Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azad Suriya Ordusu Türkiyə tanklarının dəstəyi ilə irəliləyir

Azad Suriya Ordusu Türkiyə tanklarının dəstəyi ilə irəliləyir

Son məlumatlara görə Azad Suriya Ordusunun dəstələri Türkiyə tanklarının dəstəyi ilə Cerablus bölgəsinin Kekilce kəndini İŞİD terrorçularından təmizləyib.

Kənd Türkiyə sərhədindən 3 kilometr məsafədə yerləşir.

Hazırda Cerablusda şiddətli döyüşlər gedir. Gözlənilir ki, Cerablus qəsəbəsinin özünün təmizlənməsində Azad Suriya Ordusunun döyüşçüləri iştirak edəcək. Türkiyə tankları isə onlara dəstək verəcək.

Azad Suriya Ordusunun dəstələrinin Cerablusa doğru irəliləmək üçün Kekilce kəndi ətrafında möhkəmləndiyi bildirilir.

*   *   *14:07

Son məlumatlara görə Türkiyə tanklarının Suriya sərhədini keçməsindən sonra İŞİD-in nəzarətindəki Cerablus qəsəbəsində döyüşlər gedir. Sərhədin bu tayından baş verənləri izləyən jurnalistlər qəsəbədən tank atışlarının eşidildiyini deyirlər. Cerablusda olan bir Türkiyə vətəndaşı isə telefonla qohumuna bildirib ki, tankların sərhədi keçməsindən sonra İŞİD yaraqlıları qaçmağa başlayıb.

Əməliyyatlara Azad Suriya Ordusunun 2 minlik dəstələri də qatılıb. Həmin qüvvələrin Türkiyə istiqamətindən Suriyanın içərilərinə doğru 3 kilometr irəlilədiyi və Kekilce kəndini mühasirəyə aldıqları bildirilir. Azad Suriya Ordusu hücumda məqsədin Cerablus bölgəsini azad etmək olduğunu bəyan edib. Türkiyə ordusunun Suriya ərazisində gedən döyüşlərdə itki verib-vermədiyi məlum deyil. Lakin sərhədin bu tərəfində PKK yaraqlıları ilə döyüşlərdə azı 4 əsgər həlak olub.

PKK-nın sərhədin Türkiyə tərəfində fəallaşması təsadüfi deyil. Çünki Türkiyənin Suriyaya quru müdaxiləsində əsas məqsəd YPG və PYD kürd birliklərinin Fırat çayını keçərək birləşməsi, nəticədə Türkiyə ilə sərhədi nəzarət altına almasına imkan verməməkdir. Çünki Suriyanın şimalındakı Menbiç qəsəbəsi YPG qüvvələrinin nəzarətinə keçəndən sonra kürdlər Cerablusu da İŞİD-dən azad etmək üçün irəliləməyə başlamışdı.

Əgər bu plan baş tutsaydı PYD-nin nəzarətindəki Afrin bölgəsi ilə YPG-nin nəzarətindəki ərazilər birləşəcək, nəticədə Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədinin hamısı kürdlərin nəzarətinə keçəcəkdi. Hansı ki, rəsmi Ankara buna yol verməyəcəyini dəfələrlə bəyan edib. Kürdlərin Suriyanın Türkiyə ilə sərhəd bölgələrini ələ keçirməməsi üçün vaxtilə İŞİD-ə dəstək verib.

*   *   *12:34

Türkiyə ordusunun tankları bu gün səhər saatlarından etibarən başlayan artilleriya hazırlığının və hava zərbələrinin ardınca Suriyanın Cerablus bölgəsini İŞİD terrorçularından təmizləmək üçün sərhədi keçib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Sözçü” qəzeti hərbi qaynaqlara istinadən yazıb. “Fırat Qalxanı” kod adı altında keçirilən hərbi əməliyyat çərçivəsində Türkiyə təyyarələri Kekilcə və Cerablus bölgəsindəki hədəflərə zərbələri davam etdirir.

Tank birlikləri Bakı vaxtı ilə saat 12.00-d sərhəd xəttini keçməyə başlayıb. Əməliyyatın məqsədi Cerablus bölgəsini İŞİD-dən təmizləmək və eyni zamanda Suriyanın şimalında YPG v PYD kürd birliklərinin qüvvələrinin birləşdirilməsinə imkan verməməkdir.

Əməliyyatlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək verir. Hələb bölgəsində Suriya ordusunun hücumlarına dəstək verən Rusiya hələlik Türkiyənin müdaxiləsini şərh etməyib.

*   *   *11:13

Türkiyə silahlı qüvvələrinin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava dəstəyi ilə Suriyanın şimalındakı Cerablus bölgəsini İŞİD terrorçularından təmizləmək üçün bu gün səhərə yaxın başlatdığı irimiqyaslı hərbi əməliyyatlar davam edir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, güclü artilleriya hazırlığından sonra Cerablus bölgəsindəki İŞİD hədəflərinə hava zərbələri endirilib. Əvvəlcədən müəyyən edilmiş 12 hədəfin hamısının vurulduğu bildirilir.

Hərbi mənbələr Türkiyə ordusunun qurudan Suriya ərazisinə daxil olduğunu təsdiqləmir. Lakin bildirilir ki, tankların və digər texnikanın sərhədi keçməsi üçün buldozerlər yol açır. “Reuters” isə öz mənbələrinə istinadən Türkiyə xüsusi təyinatlı qüvvələrinin artıq Cerablus bölgəsinə daxil olduğunu bildirir. Xüsusi təyinatlı qüvvələrin komandanı, general Zekai Aksakallı əməliyyata komandanlıq edir.

Cerablus bölgəsi Hələb vilayətinə daxildir və Türkiyə ilə bilavasitə sərhəddə yerləşir. Neçə vaxtdır ki, İŞİD həmin bölgədən Türkiyənin sərhədyanı yaşayış məntəqələrini minomyot və top atəşinə tuturdu.

Son məlumatlara görə Türkiyə tankları sərhədin sıfır nöqtəsində mövqe seçib və artilleriya hazırlığı tamamlanandan sonra Cerablusa daxil olması gözlənilir. Ehtimal ki, əməliyyat Rusiya ilə razılaşdırılıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın