Azərbaycan iqtisadi modelini dəyişir
Bu addım Azərbaycan iqtisadiyyatının ən mürəkkəb və uzunmüddətli problemlərindən birinin həllində dönüş nöqtəsi ola bilər
Ötən həftə Prezident İlham Əliyev 2027-2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramının hazırlanması barədə göstəriş verib. Bu addım Azərbaycan iqtisadiyyatının ən mürəkkəb və uzunmüddətli problemlərindən birinin - qeyri-neft sektorunun əsas sahəsində dayanıqlı inkişafın təmin olunmasının həllində dönüş nöqtəsi ola bilər.
Ölkə zəngin mineral-xammal bazasına malik olsa da, onilliklər ərzində dərin emal zənciri qurmaq və yüksək əlavə dəyərli məhsulların ixracını təşkil etmək mümkün olmayıb. Yeni qərarın məntiqi göstərir ki, artıq məqsəd təkcə hasilatı artırmaq deyil, “xammal - emal - hazır məhsul” tam istehsal zəncirini formalaşdırmaq, ixracı genişləndirmək və resurslardan daha səmərəli istifadə etməkdir.
Eyni zamanda sahədə institusional dəyişikliklər də həyata keçirilir. “Azərbaycan Alüminiumu” ASC-nin aktivləri “Azəralüminium” MMC-yə ötürülür, ləğv olunan qurumun borcları isə büdcə və ya digər qanuni mənbələr hesabına bağlanacaq. Bu, dövlətin sektoru vahid və idarəolunan sistemə çevirməyə çalışdığını göstərir.
Fərmana əsasən proqram dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələri nəzərə almalı, onların dövlət tərəfindən dəstəklənməsi mexanizmlərini əhatə etməlidir. Proqramda “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün “xammal-emal-son məhsul” dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 (yüz min) tona çatdırılması; alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 (əlli min) tona çatdırılması üçün tədbirlər də yer almalıdır.
Hazırda hasilat sənayesində əsas pay yenə neft və qazın üzərinə düşür, metallurgiya və digər faydalı qazıntıların payı isə çox aşağıdır. Halbuki qlobal trendlər - xüsusilə enerji keçidi - mis və alüminium kimi metallara tələbatı sürətlə artırır.
Qeyd edək ki, son 20 ildən çox müddətdə Azərbaycanda metallurgiya sənayesinin inkişafına nail olmaq üçün çoxsaylı sənədlər imzalanıb, müəssisələr yaradılıb. Lakin bu sahədə fəaliyyətlər real nəticəyə varmayıb, yaradılan müəssisələrin əksəriyyətinin fəaliyyəti səmərəsiz olaraq qalıb. Azərbaycan, xüsusilə Daşkəsən rayonundakı Zəylik yatağı hesabına dünyanın ən böyük alunit ehtiyatlarına malik ölkələrdən biridir (Çindən sonra 2-ci). Bu yataq SSRİ dövründə alüminium, kalium gübrəsi və sulfat turşusu istehsalı üçün əsas xammal bazası olub.
Daşkəsəndəki dəmir filizi ehtiyatları da Sovet İttifaqının ən böyük ehtiyatlarından olub.
Belə böyük bazaya baxmayaraq, alüminium məmulatlarının ixracı sahəsində irəliləyişlər istisna olmaqla, metallurgiya məhsulları istehsalı və ixracı istiqamətində əldə olunan göstəricilər Azərbaycanın mövcud potensialından qat-qat aşağıdır.
Rəsmi məlumatlara əsasən 2025-ci ildə ölkədən 242,4 milyon ABŞ dolları dəyərində 85,1 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikası göstərir ki, bu, 2024-cü illə müqayisədə dəyər ifadəsində 23 faiz, həcm baxımından isə 17,2 faiz çoxdur.
Bu ilin yanvar-fevral aylarında isə Azərbaycandan 42 milyon ABŞ dolları dəyərində 12,9 min ton alüminium və ondan hazırlanan məmulatlar ixracı qeydə alınıb. Bu ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,4 milyon ABŞ dolları və ya 37,4 faiz, həcm baxımından isə 2,5 min ton və yaxud 24 faiz artıb.
İxraca yönəldilən alüminimdan hazırlanan aralıq məhsullar - lövhələr, çubuqlar və sairdir. Son məhsulların istehsalı və ixracı isə demək olar ki, yoxdur. Nəticədə ölkə belə məhsulları xaricdən idxal etməyə məcbur qalır. Təkcə bu ilin yanvar-fevralında bu idxala 24,028 milyon dollar xərc çəkilib.
Statistika Komitəsinin məlumatına görə, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2026-cı ilin yanvar-fevral aylarında 231,0 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 1,9 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 20,5 faiz azalma müşahidə olunub. İki ayda hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 71,8 faiz azalıb. Artım alüminium məmulatları istehsalı sahəsindədir. İki ayda Azərbaycanda 11 min 771 ton alüminium məmulatları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz çoxdur. Bu il martın 1-nə ölkədə 3 min 729 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 50 min 893 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 23 faiz azdır.
Ağır metallurgiya, xüsusilə Daşkəsən dəmir filizi yataqlarının işlənməsi sahəsində problemlər indi-indi aradan qalxmağa başlayır. Belə ki, yataqda fəaliyyət göstərən Daşkəsən Filizsaflaşdırma ASC 2016-cı ildə Prezident tərəfindən özəlləşdirməyə açıq elan olunsa da, bu, baş tutmayıb. Son nəticədə ASC 2020-ci ildə ləğv edilərək "AzerGold" QSC-nin balansına verilib. "AzerGold"dan verilən məlumata görə, yataq üzrə mineral ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində sahə üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon ton olaraq qiymətləndirilib.
2020-ci ildə “AzerGold” tərəfindən törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilərək, fəaliyyətə başlayıb: “Dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi də daxil olmaqla, yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb, nəticədə "Daşkəsən" yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69 faizdək dəmir tərkibli konsentrat və 97 faizədək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Əldə edilən məlumatlar əsasında beynəlxalq nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə həm texniki, həm də iqtisadi məqamları əhatə etməklə yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq edilib".
2025-ci ilin sentyabrında “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən “Azerbaijan Metal Company” MMC birgə müəssisəsi təsis olunub. Müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarı üzrə fəaliyyət göstərəcək. Şəmkir rayonu ərazisində tikiləcək zavodun 2029-cu ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Açıqlanan məlumata görə, müasir və ekoloji baxımdan təhlükəsiz texnologiyaların tətbiqi ilə həyata keçiriləcək layihənin ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dolları təşkil edir. Sözügedən layihə çərçivəsində ÜDM-ə illik 694 milyon ABŞ dolları həcmində töhfə gözlənilir və təqribən 1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.
Ötən ilin noyabrında Çinin paytaxtı Pekin şəhərində “Azerbaijan Metal Company” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında zavodun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanması üzrə müqavilə imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 ABŞ dolları təşkil edir. Layihə çərçivəsində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi Şəmkir rayonu ərazisində inşası planlaşdırılan isti briketlənmiş dəmir zavodunun tikintisi və istismarı üçün əsas mərhələ hesab olunur.
Beləliklə, ölkənin əsas ixrac məhsulu olan neft hasilatının sürətlə azalması Azərbaycan hökumətini qeyri-neft sahəsində real addımlar atmağa sövq edir. Hökumətin ağır metallurgiya sahəsində son məhsula hədəflənməsi kifayət qədər iddialı plandır. Lakin tərəfdaş kimi seçilən xarici şirkətlərin reputasiyası bu planların icrasının baş tutması imkanını qat-qat artırır. Belə ki, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə müxtəlif sənaye layihələrini icra edib.
Ümumiyyətlə, son illərdə Çin sənaye şirkətləri Mərkəzi Asiya və Cənubi Qafqazda metal yataqlarının hasilatı sahəsinə külli miqdarda investisiya yatırırlar. Təkcə Qazaxıstanda Çin şirkətlərinin iştirakı ilə 2024-2026-cı illərdə 17 milyard dollarlıq belə investisiya layihələrinin icrasına başlanıb. Azərbaycanın bu prosesdən bəhrələnərək öz ehtiyatlarından son məhsul istehsalına nail olması üçün yaranan fürsətləri dəqiq dəyərləndirməsi son dərəcə mühüm hadisədir.
“Yeni Müsavat”