Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İqtisadiyyat / Bakıda yaxın aylarda mənzillərin qiyməti necə dəyişəcək? – FOTOLAR

Bakıda yaxın aylarda mənzillərin qiyməti necə dəyişəcək? – FOTOLAR

Ekspert: “Azərbaycanda daşınmaz əmlakın qiyməti, hazırda müşahidə olunandan 20-30 faiz aşağı olmalıdır”

Bakıda artıq bir çox yerlərdə sovet dövründə tikilən ikimərtəbəli binalar sökülür. Sökülən köhnə tikililərin yerində isə hündürmərtəbəli binalar ucaldılır. Hazırda xüsusilə də Yasamal rayonu, Badamdar qəsəbəsi, Nizami rayonu ərazisində çoxmərtəbəli binaların tikintisi üzrə qızğın işlər gedir. Müşahidə etdik ki, hətta onlardan bəzilərinin tikilib, təhvil verilməsinə sayılı günlər də qalıb. Şəhər daxilində tikintilərin əksəriyyəti xüsusi proqram əsasında Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, özəl şirkətlər tərəfindən aparılır. Nazirlər Kabinetinin qərarı ilə qəzalı vəziyyətdə olan binalar sökülür, orada yaşayan sakinlərə isə başqa yerdə kirayə qalmaları üçün ödəniş olunur. Həmin sakinlərə bina hazır olduqdan sonra ev veriləcəyi bildirilir. Binanın digər mənzilləri isə ev almaq istəyən müştərilərə satılır. Bu kimi layihələr sayı getdikcə artmaqdadır. Tikintilər nə qədər sürətlə getsə də, bazara nə qədər çox mənzil təklif olunsa da daşınmaz əmlak bazarında qiymətlər yüksək olaraq qalır.

Ekspertlər hesab edirlər ki, yaxın zamanda daşınmaz əmlak bazarında hər hansı bir ciddi qiymət azalması gözlənilmir.

İqtisadçı ekspert Rəşad Həsənov musavat.com-a bildirib ki, burada bir sıra faktorlar var:
“Birincisi, onu qeyd edək ki, 2014-cü ilə qədər olan dövrdə tikinti prosesində təhvil verilən mənzillərin kvadratı daha artıq idi. Son dövrdə həm də bu sferada faktiki olaraq durğunluq hiss olunur. Ölkə iqtisadiyyatının ən çox geriləyən sahələrindən biri də məhz tikinti sektorudur. Ancaq digər bir faktoru da nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan, əhalisi orta templə artan dünya ölkələrindən biri hesab olunur. Bu baxımdan da il ərzində ölkədə təxminən 80-100 min arası mənzilə ehtiyac yaranır. Baxmayaraq ki, müxtəlif hesablamalarda dövlət qurumları bu göstəricini 30 min miqdarında müəyyənləşdirirlər, ancaq nəzərə alaq ki, ölkə ərazisində il ərzində 100 minə yaxın ailə qurulur. Digər tərəfdən isə mənzili olmayan ölkə vətəndaşlarının da sayı kifayət qədərdir. Onlar da bazarda əlavə tələb formalaşdıran tərəf kimi çıxış edirlər. Bu səbəbdən də ölkədə il ərzində yaranan mənzil tələbatı, təklifdən qat-qat üstündür. Nəticədə hazırda daşınmaz əmlak bazarında alıcılıqla bağlı ciddi durğunluq olsa da qiymətlərin son aylarda əhəmiyyətli dərəcə azalması dayanıb. Ancaq bu proses növbəti dövrlərdə Azərbaycanda əhalinin gəlirlərindən və alıcılıq imkanlarından asılı olacaq. Tikinti sektorunda bir sıra layihələr yarımçıq qalıb, onları başa çatdıra bilmirlər. Bəziləri hətta başlanğıc mərhələsində dayanıb. Əgər bu işlər yenidən bərpa edilib prosesdə iştirakçı olmasalar, növbəti dövrlərdə bazarda təklifin həcmi əhəmiyyətli səviyyədə azalacaq. Təbii ki, hazırda alıcılıq imkanının zəif olması səbəbindən, bazarda tələb də yüksək deyil. Ancaq onu da nəzərə almaq lazımdır ki, psixoloji cəhətdən Azərbaycan vətəndaşı həyatının müəyyən bir dövründə özünə fərdi ev əldə etməyə çalışır”.

Ekspert bildirib ki, sahədə əhəmiyyətli məqamlardan biri də Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən layihələrdir:
“Nəzərdə tutulub ki, gələcək illərdə bu layihə çərçivəsində ölkədə il ərzində təxminən 3 minə yaxın mənzil təklif edilsin. Bu, kifayət qədər mühüm təsis formalaşdıra , daşınmaz əmlak bazarında qiymətlərin balanslaşdırılması və hazırda bizim müşahidə etdiyimiz qiymətlərin daha da azalmasına şərait yarada bilər. Bu gün tikinti sektorunda müəyyən inhisarçılıq vardır və bu da qiymətlərin əhəmiyyətli səviyyədə azalmasının qarşısını alır. Ancaq digər tərəfdən MİDA-nın daha uyğun qiymətlərlə mənzil təklif etmək imkanları növbəti illərdə artacaqsa, bunun özü də sektor üzərində müəyyən qədər təzyiqi gücləndirəcək. Nəticədə isə yeni tikilən mənzillər daha aşağı qiymətə təklif olunacaq. Məqamlardan biri də ondan ibarətdir ki, tikililərin böyük bir qismi təxminən 2-3 il öncə başlayan layihələrdir. Bu layihələrdə isə xərc müxtəlif səbəblərdən yüksək olub. Burada obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblər ondan ibarətdir ki, həmin dövrdə işçi qüvvəsi prosesə daha bahalı cəlb olunurdu. Bununla yanaşı subyektiv səbəblər isə odur ki, bu sahədə lisenziyaların, icazələrin sayı çox idi. Bunlar da əlavə xərclərə səbəb olurdu. Eyni zamanda aidiyyəti qurumlar da çalışır ki, öz nüfuzlarını müəyyənləşdirsinlər. Bu baxımdan da qeyri-rəsmi ödəniş tələb edirdilər ki, bu da tikintinin maya dəyərini artırırdı. Lisenziyalarla bağlı qaydalara dəyişikliklərin edilməsi, yeni tikintilərə elektrik enerjisi və digər bu kimi kommunal xərclərin azaldılması maya dəyərini müəyyən qədər azaldır. Ümid edirəm ki, növbəti dövrlərdə yeni başlayan layihələrin daha uyğun və səmərəli qiymətlərlə bazarda təklif imkanları yaranacaq. Ümumilikdə Azərbaycanda daşınmaz əmlakın qiyməti, hazırda müşahidə olunandan 20-30 faiz aşağı olmalıdır. Bu gün qeyd etdiyimiz inhisarçılıq və eyni zamanda təklifin hələ də tələbə uyğunlaşmaması qiymətlərin müəyyən qədər real səviyyəyə enməsinin qarşısını alır”.

 

Həmçinin oxuyun

Suvarma şirkətini BNA ilə nə bağlayır: 3,6 milyonluq tender (SƏNƏD)

Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair …