Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / İqtisadiyyat / “AzerGold”dan 230 milyonluq tender udan şirkət Talıbovun ortağının imiş…

“AzerGold”dan 230 milyonluq tender udan şirkət Talıbovun ortağının imiş…

“AzerGold” QSC Daşkəsən rayonunda qızıl tərkibli filizlərin flotasiya texnologiyası ilə zənginləşdirilməsi zavodunun tikintisinə dair müqavilə imzalayıb. O, şirkətin bütün fəaliyyəti dövründəki mənfəətindən baha başa gələcək. Müqavilə bir il əvvəl “Maqro Construction” MMC ilə imzalanıb. Bildirilib ki, sənəd “Çovdar” qızıl yatağının işlənməsinin ikinci, sulfid mərhələsinin həyata keçirilməsi ilə bağlı mühəndis-tikinti işlərinin həyata keçirilməsini, habelə materialların tədarükünü nəzərdə tutur. Burada kömürün yuyulması (CIL) texnologiyasından istifadə ediləcək: Bu, aktivləşdirilmiş karbonla pulpadan metalı adsorbsiya edərkən qızıl və gümüşün siyanid məhlulları ilə yuyulması prosesidir. Məlumatı “AzerGold”un Mətbuat xidmətindən təsdiqləyiblər.

“Hasilat sənayesi və əlvan metallurgiya müəssisələrinin tikintisi sahəsində təcrübəsi olmayan podratçı heç bir müsabiqəsiz seçilib. “AzerGold” QSC-nin təqdimatı ilə Azərbaycan Prezidenti İlham Əliyev 2 fevral 2022-ci il tarixində “Maqro Construction” MMC ilə 135,7 milyon ABŞ dolları (ƏDV daxil olmaqla) və ya 230 milyon 690 min manat məbləğində xüsusi əhəmiyyətli əqdin bağlanmasına razılıq verib. Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə açıqlanıb. Qiymətli kağızların emitenti kimi “AzerGold” xüsusilə mühüm əməliyyatlar haqqında məlumatları dərc etməyə borcludur.    

“AzerGold” QSC bu layihənin icrasının hansı mərhələdə olduğu barədə məlumat vermir.

Daşkəsən rayonunun şimal hissəsində eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Şirkət 2017-ci ildən bu mədənin işlənməsi ilə məşğuldur. Həmin vaxtdan bəri yatağın potensialı dəfələrlə yenidən qiymətləndirilib. Hələ 2016-cı ildə mədənin çıxarıla bilən qızıl ehtiyatları 179 000 unsiya olaraq qiymətləndirilirdi. “Lakin 2018-2019-cu illəri əhatə edən əlavə kəşfiyyat işləri nəticəsində yatağın hər iki (oksid və sulfid) fazasında çıxarıla bilən qızıl ehtiyatları 534 000 unsiyaya qədər artırılıb”, – “AzerGold” rəhbərliyi 2023-cü ilə qədər bildirib. Amma 2021-ci ildə şirkət yatağın ehtiyatlarının 527 min unsiya olması haqqında məlumat yaymışdı. İndi şirkət bu məlumatları bir daha “yeniləyib” və iddia edir ki, “Çovdar” mədənlərindən çıxarıla bilən qızıl ehtiyatları 561 min unsiya təşkil edir.

2021-ci ilin avqustunda yatağın birinci fazası, oksid fazası üzrə işlər başa çatdırılıb. Nəticədə yatağın oksid fazasından 243 355 unsiya qızıl hasil edilib. Beləliklə, 2030-cu ilə qədər yeraltı mərhələnin həyata keçirilməsi 318,1 min unsiya qızılın çıxarılmasını nəzərdə tutur.

“Çovdar” yatağının işlənməsinin oksid fazasında da qəribə bir hal var. Yuxarıda qeyd edildiyi kimi, qiymətli, əlvan və qara metalların kəşfiyyatı və işlənməsi üzrə dövlət şirkəti olan “AzerGold” bu mərhələnin başa çatdığını elan edir. Bununla belə, o, 2022-ci ilin aprel ayında “Çovdar” filiz emalı sahəsində 4-cü topa aşındırma sahəsinin tikinti-quraşdırma işlərinə dair müqaviləni “Maqro Construction” MMC-nin Azərbaycan filialına təqdim edib. Bu layihə “kasıb” süxurların emalı zavodunun tikintisini nəzərdə tutur. Dövlət elektron satınalmaları vahid portalı vasitəsilə dərc olunan məlumata görə, işlərin 21 dekabr 2023-cü il tarixinədək yekunlaşdırılması nəzərdə tutulub. Bu müqaviləyə əsasən, “Maqro Construction” şirkətinin filialına 40 milyon 757 min manat (təxminən 24 milyon dollar) ödəniləcək. “AzerGold”un kasıb filizləri zənginləşdirməklə hansı fayda gözlədiyi barədə məlumat verilmir.

Maliyyə hesabatlarına əsasən, “AzerGold”un 2017-2021-ci illər üzrə ümumi gəlirləri “Çovdar” yatağının əvvəlki istismarçılarından əldə edilmiş satışa hazır ehtiyatlar, habelə digər qızıl tərkibli və digər yataqların işlənməsi nəzərə alınmaqla, 448 milyon 664 min ABŞ dolları təşkil edib. “AzerGold” 2017-2019-cu illərdə keçmiş xarici podratçı şirkətlərə “aktivlərin əldə edilməsi”, o cümlədən müqavilə yataqlarının istismarı hüququ üçün 158 milyon dollar ödəyib. Bu illər ərzində “AzerGold”un xalis mənfəəti bu məbləğdən daha aşağı – 129 milyon 156,6 min dollar təşkil edib.

“Maqro Construction” MMC-yə gəlincə, o, 2013-cü ilin oktyabrında Tbilisidə (Gürcüstan) təsis edilib. Bu ölkədə şirkət mülki obyektlərin tikintisi ilə məşğuldur: binalar, yol infrastrukturu layihələrini icra edir. Bakıda “Maqro Construction” şirkətinin filialı 2021-ci ilin may ayında açılıb. Şirkətin yeganə təsisçisi Emin Uçardır. Türkiyə vətəndaşı olan iş adamı Azərbaycanda məşhur “Gəmiqaya” şirkətlər qrupuna nəzarət edir. Onun adı bu il “Arkoz” olaraq dəyişdirilib.

2022-ci ildə Gürcüstanın “Maqro Construction” şirkətinin filialı Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC ilə (49 milyon 476 min manat) və Quba rayonundakı tarixi-etnoqrafik “Xınalıq” qoruğunda qəzalı vəziyyətdə olan fərdi yaşayış binalarının (4 milyon 397,6 min manat) təmir-bərpa işləri üzrə Dövlət Turizm Agentliyi ilə müqavilələr imzalayıb. Maraqlıdır ki, hər iki dövlət satınalma təşkilatının müsabiqə komissiyaları digər şərtlərlə yanaşı, iddiaçılardan bu fəaliyyət sahələrində təcrübənin olmasını tələb edirdilər. Lakin “Maqro Construction” MMC-nin belə təcrübələri barədə ictimaiyyət üçün açıq məlumat yoxdur”, – məlumatda deyilib.

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adının dəyişdirilərək “Arkoz Holdinq” olması barədə məlumat vermişdik. “Arkoz Holdinq” də türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub. Turan.az

Həmçinin oxuyun

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

Bu mövsümdə Nərə balığının qiyməti iki dəfə bahalaşıb.Neftçala rayonundan Qaynarinfo-ya verilən məlumata görə, hazırda dünyada …