ çərçivəsində gündəlik hasilatın 1,2 milyon barel azaldılması müddətinin 2019-cu ilin sonunadək uzadılmasına dair yekun razılaşma əldə olunmayıb: “Bildiyiniz kimi, qərar 6 aylıq müddəti əhatə edir. İyundan sonrakı dövr üçün qərarın icra müddətinin uzadılmasına dair Rusiya ilə Səudiyyə Ərəbistanı arasında razılığa gəlinmədi. Rusiyanın enerji naziri Aleksandr Novak bildirdi ki, bununla bağlı may və ya iyun ayında müzakirələr aparıb qərar qəbul etmək olar. Səudiyyə Ərəbistanı bu fikirdədir ki, bazarlarda volatillik var, proqnozlar vermək çətin olsa da, stabillik əldə edilib. Bu stabilliyi qorumaq üçün hasilatın azaldılması ilə bağlı qərarın müddətini uzatmaq daha məqsədəuyğundur. Azərbaycan da bu mövqenin tərəfdarıdır. İclasın açılışında bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov da vurğuladı. Düşünürəm ki, razılaşmanın müddətinin 2019-cu ilin sonunadək uzadılması labüddür və böyük ehtimalla, qəbul ediləcək. Çünki mövcud şərtlər daxilində OPEK+ ölkələrinin hasilatı artırması bazarda qiymətlərin sürətli enişinə səbəb ola bilər. ABŞ-da hasilat sürətlə artır. Venesuelada hasilatın azalmasını şərtləndirən siyasi faktorlar aradan qalxa bilər. Bu isə bazarda izafi təklifin formalaşmasına və qiymətlərin azalmasına gətirib çıxara bilər”.

İ.Şabanın sözlərinə görə, qiymətlərin indiki səviyyəsi dünyada neftə tələbatı artırır: “Bu ilin 2 ayında Hindistanda iqtisadi artım 7 faiz təşkil edib. Bu artım səviyyəsinə görə Hindistan dünyada birinci yerdə qərar tutub. Digər tərəfdən, Çində 6 faizdən bir qədər yuxarı iqtisadi artım baş verib. Bu iki böyük iqtisadiyyatdakı artım tələbatın da yüksəlməsinə səbəb olur və neft bazarında qiymətlərin 50 dollardan aşağı düşməsinə imkan vermir. ABŞ-da hasilatın dinamik artımı bu tələbata görə qiymətlərə azalma istiqamətində ciddi təsir göstərə bilmir. Bundan əlavə, qiymətləri sabit saxlayan daha bir faktor İrandır. ABŞ-ın təzyiqi bu ölkənin hasilatını getdikcə daha çox məhdudlaşdırır. Bütün bunların fonunda neftin qiymətini ən yaxşı halda ilin birinci yarısı üçün proqnozlaşdırmağa imkan verir. İlin ilk ayında dünya bazarında neftin orta qiyməti 60 dollar, fevral ayında 63 dollar civarında olub.  Mart ayında qiymətin 65 dollara yüksələcəyi gözlənilir. İkinci rübdə də orta qiymət 64-65 dollar olarsa, ilk yarımil üçün bu rəqəm 63-64 dollar olacaq. Bu isə həm istehlakçılar, həm də istehsalçılar üçün əlverişli bir həddir. Düşünürəm ki, bu səviyyəni saxlamaq üçün OPEK+ çərçivəsində hasilatın azaldılması qərarının müddəti daha 6 aylığa uzadılacaq”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …