Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / İqtisadiyyat / Bakı bazarlarında qıtlıq, Gədəbəydə narazılıq

Bakı bazarlarında qıtlıq, Gədəbəydə narazılıq

Azərbaycanda yerli kartof son 2-3 həftədir ki, kəskin bahalaşıb. Bakı bazarlarında və supermarketlərdə yerli kartof demək olar ki, yox həddindədir. Gədəbəy və Daşkəsəndə məhsuldarlıq aşağı düşüb, fermerlər ciddi zərərlə üzləşiblər. Buna görə də qış aylarında yerli kartofun paytaxt sakinləri üçün əlçatmaz olacağı gözlənilir.

Bakı bazarlarında yerli kartofun qiyməti  son 10-15 gündə  kəskin- 40-60 qəpik arası artıb. Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki “Vasmoy bazar”nda yerli kartof ümumiyyətlə piştaxtalardan yoxa çıxıb, ötən gün həmin bazara baş çəkən tanışlar deyirlər ki, “Tovuz kartofu” və “Şəmkir kartofu” yazılımış lövhələr altında əslində idxal kartof satışda idi-kiloqramı 70-90 qəpikdən. (Şəmkir və Tovuz rayonlarında becərilən kartofun satışı əsasən avqustun sonları-sentyabrın əvvəllərində yekunlaşır, bu kartof payız-qış aylarına saxlamaq üçün yararlı olmur,-red.) Bir neçə gün əvvəl isə həmin bazarda Gədəbəy kartofu görənlər olub, amma kifayət qədər baha imiş və kiloqramı 1.50-1.70 AZN-dən satılırmış.

Bazarlarda yerli kartofun kəskin qıtlaşdığı bir vaxtda rəsmi statistika bunun tam tərsini nümayiş etdirir,  bu ilin yanvar-sentyabr aylarında kartof istehsalının ötən ilə nisbətən 3,6 faiz artdığını deyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin 9 ayında da 1 milyon tona yaxın kartof yığılıb.

“Anna Koroleva” hara, Gədəbəy hara?

Gədəbəyin Slavyanka kəndindən fermer Vaqif Ələkbərov deyir  ki, quraqlıq səbəbindən bu il məhsuldarlıq hər hektar üçün bir sentnerdən də aşağı düşüb. Halbuki ötən illərdə məhsuldarlıq 9-15 sentner idi: “Tanıdığım fermerlərin hamısı ziyana düşüb, heç toxum kimi saxlamağa da məhsul olmadı. Gədəbəydə ciddi suvarma problemi var, bir çox dağ çaylarında sululuq son illərdə kəskin azalıb, dərələr quruyub, ümidimizi Allaha bağlamışıq, ya qismət deyib yola çıxırıq. Amma  il-ildən çətin gəlir, gah intensiv yağışlar, gah quraqlıq olur”, – fermer danışıb. Kəndli əlavə edib ki, illərdir kartof əkir, yalnız bu il məhsul satışa çıxara bilməyib: “Nə yığılıbsa, onu da özümüz üçün saxlayırıq…”

Kəndlilər deyirlər ki, digər kənd təsərrüfatı məhsulları kimi  Gədəbəydə məşhur olan yerli sortlardan “Telman” sortu da  sıradan çıxmaq üzrədir.  Fermerlərin sözlərinə görə, indi əksəriyyət məhsuldarlığı yüksək olan xarici sortlara üstünlük verir, hamı çalışır ki, ölçüsü böyük, xəstəliyə davamlı kartof yetişdirsin.  Slavyanka kəndindən digər fermer Firudin Əmiraslanov  deyir ki,  Rusiyadan gətirilən “Anna Koroleva” sortu alıb, amma istədiyi kimi nəticə əldə edə bilməyib.

“3 ildir məhsuldarlıq yüksək olmur. Buna görə də kartof əkin sahələrini azaltmağa məcbur oldum. Rusiyadan gətirilən “Anna Koroleva” sortunu yazda  65 qəpikdən aldım ki, bəlkə məhsuldarlıq yaxşı ola, amma o da yaxşı olmadı” – F.Əmiraslanov deyib. Onun sözlərinə görə, kəndli-fermerin güzəranı hava şəraitindən asılıdır. Davamlı yağışlar da, quraqlıq da məhsuldarlığa təsir edir.

Quraqlıq səbəbindən üstəlik məhsula gəmiricilər də zərər vurub

Fermer Yolçu Əhmədov deyib ki, suvarma suyuna çıxış imkanı olan iri fermer təsərrüfatlarında yüksək məhsul əldə edə biliblər. Ən çox  əziyyət çəkən isə fərdi təsərrüfatlarında kartof becərən kəndlilər olub.

“Maşınlarla su alıb sahəni suvarmaq mümkün deyil axı, belə olsa kartofu 2 manatdan satsaq da, xərci borcunu ödəməz. Amma elələri var ki, imkanı çatır, maşınlarla su alıb sahəsini suvarır. Ötən il məhsuldarlıq yüksək oldu, amma bolluq olduğundan qiymət düşdü. Kartofla yanaşı kələm, çuğundur da əkmişəm, ancaq sahələrdə məhsul yandı, nə götürdümsə, onu da dolanışıq üçün saxlamışıq. Bankdan kredit götürmüşəm, tək dərdim krediti ödəməkdir” – fermer danışıb.

Y.Əhmədov qeyd edib ki, bu il xərclər artıb, məsələn,  kartof becərmə mövsümündə günəmuzd işçilərə 8 saatlıq iş müqabilində  20 manat ödəyiblər: “Səpin, qazıntı, yığım, dərmanlama, texniki qulluq xərcləri çoxalıb. Sahələrdə kartofu qurd yedi, bir az da belə ziyana düşdüm”.

Gədəbəyin Hacılar kəndindən olan fermerlər isə bildiriblər ki, bu il daha çox həyətyani sahələrdə kartof əkiblər, məhsul az olub, buna görə də yığılan məhsulları saxlayırlar ki, qışda satışa çıxarsınlar: “Yanvardan tez məhsul satışa çıxarmaq sərf etmir. Rusiyada qıtlıqdı, Gədəbəy kartofu baha satılacaq”.

Tovuzlu fermer Mübariz Məmmədov isə deyib ki, bu il problem yaşamayıblar, yığılan məhsulu qapıdan kiloqramını 42-43 qəpikdən sata bilib: “Bildiyim qədəri ilə Tovuzda məhsuldarlıq yaxşı oldu, mən 40 tondan çox məhsulu bir gündə sata bildim”.

Bahalaşma Rusiya ilə bağlıdır?

Cəlilabaddan Xanlar adlı fermer isə danışıb ki, kartofun qiyməti tək Azərbaycanda deyil, Rusiyada da artıb.

“Quraqlıq səbəbindən Rusiyada kartof istehsalı kəskin azalıb, hətta elə bölgə var ki, məhsuldarlıq 80 faizədək aşağı düşüb. Hər il Rusiyadan ölkəmizə 1000-1500 vaqon kartof gətirilirdi, bazarda qiymət tənzimlənirdi.  Bu il Rusiyada qida kartofu gətirilmədi”,-fermer deyib. Əlavə edib ki, Cəlilabad kartofunu qışa saxlaya bilmirlər, üstəlik bu il quraqlıq səbəbindən kartof saxlama məntəqələrində güvələr məhsulu məhv edib: “Cəlilabadın payızlıq əkin kartofu yaxın 15-20 günə Bakı bazarına daxil olacaq.  Buna görə qiymət aşağı düşəcək”.

Fermer onu da bildirib ki, ötən il 1 hektar sahədə əkin ona 6 min 500 manata başa gəlibsə, bu il  9 min-10 min manata başa gələcək. Rusiyada toxumun qiyməti 3 dəfə artıb.

İran, Pakistan, Gürcüstanda kartof istehsal azaldı, qiymət artdı

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, Azərbaycanda kartofun qiyməti regional bazarın təsiri ilə formalaşır. Bu il əsas kartof istehsalçısı olan İran, Pakistan kimi ölkələrdə belə istehsal azalıb, həmin ölkələrin özlərində belə idxala təlabat yaranıb.

“İran kartofuna təlabat yüksəldi, qiymət ötən ilə nisbətən artdı. Nəticədə bizim ölkədə də kartof bahalaşdı. Hətta Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya kimi ölkələrdə də qıtlıq yarandı. Bu ölkələr zamanında kartof ixrac ediblər, amma bu il idxalla təlabatlarını ödəməyə məcbur oldular”, – Fikrətzadə bildirib.

Əlavə edib ki, bu ölkələrdə kartofla bağlı ajiotaj yaranıb. Azərbaycanda kartofun qiymət artımı idxal mənbələri hesabına yaranıb. Bahalaşma davam etməyəcək, yaxın günlərdə qiymət sabitləşəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisinin bu proqnozunun özünü doğrultması əhalinin xüsusən də aztəminatlı hissəsinin dolanışığı üçün birbaşa önəm daşıyır, axı indiki ərzaq bahalaşması fonunda bir çox ailələrdə kartof əsas ərzaq növünə çevrilir… virtualaz.org

Həmçinin oxuyun

“Azərbaycan neftinin “STAR”da emalı səmərəli olmaz”

“STAR” Zavodu 28 fərqli növ xam neftin testini edib, bu neft məhsullarını emal etmək qabiliyyətinə …