Cümə , Oktyabr 7 2022
Ana səhifə / İqtisadiyyat / Bakı Rusiyadan biznesin böyük köçündən kənarda qalır – ŞƏRH

Bakı Rusiyadan biznesin böyük köçündən kənarda qalır – ŞƏRH

Ukraynaya hücumundan sonra Qərbin ağır sanksiyalarına məruz qalan Rusiyadan bir çox sektorlar üzrə biznesin və mütəxəssislərin axını baş verib. Bu axın daha çox müasir texnologiyalara əsaslanan biznes sahələri üzrə güclü olub. Ən böyük axın İT sektorunda qeydə alınıb. Rusiya müharibə başlayandan ölkədən gedən biznes subyektləri, mütəxəssislərin statistikasını açıqlamasa da, bir çox ölkələrin statistik məlumatları əsasında axının miqyasına dair təsəvvür əldə etmək olur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutublar: “Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədər bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından uğurlu yekunlaşmayıb. Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir”.

Osman Gündüz “E-tabib” mobil tətbiqinin müsbət və mənfi tərəflərindən  danışdı

 Osman Gündüz

Mütəxəssis Rusiyadan köçən İT mütəxəssislərin mühüm bir hissəsinin Ermənistana üz tutmasını ölkəmiz üçün ciddi təhlükə hesab edir: “İndi məlum olur ki, 50 000 İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana relokasiya edibmiş. Bunu Ermənistanın iqtisadiyyat naziri Kerobyan bildirib. O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20 -dən çox İT şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.  Ümumiyyətlə isə hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəaliyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib.

Onminlərlə İT mütəxəssisi Rusiyadan Ermənistana köçüb: Azərbaycan üçün  milli təhlükəsizlik məsələsi... Sitat.info

Bir müddət öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti NVİDİA da İrəvanda ofis açdı. Həmçinin “Yandex” də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı. Beləliklə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya İT mütəxəssislərin və şirkətlərin relokasiya prosesinin əsas mərhələsinin başa çatdığını düşünmək olar. Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, İT şirkətlərin, eyni zamanda xarici ölkələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır. Fikrimcə, bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşaq, hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir.

Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər. Buna görə də bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir”.

Rusiya İT ordusunun Ermənistana köçməsi faktını Prezident Vladimir Putin də Şərq İqtisadi Forumunun plenar sessiyasındakı çıxışında qeyd edib: “Əgər gedənlərə orada işləmək daha rahatdırsa, mən Rusiya biznesinin Ermənistana və Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə köçürülməsinə normal yanaşıram. Biz Rusiya biznesinin xeyrinə olan hər şeyi alqışlayırıq. Faktiki olaraq, Moskvada yaşayıb İrəvanda işləmək olar. Buna heç nə mane olmur. Çoxları artıq qayıdıblar, başa düşüblər ki, burada dəhşətli heç nə baş vermir, hər şey sabitdir. Kimsə Ermənistanda işləməyi xoşlayırsa, buyursun”.

Rusiya prezidenti əlavə edib ki, bəziləri İrəvanı yox, Bakını seçirlər, həmçinin “Qazaxıstanda çox yaxşı maliyyə zonası yaradılıb”. Rusiya dövlət başçısının sözlərinə görə, İT sektoru ilə əlaqəli biznes nümayəndələri ölkəni daha çox tərk edirlər.

Plenar iclasın moderatoru İlya Doronov Ermənistanın Rusiyadan “əmək miqrantlarının axını” ilə üzləşdiyini qeyd edərək, baş nazir Nikol Paşinyandan rusların yerli cəmiyyətə necə uyğunlaşdığını və onların ölkə iqtisadiyyatında hansı rol oynadığını soruşub. Rusiya prezidenti isə Paşinyanı qabaqlayaraq suala belə reaksiya verib: “Bağışlayın, Nikol. Siz cavab verməyə başlamazdan əvvəl demək istəyirəm ki, Rusiyaya daha çox erməni gəlib. 2 milyondan çox”.

Ermənistanda məskunlaşan 50 min rus İT mütəxəssisi... - Onlar Azərbaycan  üçün təhlükəlidir?

Rusiya biznesinin kütləvi axın etdiyi ölkələrdən biri də Gürcüstandır. Hətta iş o yerə çatıb ki,  Gürcüstan ərazisinə girişə kütləvi rədd cavabları verilməyə başlayıb. Bu barədə “Free Russia Foundation” ictimai təşkilatının Cənubi Qafqazdakı direktoru Yeqor Kuroptev danışıb. Onun sözlərinə görə, Gürcüstan bir neçə həftə öncə rusiyalılara səfər etmək üçün sərhəd nəzarətini gücləndirib, indi hər gün onlarla insanın girişinə icazə verilmir: “İstər peşənin, istər Gürcüstanda yaşamaq faktının, istərsə də kirayə ev üçün müqavilənin olmasının fərqi yoxdur. Yaşayış sənədi, iqamət icazəsi yoxdursa, başqa heç bir sənəd Rusiya vətəndaşları üçün Gürcüstana giriş zəmanəti deyil”.

Göründüyü kimi, Rusiya biznesindən, xüsusilə İT sektorundan Azərbaycandan daha çox qonşu ölkələrə üz tuturlar. Doğrudur, ölkəmizə gələnlər də var və Rusiya prezidenti də buna mənfi yanaşmadığını elan edib. Lakin qonşu ölkələrlə müqayisədə Azərbaycanı seçənlərin sayı on dəfələrlə azdır və bu fakt cəmiyyətin marağına səbəb olur.

O.Gündüzün fikrincə, böyük bir İT ordusunun Ermənistanda yerləşməsi Azərbaycan üçün ciddi təhlükələr formalaşdırır: “Qərar qəbul edənlərimizin diqqətinə bir daha çatdırıram ki, bu, ciddi, çox ciddi bir məsələdir. Baxıram ki bəziləri baş verənləri və onun nəticələrini təhlil etmək əvəzinə, bu məsələni bəsitləşdirməyə, biznes mühitlə bağlı ucuz və pafoslu çıxışlara yer veriblər, Rusiyada vəziyyətin yaxşılaşacağı ilə bu məsələyə son qoyulacağına diqqət çəkiblər. Düşünürəm ki, bu tip yanaşma olduqca qüsurludur. Burada söhbət düşmən ölkə olan Ermənistana diqqət yetirməkdən və ya aşağılamaqdan, Ermənistanın və Azərbaycanın biznes mühitinə qiymət verməkdən getmir. Məsələ tamamilə başqadır. Düşmən ölkə uzun illər boyu əldə etməyi yalnız arzulaya biləcəyi, heç xəyalına belə gətirməyəcəyi bir strateji resursu bir anda əldə edib. Qısa zamanda 50 minlik yüksək ixtisaslı İT mütəxəssis ordusu əldə edib. Bir anda hazır İT şirkətlər, sahibkarlar qazanıblar. Şübhə etmirəm ki, onlar bu insan resurslarından yetərincə bəhrələnməyə, dərhal regionda və qlobal səviyyədə üstünlük qazanmağa çalışacaqlar. Onların elə əvvəldən də dünya bazarına çıxan milyardlıq bir-iki resursları, diasporadan milyonlarla investisiya alan çoxsaylı startapları vardı.

İndi biz nə etməliyik? Gözləməliyik ki, düşmən ölkə qısa bir zamanda dövlət büdcəsini kəskin artırsın, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qursun, özünün nəhəng kadr korpusunu hazırlasın, milyardlar gətirən rəqəmsal startaplar yaratsın? Düşünürəm ki, hökumətimiz, qərar qəbul edənlər baş verənlərə ciddi yanaşmalıdır. Ciddi təhlillər, proqnozlaşdırmalar edilməlidir. Bir daha vurğulamaq istərdim ki, bu 50 000 İT mütəxəssisin Özbəkistana və ya Türkiyəyə getməsi bizim üçün bir ekonomik inkişaf, rəqabət məsələsi ola bilərdi. Amma bu qədər mütəxəssis ordusunun, sahibkarlar və şirkətlərin qısa zaman kəsiyində düşmən ölkəyə cəmləşməsi , düşünürəm ki , bizim üçün milli təhlükəsizlik məsələsidir”.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert  Rəşad Həsənovun sözlərinə görə, dünya iqtisadiyyatı dördüncü sənaye inqilabı dövrünə keçir: “Xüsusilə iqtisadiyyatda rəqəmsallaşma sürətlə artır, dijital texnologiyalar vasitəsilə yaradılan məhsulların, xidmətlərin əlavə dəyər yaratma imkanı çox yüksəkdir və bunun iqtisadiyyata qatqıları çox böyükdür. Böyük ehtimalla, 2025-2050-ci illər dijital iqtisadiyyatın formalaşmasında çox sürətli bir keçid dövrü olacaq. Əlbəttə ki, hər bir ölkə bu prosesdən özünün mövcud imkanları çərçivəsində – insan kapitalının potensialına uyğun yararlana biləcək. Bu baxımdan, bu qədər İT mütəxəssisin Ermənistana köçməsi, düzgün yönləndirmə olarsa, iqtisadiyyata böyük inkişaf potensialı yaradacaq. Xüsusilə də rəqabətli məhsul və xidmət ixracının artması istiqamətində ciddi nəticələr ola bilər. Digər tərəfdən, bu sahə yüksək əmək haqqı səviyyəsi olan sahədir, bu isə Ermənistanda orta gəlirin sürətlə artmasına gətirib çıxaracaq. Bundan əlavə, məsələyə Azərbaycanın milli təhlükəsizlik aspektindən də baxmalıyıq. Biz hələ Ermənistanla yekun sülh razılaşmasının imzalanmasına nail olmamışıq. Bu baxımdan orada revanş istəyi ilə yeni müharibənin başladılması ehtimalını kənara qoya bilmərik. Yüksək texnologiyaların inkişafı bu müharibədə heç də bizim xeyrimizə işləyən amil olmayacaq”.

Rusiya İT və digər biznes nümayəndələrinin Azərbaycana gəlməyə həvəs göstərməməsinin səbəblərinə gəlincə, ekspert bildirir ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi, İT sektorunda da ölkəmizdəki mövcud mühit cəlbedici deyil: “Azərbaycan hələ də təbii resursa dayanmış iqtisadi modelə üstünlük verir. Onun üzərində dayanmış konservativ yanaşma iqtisadiyyatın inkişafına çox ciddi problemlər yaratmağa davam edir. Bu yanaşma və mülkiyyət hüquqlarından tutmuş investisiyanın müdafiəsi, maliyyə sektorunda, bütövlükdə ekosistemin bütün sahələrindəki problemlər xarici biznesin ölkəmizə gəlməsini yumşaq desək, stimullaşdırmır. Ən adi bank hesabının açılmasından tutmuş dövlət satınalmalarındakı qeyri-şəffaflığa, məmur hegemoniyası, məmur üstünlüyünə qədər bütün çoxsaylı problemlər xarici investisiya, o cümlədən İT sektorundakı biznesin Azərbaycandan yan keçməsinin başlıca səbəbləridir. İT sektoru xarakterinə görə digər sektorlardan azadlıqlara daha çox ehtiyac duyan sektordur. Azərbaycandakı şərtlər bu sektorun sərbəst fəaliyyəti üçün səmərəli deyil”.

R.Həsənovun fikrincə, proseslər belə davam edərsə, Azərbaycan resursların tədricən azalması fonunda region ölkələri ilə müqayisədə iqtisadi üstünlüklərini itirəcək: “Aradakı inkişaf fərqi sürətlə artacaq: bu gün bu fərq 3-5 ildirsə, 2050-ci ildə bəlkə də 50 ilə yüksələcək. Bu, çox ciddi çağırışdır. Hökumət bunun qarşısını almaq üçün ən qısa müddətdə liberal iqtisadi modelə keçidlə bağlı strategiya hazırlayaraq onun icrasını təmin etməlidir”.

O.Gündüz isə təklif edir ki, ölkəmizdə rəqəmsal sektorun, İT biznesin və İT təhsilin inkişafı üçün, İT eksportun gücləndirilməsi üçün münbit şərait daha da inkişaf etdirilməlidir: “Cəlbedici vergi güzəştləri tətbiq edilməlidir.

Bu sahədə bütün maraqlı tərəflər, dövlət, biznes və vətəndaş cəmiyyəti bir araya gəlib köklü dəyişikliklərə start vermək lazımdır”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

ƏDV ləğv edilir?

“Ərzaq ƏDV-sinin ləğvindan az təminatlı ailələrdən az qala 10 dəfə çox imkanlı şəxslər qazanacaqlar. Ayda …