Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Bakıda Poroşenkonun kiflənmiş konfetləri satışda

Bakıda Poroşenkonun kiflənmiş konfetləri satışda

Bakının supermarketlərindən birində satılan “Roshen” firmasına məxsus kiflənmiş “Galaretka” şokoladları ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə virtualaz.org-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə virtualaz.org saytından sözügedən məsələ ilə bağlı məlumat daxil olub və araşdırılması üçün Agentliyin aidiyyəti şöbəsinə yönləndirilib. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Məlumatda qeyd olunur ki, AQTA qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.

Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. 

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa,  bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

***

Ötən gün əməkdaşlarımızdan biri Bakının mərkəzindəki iri supermarketlərin birindən məşhur Ukrayna brendi olan “Roshen” şirkətinə məxsus “Galaretka” şokoladlı konfeti alıb. Lakin konfeti açanda məlum olub ki, məhsul xarabdır, kiflənib. Rəngi ənənəvi şokolad rəngində deyil, sarımtıl rəngə çalır, üzərində ovuntuların olması və bərkliyi onun köhnə və xarab olduğunu göstərir.

Çəki ilə satıldığından şokolad kağızının üzərində saxlanma müddəti ilə bağlı hər hansı qeyd də tapa bilmirik.  Nəzərə alsaq ki, isti yay qida zəhərlənmələri ilə aktualdır,  keyfiyyət standartları pozulmuş belə qidalar əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi ola bilər. Bəs Ukraynanın keçmiş prezidenti, “şokalad kralı” kimi tanınan Pyotr Poroşenkonun şirkətinin xarab konfetləri Bakı marketlərinin piştaxtalarına necə gəlib çıxıb?

Məsələni aydınlaşdırmaq üçün xarab konfetlərin satıldığı mağazaya üz tuturuq. Mağazanın direktor müavini, özünü Şölə xanım kimi təqdim edən qadın bildirir ki, satdıqları konfetlərin xarab olmasından xəbərsizdirlər: “Bizim mağazaya bu məhsulu “Roshen Azərbaycan” şirkəti gətirib paylayıb. Biz də konfetləri açıb baxmadığımıza görə içərisindən xəbərsizik. Xarab məhsulu vitrindən yığışdıracağıq, amma buna görə firma cavabdehlik daşıyır”, – deyə müsahib bildirir.

Mağaza rəsmisindən əməkdaşlıq etdikləri firmanın nömrəsini istəyirik. O, elə yanımızda “Roshen Azerbaijan”  firmasının ekspeditoruna zəng vurur. Dəstəyi götürən ekspeditor xanım həqiqətən xarab konfetlərin olması ilə bağlı deyilənlərlə razılaşır:“Bəli, təəssüf ki, bu partiya vurduğumuz “Galaretka” şokoladları xarab çıxıb. Əslində bu şokoladlar təzə məhsuldur və az müddətdir ki, ölkəyə idxal olunur. Amma buna baxmayaraq əhalinin diqqətini cəlb eləmişdi və yaxşı satılırdı. Təəssüf ki, son partiya xarab çıxdı. Biz özümüz də bilmirik ki, niyə belə olub. Hazırda bütün mağazalardan həmin məhsulları yığışdırmışıq,  bir bu mağaza yadımızdan çıxıb. Üzrlü sayın, biz oradan da yığışdıracağıq”, – firma rəsmisi bildirir.

Amma əməkdaş özünü təqdim etmək istəmir və dəstəyi “Roshen Azerbaijan” şirkətinin bölgə müdiri Ramin Qəhrəmanova ötürür. Lakin R. Qəhrəmanov təxminən yarım dəqiqə əvvəl açıqlama verən xanımın dediklərini təkzib edir: “Biz müştərilərə xarab mal satmırıq. Özünüz də gəlib maraqlana bilərsiniz, bizdə məhsul maksimum 21 gün qalır. Hər həftə də yeni məhsul gəlir. Mağazada müştəriyə çatdırılan xarab məhsul mağazanın saxlama şəraitinin problemidir. Biz kondisionerli maşınla ölkəyə idxal olunandan sonra maksimum 4-18 gün ərzində  məhsulu müştəriyə çatdırırıq. Müştəri qutunu açır, baxır, sonra alır”, – deyə R. Qəhrəmanov bildirir.

Bölgə müdiri deyir ki, şokoladların satıldığı iri supermarketlər heç vaxt istifadə müddətinin bitməsinə 3 aydan az qaldığı təqdirdə məhsulu qəbul etmirlər: “Onlar məhsulu alıb özlərinin saxlanc deposuna vururlar. Depoda kondisioner var, yoxdur bu artıq onların problemidir. Konfet soyuğa düşdüyü zaman dərhal rəngi ağarır. Amma bu ağarma hələ xarab olma demək deyil, çünki şokolad hələ öz keyfiyyətini saxlayır. Mən şəxsən mağazaların depolarını özüm gəzirəm.

Bizim depoya məhsul düşdüyü  günün axşamı paylanılıb. Bununla bağlı hər hansı sıxıntı olmayıb. Bizim depodan vitrinə gedən məhsulun açıb içərisinə də baxmışıq, orada da heç bir problem olmayıb. Bir çox hallarda şokoladları mağazanın transformatorunun yanına yerləşdirirlər. Məhsulun xarab olması mağazaların kondisioneri olmayan depoları, saxlanc yerləri ilə bağlıdır. Bu şokoladlar bizdən o şəraitdə çatdırılmayıb”, – Ramin Qəhrəmanov deyir.

Qeyd edək ki, supermarketlərdə xarab qənnadı məhsullarının satılması ilə bağlı bu yeganə hal deyil. Bir neçə gün əvvəl də”Veysəloğlu Yaycılı Qardaşlar” MMC-yə məxsus olan “Sweet” konfetindən də qurd çıxdığı haqda xəbərlər saytlarda yayılmışdı.

Həmçinin oxuyun

Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR

Ötən ilin dekabr ayında Böyük Britaniyada “Agro Group Ltd” adlı şirkət təsis olunub.Yeniavaz.com Böyük Britaniyanın …