Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Bakı küçələrində gündüzlər işıqlar niyə yanır? – ŞƏRH

Bakı küçələrində gündüzlər işıqlar niyə yanır? – ŞƏRH

Günorta saat 14:00, Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsi. Bu küçədəki işıq dirəklərində lampalar yanır. Günəşin ən parlaq işıq saçdığı saatlarda küçədəki işıqların yanması görənləri mütləq ki, təəccübləndirir.

Bir az diqqət etsək, İstiqlaliyyət kimi digər küçə və prospektlərdə oxşar hallarla qarşılaşarıq. Bakının bəzi küçələrində gecə saatlarında qaranlıq səbəbindən tez-tez yol qəzalarının baş verdiyi, dünyanın elektrik enerjisinə qənaətlə bağlı həyəcan təbili çaldığı vaxtda paytaxtın bəzi küçələrində günorta saatlarında işıqlar hansı ehtiyacdan yanır?

Bu, ilk növbədə əlavə enerji itkisidir, həm də ekoloji baxımdan zərərlidir.

Ekoloqlar ehtiyac olmadığı halda küçə işıqlarının yandırılmasını məsləhət görmürlər. Çünki bu işıqlar ətrafa yüksək istilik verir. Qlobal istiləşmənin gündəmdə olduğu vaxtda bəzi ölkələrdə işıqlar bir dəqiqəlik söndürülür. Bununla da enerjiyə qənaətin vacibliyi bir daha diqqətə çatdırılır. Bakıda da bir neçə ildir bu ənənə yaranıb, ildə bir dəfə işıqlar axşam söndürülür.

Küçə işıqlarının 1 saat yandırılmasının nə qədər çox itkiyə səbəb olduğunu anlamaq üçün kiçik bir müqayisə aparaq.

Baki şəhərinin əksər kücə və prospektlərində 250 və ya 400 Vattlıq lampalardan və bu güclərə uyğun çeviricilərdən istifadə olunur. Əsas prospektlərdə magistral yolların hər tərəfində işıq dirəklərində hər biri 400 Vattlıq 2 ədəd lampadan istifadə olunur ki, bu kifayət qədər elektrik enerjisi deməkdir.

2016-cı ildən Tarif Şurasının qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 1 kVatt saat üçün 6 qəpikdən 9 qəpiyə qaldırılıb. Bununla da, küçə işıqlarından birinin gün ərzində bir neçə saat əlavə işləməsi ilə nə qədər artıq enerji sərfiyyatı olduğunu təxmin etmək çətin deyil. Dünyada bu gün enerjiyə qənaət məqsədilə LED lampalardan istifadə edilir. 75-100 Vattlıq bu lampalardan istifadə həm iqtisadi, həm də ekoloji baxımdan səmərəli hesab edilir.

LED lampalar isıqlanmaya yararlı və uzunömürlü olur. İstifadə olunan elektrik enerjisinin 1 kVatt saatının qiymətinin 9 qəpik olduğunu və sadə hesablama ilə gün ərzində təxminən 10 saat istismar müddətini nəzərə alsaq, onların LED lampaları ilə əvəzləməsi 6-7 dəfə qənaət, il ərzində milyonlarla iqtisadi səmərə deməkdir.

Azərbaycanda və xüsusən Bakı şəhərində küçə və prospektlərdə işıqlanma sistemlərində hazirda istifadə olunan lampaların işıq korpuslarını dəyişmədən daha qənaətcil və ekoloji təmiz LED işıqlanma sistemləri ilə əvəzlənə bilər. Bir müddət əvvəl bu məsələ gündəmə gəlsə də, hələ ki, həllini tapmır. Hələ ki, çıxış yolu mövcud lampalarla qənaət etməyi bacarmaqdır.

