Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Badamdarda evlər niyə ucuzlaşıb?

Badamdarda evlər niyə ucuzlaşıb?

Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yol istiqamətində baş verən torpaq sürüşməsi hadisəsi ilə əlaqədar olaraq bəzi xəbər saytları Badamdar qəsəbəsindəki villaların qiymətlərinin kəskin ucuzlaşdığını yazır.

Tikinti eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında yayılmış xəbərlərə aydınlıq gətirib.

O bildirib ki, deyilənlər şayiədir: “Bu cür şayiələr də ölkə iqtisadiyyatına ciddi zərər vura bilər. Çünki iqtisadiyyatımızın bir hissəsi tikinti sahəsindən asılıdır. Tikinti materiallarının istehsalı və satışı, ölkəmizdə və xarici ölkələrdə yaşayan vətəndaşlarımızın bu sahəyə ayırdığı sərmayələr və sair. İnsanları təşvişə salaraq, qiymətli əmlaklarını süni şəkildə dəyərdən salmaq heç də ölkəmizin xeyrinə olan bir proqnoz deyil”.

Badamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il
Badamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il

Fərzəliyevin sözlərinə görə, ucuzlaşma üçün hansısa bir yamacın sürüşməsini ciddi səbəb kimi göstərmək olmaz: “Badamdar ərazisi, əsasən, qayalıqlardan ibarətdir. Xeyli vaxtdır ki, şəhərin müxtəlif ərazilərində, həmçinin Badamdar ərazisində inşa olunmuş bahalı villaların qiymətlərində cüzi enmələr müşahidə olunur”.

Ekspert hesab edir ki, bu ucuzlaşmanın müxtəlif səbəbləri var: “Əvvəllər bahalı villaların alıcıları da çox olub. Bu səbəbdən qiymətlər süni şəkildə şişirdilmişdi. Lakin son zamanlar əmlak bazarında imkanlı şəxslər qeyri-yaşayış obyektlərini almağa üstünlük verirlər. Çünki böyük imkanlara sahib olan insanların yetəri qədər villaları və evləri var. Buna baxmayaraq, ekoloji təmiz olan ərazilərdəki villalara və torpaq sahələrinə daima tələbat olur. Artıq əksər villa alıcıları özləri əmlak bazarını əvvəlcədən analiz edərək, həmin ərazidəki torpaqların qiymətlərini və tikintiyə çəkiləcək xərcləri hesablayırlar”.

“Hazır mülklərin satış qiymətləri ilə öz apardıqları qiymətləndirmələr arasında böyük qiymət fərqi olduğu halda, bəzi vətəndaşlar torpaq sahələri alaraq öz zövqlərinə uyğun villa tikdirməyə daha çox üstünlük verirlər. Bu, həm bazar qiymətindən nisbətən ucuz, həm də alıcının öz istəklərinə uyğun olur” – deyə bildirən ekspert qeyd edib ki, bahalı mülklərin qiymətlərinin enməsini enmə kimi yox, öz real bazar qiymətlərini alması kimi desək, daha doğru olar.

Badamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il
Badamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il

O bildirib ki, əmlak bazarında torpaq sahələrinin və hazır mülklərin satışı, xüsusən mart ayından avqustun sonuna qədər olur. Digər aylarda isə, əsasən, soyuq aylarda villa və torpaq sahələrinin satışı zəifləyir. Buna görə də qiymətlərdə qısa müddətli cüzi enmələr müşahidə olunur.

Fərzəliyev onu da bildirib ki, mərkəzə yaxın ərazilərdə, xüsusən də Badamdar ərazisində villa tikintisi üçün yararlı boş torpaq sahələri, demək olar ki, çox azdır. Torpaq sahələrinin məhdud olduğu ərazilərdə isə tələbat artdıqca qiymətlərin də artması ehtimalı böyük olur: “Badamdar qəsəbəsinin mərkəzə ən yaxın məsafədə olması və ekoloji təmiz havası olması səbəbindən daima alıcıların marağında olan ərazidir. İstər bina, istərsə həyət evlərinin satışında Badamdar qəsəbəsi digər ərazilərə nisbətən həmişə üstünlük təşkil edib”.

Ekspert vurğulayıb ki, qiymətləndirmə monitorinqi aparılarsa, həmin ərazidəki mülklərin qiymətləri və ora qoyulan sərmayələr hesablandıqdan sonra Badamdar qəsəbəsinin Bakının ən bahalı və tələbatlı yer olduğu öz sübutunu tapar.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …