Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bəşər Əsəddən sensasion müsahibə

Bəşər Əsəddən sensasion müsahibə

Suriya prezidenti Qərblə barışmağa hazır olduğunu bildirir, dialoq çağırışı edir, ancaq “öncə terrora qarşı mübarizə” deyir

 
Suriya ətrafında proseslərin sürətləndiyi müşahidə olunur. Cəbhədə döyüşlər davam edir, eyni zamanda diplomatik cəbhədə fəallıq artıb. ABŞ və Rusiya diplomatları Suriya məsələsində anlaşma mesajları verirlər. 
Proseslərin aktiv fazada olduğu bir vaxtda Suriya prezidenti Bəşər Əsəd Rusiya mediasına geniş müsahibə verib. Demək olar ki, Suriya ətrafında və eləcə də dünyada baş verən hadisələrlə bağlı suallara cavab verən B.Əsəd suriyalı qaçqınlar məsələsinə görə Qərbi ittiham edib. B.Əsəd deyib ki, qaçqın problemini həll etməyin yeganə yolu terrora son qoymaqdan keçir. Suriya lideri Qərbi “ikili standartlara” son qoymağa və Suriya hakimiyyətinə qarşı əks-təbliğatı dayandırmağa çağırıb. 
Bəşər Əsəd deyib ki, Suriyadakı terror böhranının kökü İraqın işğalına gedib çıxır. Bu səbəbdən də böhranın həlli üçün ilk növbədə terrorun qarşısının alınmasının vacib olduğunu deyib. O, Suriya-Türkiyə sərhədində İŞİD-dən təmizlənmiş bölgə ideyasının da uğursuz olduğunu qeyd edib, Suriya liderinin fikrincə, terrora son qoymaq üçün onunla hər yerdə mübarizə aparıb tamamilə aradan qaldırmaq lazımdır: “Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, ABŞ və digər Qərb ölkələri terrora mübarizə apara bilməzlər, çünki eyni anda həm terrora qarşı, həm də onunla birlikdə olmaq mümkün deyil”.
Bəşər Əsəd ona qarşı istifadə edilən qeyri-legitim, diktator kimi ifadələrə son qoyulmasını istədiyini deyib, Suriya lideri deyib ki, indi suriyalılar ordudan deyil, terrordan qaçırlar.
Jurnalistlərin böhranın həlli yolları, o cümlədən müxaliflərlə birgə hökumət qurumaq imkanları ilə suallarına cavab olaraq B.Əsəd dialoq tərəfdarı olduğunu, Moskva və Cenevrə görüşlərini dəstəklədiyini deyib. O, danışıqlar prosesinin uğursuz olmasını “böhranın çox dərinə işləməsi” ilə əlaqələndirib. B.Əsədin fikrincə, böhranın həlli uzun zaman ala bilər, lakin eyni zamanda əlavə edib ki, Moskvada başlayacaq danışıqların 3-cü raunduna böyük ümid bəsləyir: “Ölkəmizin gələcəyi ilə bağlı ortaq mövqeyə gəlmək, terrorla mübarizəyə paralel olaraq suriyalı siyasi partiya və qruplarla dialoqu davam etdirməliyik”.
Ancaq eyni zamanda Əsəd deyib ki, müxaliflərlə uzlaşma əldə olunsa da, terror problemləri həll olunmadığı təqdirdə bu uzlaşma faydasız olacaq: “Uzlaşma əldə edə bilərik, amma Suriyada terrora son qoymadığımız müddətdə heç nə edə bilməyəcəyik. Yalnız İŞİD deyil, bütün terror qruplarına son qoyulmalıdır. Çox terror təşkilatı var. Bunların önündə isə İŞİD və ən-Nusra qruplaşması dayanır. BMT TŞ bu təşkilatları terror qruplaşması kimi tanıyır. Hökumətin bölüşdürülməsinə gəlincə, ilk başdan bunu qəbul edən müxalifətin bir qismini hökumətə gətirdik. Bir neçə il əvvəl bəzi müxaliflər hökumətdə təmsil olundular”.
Qərbə terrorçuları dəstəkləməyi dayandırmağa çağıran Əsəd Avropanın “bir gözü” ilə qaçqınlara ağladığı, o biri gözü ilə nişan alırlar: “Qərb Suriyadakı olaylar barədə əvvəlcə “dinc etirazlar”, sonra “dinc müxalifətin aksiyaları” dedi, indi isə İŞİD və ən-Nusra qruplaşmalarından danışır. Ancaq yenə də Suriya hökumətini və prezidentini ittiham edir. Bu təbliğat kampaniyası davam edir. Məsələ Avropanın nə qədər qaçqın qəbul etməsində deyil, problemin səbəblərini ortadan qandırmaq lazımdır. Problem bundadır”.
Bütün qüvvələri terrora qarşı birləşməyə çağıran Bəşər Əsəd deyib ki, daha əvvəl Suriyada orduya qarşı savaşan bəzi qruplar hazırda onlarla birləşib terrorçulara qarşı savaşır. Bəşər Əsəd Moskva-3 və Cenevrə-3 danışıqlar prosesini dəstəklədiklərini deyib və eyni zamanda Rusiyanın rolunu tərifləyib. Eyni zamanda əlavə edib ki, nüvə anlaşmasından sonra Tehranın bölgədə daha aktiv rol alacağını və böhranın həllində yaxından iştirak edəcəyini gözləyir. İranla 35 illik bir münasibətlərinin olduğunu xatırladan Əsəd hazırda da Tehranla etimada əsaslanan müttəfiqliyinin olduğunu və Tehranın Dəməşqi siyasi, iqtisadi və hərbi sahədə dəstəklədiyini deyib.
Misirlə əlaqələrinə toxunan Əsəd deyib ki, Qahirə ilə əlaqələri hətta “Müsəlman Qardaşlar” hakimiyyəti dönəmində də kəsilməyib: “Mursiyə rəğmən Misirin bəzi dövlət qurumları əlaqələri minimumda da olsa davam etdirməkdə israr edirdi. Birincisi, misirlilər Suriyada nə baş verdiyini bilirdilər. İkincisi, indi bizim savaşımız ortaq düşmənə qarşıdır. Çünki hazırda terrorizm Liviya, Misir, Yəmən, Suriya, İraq və bəzi başqa ölkələrə yayılıb. Hətta Əfqanıstan və Pakistanda. Bu mənada hazırda Misirlə ortaq mövqeyimizin olduğunu deyə bilərəm. Ancaq hazırda əlaqələrimiz yalnız təhlükəsizlik qurumları səviyyəsindədir. Siyasi, diplomatik əlaqələrimiz yoxdur. Aramızda sağlam əlaqələrin olmaması üçün Qahirəyə təzyiq göstərilir”.
 
Bəşər Əsəd Suriyada savaşan, hökumətə qarşı olan qruplarla dialoqa hazır olduqlarını, yalnız İŞİD, ən-Nusra və bu kimi radikal qruplarla əməkdaşlıq etməyəcəklərini deyib: “Kiminlə dialoq quracağıq? Bu çox mühüm sualdır. Biz ilk gündən dedik ki, terror təhdidini zəiflədib sabitlik yaradacaq hər cür dialoqa hazırıq. Əlbəttə, bu siyasi qüvvələri də maraqlandırır. Bəzi siyasi qüvvələrlə dialoq apardıq, anlaşma əldə etdik. Bu anlaşmalar nəticəsində bəzi problemli bölgələrdə sabitliyə nail olduq, sülh yarandı. Bəzi yerlərdə yaraqlılar Suriya ordusuna qatıldı. Yəni biz İŞİD, ən-Nusra və onlara bənzəyən qruplar istisna olmaqla bütün digər qüvvələrlə dialoq aparırıq. Bunun da səbəbi çox sadədir. Çünki onlar terror ideologiyasına əsaslanırlar. Bunlar dövlətə qarşı çıxan qüvvələr deyil, onlar terror fikirləri ilə yetişdirilirlər. Bu səbəbdən də onlarla dialoq heç bir fayda verməz”.