Millət vəkili Vahid Əhmədov ölkəmizdə bir çox sahələrdə enerji itkisinə yol verildiyini deyir:

“Düzdür, enerji istehsal edən ölkə olaraq bizdə enerji bolluğu var, buna görə də itkilər çox olur. Bu itkilərin qarşısını almaq üçün tərbirlər görülməlidir. Küçə işıqlarının gündüz saatlarında yanmaması üçün buna nəzarət edən aidiyyəti təşkilatlar – Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də yerli icra hakimiyyətləri və onların tabeliyindəki qurumlar cavabdehlik daşıyır. Dövlətin malına elə yanaşmaq lazımdır ki, əhali əziyyət çəkməsin. Ernerjidə olan bu sərfi qənaətlə istifadə etsək, xalqın rifahı daha da yaxşı olar. Bu çox ciddi məsələlərdən biridir. Təkcə elektrik enerjisi deyil, digər sahələrdə də itkilər var”.

Millət vəkili ənənəvi lampaların LED lampalarla əvəz edilməsinin doğru yanaşma olduğunu bildirib: “Bu gün bir çox insanlar fərdi şəkildə evlərində, bağlarında LED lampalardan istifadə edir. Hesab edirəm ki, bu, bütün sistemdə həyata keçirilməlidir. Bu sahəyə nəzarət edən qurumlar bu işlə məşğul olmalıdır. Dövlət büdcəsi təsdiq ediləndə qənaət məsələsi nəzərə alınmalıdır. Qənaətlə işləyən qurumlara büdcədən vəsait ayrılmalı, əks halda, qurum öz daxili büdcəsindən ödəniş etməlidir. Bu üsulun tətbiqinə ehtiyac var. Bununla yanaşı, hər kəs elektrik enerjisi, təbii qazdan istifadə edərkən onların strateji sahələr olduğunu unutmamalıdır. Sərf olunan əlavə enerjini xaricə satmaqla ölkəyə yeni avadanlıqlar gətirə bilərik. Hər bir qurum müəyyən edilmiş limiti aşmamağa çalışmalıdır. Təəssüf ki, bizdə limitdən artıq istifadə edilir”.

Ölkənin elektrik enerjisi ilə təmin edən “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a açıqlamasında bildirib ki, küçələrin işıqlandırılmasına icra hakimiyyətləri nəzarət edir.

Onun sözlərinə görə, hər hansı küçədə işıqların yanmaması və ya gündüz saatlarda yanmasına görə Bakı Şəhər İşıq İdarəsi məsuliyyət daşıyır.

İdarənin bu məsələdə mövqeyini öyrənmək üçün dəfələrlə şəhər nömrələri ilə əlaqə saxlasaq da, telefonlara cavab verən olmadı.

Bakı Şəhər İcra Hakimiyyətinin sözçücü Nailə Məmmədova sorğumuzu rəhbərliyə çatdıracağını bildirdi. Rəhbərlik sorğumuza cavab vermədiyinə görə, Bakı Şəhər İşıq İdarəsinin Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədova müraciət etdik.

Ş.Məmmədov Publika.az-a bildirdi ki, gündüz saatlarında işıqların yalnız təmir aparılarkən yandırırılır: “Gecə paytaxt küçələrinin işıqlandırılması üçün işıqlar və kabel xətləri mütəmadi olaraq yoxlanılır. Təmir işlərini isə ancaq gündüz saatlarında apara bilərik. Gündüz saatlarında bəzi küçələrdə işıqların yanması bununla əlaqədardır. Bəzən xüsusi tədbirlər zamanı küçədəki bütün işıqların yanması tələb edilir. Ona görə də təmir işləri aparılmalıdır”.

Ş.Məmmədov küçələrin işıqlandırılması üçün led lampalardan istifadə edilməsinin gələcək planda olduğunu bildirib: “Daha qənaətli lampalardan istifadə edilməsi ilə bağlı planlarımız var, lakin onun nə zaman gerçəkləşəcəyi dəqiq deyil”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …