Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Bağlanan bankların satılan əmlaklarının pulu kimin cibinə gedəcək? – EKSPERT

Bağlanan bankların satılan əmlaklarının pulu kimin cibinə gedəcək? – EKSPERT

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır.

Ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlakları 41 lot üzrə satılacaq.

Hərraca çıxarılan daşınmaz əmlakların qiymətləri 60 min manatdan başlayayaq  450 min manata qədərdir.

Qeyd edək ki,  dördüncü dəfə hərraca çıxarılan ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evinin və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia” avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərracı 30 aprel 2018-ci il tarixində keçiriləcək.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd “VAZ-213100”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi üçüncü dəfə hərraca çıxarılıb. Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı “Ford Transit” avtomobili hərraca ikinci dəfə çıxarılıb.

İkinci və üçüncü dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 7 may 2018-ci il tarixində keçiriləcək.

Sual doğuran satışdan əldə edilən vəsaitlərin hansı istiqamətə yönəldilməsidir.

Ekspert Əkrəm Həsənov bildirdi ki, müflis olmuş bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur:

“Fondun vəzifəsi bankın bütün əmlakını pula çevirməkdir. Pula çevirmək dedikdə bankın verdiyi kreditləri qaytarmalı, eləcə də daşınar və daşınmaz əmlakını satmalıdır. Satışdan əldə edilən vəsaitlər isə növbəlilik qaydasında bölüşdürülür.

İlk növbədə Əmanətlərin Sığortalanması Fondunun xərcləri ödənilir. Çünki fond sığortalanmış əmanətləri kompensasiya edib, bu istiqamətdə xərclədiyi vəsaiti geri qaytarmalıdır. Məsələn,  Əmanətlərin Sığortalanması Fondu “Bank Standard”ın əmanətçilərinə 450 milyon manat ödəyib.

Bundan başqa, hərraclardan toplanan vəsait həm də fondun ləğvetmə prosesi ilə bağlı xərclərinin qarışlanmasına yönəldilir. Söhbət hərracların təşkili, dəftərxana, poçt, nəqliyyat,  əməkhaqqı və sair xərclərdən gedir. Elə “Bank Standard”la bağlı fond ildə 4 milyon manat xərcləyib”.

Ə.Həsənov deyir ki, Əmanətlərin Sığortalanması Fondunun xərcləri ödəndikdən sonra hərraclardan yığılan vəsait bağlanan bankın keçmiş işçilərinin əməkhaqqlarının ödənişinə sərf edilə bilər:

“Pul qaldığı halda bankın dövlət qarşısında borcları, vergi öhdəlikləri icra edilir. Sonda bankın digər borcları qaytarılır. Bura sığortalanmamış əmanətlər, hüquqi şəxslərin bank hesablarındakı vəsaitləri, Mərkəzi Bank da daxil digər maliyyə qurumlarında götürdüyü borclar daxildir.

Təbii ki bunların hamısına pul çatmayacaq. Ən azından müflis olmuş iri banklara, “Bank Standard” və “Texnika bank”da belə olacaq. Çünki bu banklarda zərər çox böyükdür.

“Bank Standard”ın bütün daşınar və daşınmaz əmlakının dəyəri cəmi 40 milyon manat dəyərləndirilib. Bankın verdiyi kreditlərin həcmi 800 milyon manatdır. Ondan 150 milyon manatının qaytarılması proqnozlaşdırılır. 40 milyon manatı da əlavə etsək, bu 190 milyon manat edir. Əmanətlərin Sığortalanması Fondunun tələbi 440 milyon manatdır.

Digər tərəfdən bankın borcu 1 milyard 200 milyon manatdır. Orda təkcə sığortalanmamış əmanətlərin həcmi 157 milyon manat təşkil edir”.

Bağlanan digər bankların borclarının həcminə gəlincə, Ə.Həsənov deyir ki, bu yöndə məlumatlar yoxdur:

“Həmin banklarda Kreditorlar Komitəsi yoxdur. Fond isə məlumatları gizli saxlayır”.

O ki qaldı, hərraca çıxarılan əmlakların nə dərəcədə bazar şərtlərinə uyğun qiymətləndirilməsinə, ekspertin sözlərinə görə, əmlaklar faktiki dəyərlərindən aşağı qiymətə dəyərləndiriliblər:

““Bank Standard”da əmlakların qiyməti KMPC şirkəti tərəfindən 1 il əvvəl qiymətləndirilib. Şəhərin mərkəzində yerləşən  40-50 milyon manatlıq qeyri-yaşayış sahələrinə bir neçə milyon manat qiymət qoyulub”. (Oxu.az)

Həmçinin oxuyun

Dezinfeksiya üçün yarım milyonluq müqavilə bağlandı – Tenderi kim “qazandı”?

Bakı Nəqliyyat Agentliyi toplam maliyyə dəyəri 542 244 AZN olan 3 müqavilə imzalayıb.  Müqavilələr “Qardaşlar …