Bəşər Əsəd hazırda Rusiya, İran və İraqla yaxından əməkdaşlıq etdiklərini deyib. Suriya ordusunun davam edən 4 illik savaş dövründə zəiflədiyini, ancaq eyni zamanda xalqın orduya dəstəyinin artdığını, xalqın orduya inamının gücləndiyini bildirib. Əsəd 4 il yarımlıq savaşın ordunun təcrübəsini artırdığını deyib. Eyni zamanda İŞİD-ə qarşı əməliyyatlarla bağlı ABŞ ordusu ilə aralarında koordinasiya olmadığını bildirib. Bəşər Əsəd deyib ki, bütün bunlardan sonra Qərblə əməkdaşlıq etməyə hazırdır. Sitat: “Birincisi, bu şəxsi məsələ deyil. Ölkələr arası münasibətlərdən danışanda şəxsi etibardan deyil, mexanizmdən danışmaq lazımdır. Etibar fərdi bir hissdir, onu siyasi münasibətlərə aid etmək olmaz. Mən 23 milyonluq Suriya vətəndaşına cavabdehəm, digəri isə bir başqa ölkədə milyonlardan cavabdehdir. Milyonlarla insanın taleyini iki nəfər arasında münasibətə, etibara bağlamaq olmaz. Əgər mexanizm varsa, o zaman etimad da olacaq. Amma şəxsi deyil, başqa bir etimad. İkincisi, hər bir siyasətçinin, hökumətin, baş nazir və ya prezidentin əsas vəzifəsi xalqı və ölkəsinin yaxşılığı üçün çalışmaqdır. Əgər bir görüşmək, əl tutmaq Suriya xalqının faydasına olacaqsa, xoşuma gəlməsə də onu edərəm”.
Əsəd deyib ki, bir ölkənin başçısı ABŞ prezidentinin çağırışı ilə postunu tərk edə bilməz. Bununla da Qərbin çağırışlarını diqqətə almadığını bir daha qeyd edib. Həmçinin o, Qərb ölkələrinin Suriyanın suverenliyindən imtina etməsinə çalışdıqlarını deyib.
Bəşər Əsəd Suriyada baş verənlərin Qərbin, eləcə də region dövlətlərinin siyasi oyunları olduğunu bildirib:“Qərb 1980-ci illərdə Əfqanıstanda “azadlıq mücahidləri” adlandırdığı terrorçulara dəstək verdi. Sonra İraqda 2006-cı ildə ABŞ-ın himayəsi altında İŞİD yaradıldı və Vaşinqton heç bir şəkildə bir təşkilata qarşı mübarizə aparmadı. Bütün bu faktorlar, əlavə olaraq Qərbin dəstəyi, Qatar, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin maliyyə dəstəyi, Türkiyənin təchizatı ilə Suriyada üsyanın başlaması üçün şərtlər formalaşdırıldı. Xüsusən də Ərdoğanın Müsəlman Qardaşlardan olduğu və Suriya, İraq, Misir kimi ölkələrdə vəziyyət dəyişərsə yeni səltənət qurulacağına inandığını diqqətə alsaq hər şey aydın olur. Təbii ki, Osmanlı deyil, Müsəlman Qardaşlara aid bir səltənət. Ərdoğanın rəhbərliyi altında Atlantik okeandan Aralıq dənizinə qədər yayılacaq bir səltənət. Bütün bu faktorlar bölgəni bu günkü duruma gətirdi. Bir daha təkrar edirəm: Səhvlərimiz, uğursuzluqlarımız oldu, ancaq bunlar əsl səbəblər deyil. Əks təqdirdə, bu inqilablar nədən demokratiyanın nə olduğunu bilməyən Səudiyyə Ərəbistanı kimi körfəz ölkələrində olmur?”.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın