Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Bahalığa səbəb olan faktor – Kənd Təsərrüfatı Nazirliyinin planlaşdırılması bərbad vəziyyətdədir

Bahalığa səbəb olan faktor – Kənd Təsərrüfatı Nazirliyinin planlaşdırılması bərbad vəziyyətdədir

Son günlər Azərbaycan əhalisinin ən çox tələbatı olan kənd təsərrüfatı məhsulları soğan və kartofun qiymətinin kəskin bahalaşmasının səbəbləri daha aktiv müzakirə edilən mövzular sırasındadır. Bazarlarda deyilən məhsulların qiymətində yarıbayarı bahalaşma müşahidə olunur.

Dünəndən isə bahalaşan məhsulların sırasına kələm də daxil olub. Kənd təsərrüfatı məhsullarının satıldığı bazar və mağazalarda apardığımız araşdırma zamanı bizə dedilər ki, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir. Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Vaxtilə bütün SSRİ məkanını meyvə-tərəvəzlə təmin edən ölkənin hazırda deyilən məhsullar sarıdan qıtlıq çəkməsi təəccüblü görünür. İlk olaraq bizi bu sual maraqlandırır ki, öz gücümüzə niyə daxili bazarın tələbatını qarşılaya bilmirik? Çünki bir çox məhsulun qiymətinin qalxmasına səbəb kimi Azərbaycana deyilən məhsulların idxalına qoyulan qadağa göstərilir. Deməli, bu nəticəyə gəlinir ki, bu məhsullarla bağlı biz idxaldan asılıyıq. Başqa bir səbəb kimi isə soğanın qiymətinin Türkiyədə baha olması səbəbindən kütləvi şəkildə ora daşınması göstərilir. İran rəsmiləri isə bəzi məhsullara qoyduqları qadağanın səbəbinin heç də sırf Azərbaycanla bağlı olmadığını deyirlər. Onların sözlərinə görə, İranda çox ucuz olan həmin məhsullar İraq və digər Yaxın Şərq ölkələrinə daşındığı üçün, daxili bazarı qorumaq məqsədilə belə addım atmağa məcbur olublar. İstənilən halda, əhalinin böyük hissəsi bu məsələdə günahı Kənd Təsərrüfatı Nazirliyində görür. Bu yöndə sosial şəbəkələrdə gedən müzakirələrdən görünür ki, kəndli və fermerlərə hansı məhsulun az və ya çox əkilməsi ilə bağlı tövsiyələr verilmir, həmin istiqamətdə maarifləndirmə aparılmır. Məsələn, kəndlilər və fermerlər qeyd edirlər ki, ötən il sarımsaq və noxud sarıdan ölkədə qıtlıq vardı. Həmin məhsulların qiyməti baha olduğundan, hamı sarımsaq və noxud əkməyə üstünlük verdi. Nəticəsi isə ağır oldu. Həmin məhsullar qalıb fermerlərin əlində.

Cəlilabad rayonundan olan fermer Elbruz Mirzəyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda 15 tona yaxın noxudu sata bilmir: “Keçən il yerində 3 manata satılan noxudun kilosunu mən hazırda bir manata sata bilmirəm. Hətta bir manata satsam belə, maya dəyərini çıxarmayacaq”. Belə vəziyyətə düşən kəndli və fermerlər həddən artıq çoxdur. Çox güman ki,  soğan və kələmin qıtlığını görən kəndlilər kütləvi şəkildə həmin məhsulları əkməyə maraqlı olacaqlar. Əslində, daxili bazarda bunun nəticəsində yaranacaq bolluq bizi sevindirəcək, amma biz digər məhsulların qiymətində bahalaşmanı müşahidə edəcəyik. Təbii ki, bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən düzgün planlama və proqnozlaşma işi aparılmalıdır. Real mənzərə isə onu deməyə əsas verir ki, məhz proqnozlaşdırma və planlama işinin zəif olması belə xaotiklik yaratmış olur.

Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən belə proqnozlaşdırma və planlaşma aparılırmı?

Qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, bazardakı qiymətlərə nəzarət Prezidentin ötən il imzaladığı 1 iyul tarixli Fərmanla onlardan alınib: “Bizim Aqrar Tədqiqatlar Mərkəzi bu istiqamətdə layihə həyata keçirir. Rayonların ixtisaslaşmasını nəzərdə tutan həmin layihə çərçivəsində ilkin pilot bölgə olaraq Dağlıq-Şirvan iqtisadi zonası seçilib. Artıq bununla bağlı ilkin araşdırmanın nəticəsini Nazirlər Kabinetinə təqdim etdik. Bunun da nəticəsində müəyyən tövsiyələr ortaya çıxmış oldu. Amma nəzərə almalıyıq ki, bu, planlı iqtisadiyyat deyil. Yəni biz kəndlini və ya fermeri direktiv şəklində məcbur edə bilmərik ki, onu yox, bunu ək. Liberal bazar üçün biz ancaq maarifləndirmə ilə buna nail ola bilərik. Yəni tövsiyə edə bilərik ki, xiyar əvəzinə badımcan ək və s. Sizin dediyiniz istiqamət üzrə Aqrar Tədqiqatlar Mərkəzi araşdırmalar aparır”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu istiqamətdə işlərin sürətləndirilməsi üçün onlar  elektron məlumat bazası yaradır: “Bununda köməkliyi ilə biz hansı fermerin, hansı rayonda nə əkməsini biləcəyik. Əldə edəcəyimiz informasiyanın əsasında biz təhlillər aparacağıq. Həmin təhlillərin əsasında Strateji Yol Xəritəsində nəzərdə tutulduğu kimi, bazara tədarük intervensiyası edə biləcəyik. Bu praktika dünyanın bir çox aparıcı ölkəsi tərəfindən həyata keçirilir. Bizdə yeni ərsəyə gələn Strateji Yol Xəritəsində bu tələb var. Artıq bu istiqamətdə müzakirələr gedir ki, biz hansı formada bazara müdaxilə edə bilərik. Bunun da nəticəsində biz həm fermerlər, həm də əhali üçün stabil bazar yarada bilərik. İşimiz tam yekunlaşandan sonra bəzi qeyri-müəyyənliklər aradan qaldırılacaq”.

Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyi bizim qeyd etdiyimiz işi hələ yenicə görməyə başlayıb. Hər halda, məhz bu cür gecikmənin nəticəsidir ki, bazarda xaotiklik müşahidə olunur.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …