Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İqtisadiyyat / Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi: Ekspertlər bu yolları göstərir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi: Ekspertlər bu yolları göstərir

“Azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın formalaşması bu gün həyata keçirilən iqtisadi siyasətin əsas səbəblərindən biridir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqindən danışarkən deyib. Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən təsdiq olunmuş “2030: sosial iqtisadi inkişafa dair  Milli prioritetlər”də də gizli iqtisadiyatın məhdudlaşdırılması, eyni zamanda liberal iqtisadiyyatın genişləndirilməsi əsas  prioritetlərdən biridir:

“Bu baxımdan növbəti dövrlərdə də bu istiqamətdə islahatların davam etdiriləcəyi gözlənilir. Dünya Bankının duin-biznes hesabatı həm də azad iqtisadiyyat, eləcə də iqtisadiyyatın liberallaşdırılması baxımından bir konsepsiya rolu oynaya bilər. Nəzərə alaq ki, hesabatın fəlsəfəsi prosedurların, eləcə də tələb olunan zamanın ölçüsündə azalmalar, yəni günlərin sayının azalmasından ibarətdir. Artıq bu istiqamətdə Azərbaycan ciddi islahatlar aparır. Xüsusən də duin-biznesdə yerimizin möhkəmlənməsi də bundan xəbər verir. Duin-biznesdə nisbətən geri qaldığımız istiqamətlər üzrə islahatların dərinləşməsi və azad sahibkarlığın bu konteksdən dəstəklənməsi məqsədəuyğun olardı. Eləcə də bizim apardığımız monitorinqlər göstərir ki, bu gün əsas çətinliklərdən biri sahibkarların kredit resurslarına çıxış imkanlarının məhdud olmasıdır. Eyni zamanda, kredit strukturunun balansında məhz uyğunsuzluğun müşahidə olunmasıdır, belə ki, hazırda ölkə üzrə kredit potfelinin 80%-i Bakının, cəmi 20%-i regionların payına düşür. Ona görə də bu, bir başa onunla bağlıdır ki, sahibkarların, xüsusən də azad sahibkarların girovlar səbəbindən kredit resurslarına çıxış imkanları məhduddur. Girov mexanizminin təkmilləşdirilməsi, kredit faizlərinin əlçatan olması vacibdir ki, azad sahibkarlar həmin kreditlərdən istifadə edib öz inkişaflarını genişləndirə bilsin. İqtisadiyyatın genişləndirilməsi çox önəmlidir. Bu konteksdən məşğulluğun dəstəklənməsinə və məşğulluq haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Bu istiqamətdə 2021-ci ildə proseslər sürətlənir və güman olunur ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq. Çünki qanunvericilik bazasında tam olaraq formalaşması liberal iqtisadiyyatın, azad sahibkarlığın dəstəklənməsi baxımından vacib istiqamətlərdən biri kimi xarakterizə olunur. Bu gün həyata keçirilən islahatların növbəti mərhələdə dəstəkləməsi qanunvericiliyin təkmilləşdirilməsi bütövlükdə azad və liberal iqtisadiyyatın formalaşması ilə bağlı hədəflərə nail olunmasına imkan yaradacaq”.
Bank sektorunda ciddi islahatlara ehtiyac var
İqtisadçı ekspert Natiq Cəfərliyə görə, Azərbaycanda liberal iqtisadiyyat, ümumiyyətlə, bazar iqtisadiyyatı institutlarının çatışmazlığı rəqabətli mühitin yaranmasına ciddi təsir göstərir:

“Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında ən böyük maneələrdən biri iqtisadiyyatın institutlaşmamasıdır. Məsələn, qiymətli kağızlar bazarı, birjalar yoxdur. Klassik anlamda səhmdar və səhmdar cəmiyyətləri yoxdur ki, dünyanın müxtəlif ölkələrində olduğu kimi, kiçik və orta sahibkarlar səhmdar cəmiyyətə çevrilib, öz səhmlərini sata, əlavə vəsait cəlb edə və daha çox inkişaf edə bilsinlər. Rəqabətsizlik mühiti ən böyük problemlərdən biridir. Neçə illərdir ki, rəqabət məcəlləsi qəbul edilmir. Ümumiyyətlə, rəqabətlə bağlı ölkədə ciddi problemlər var. Ölkədə iri holdinqlərin dominantlığı var, kiçik və orta sahibkarlığın inkişafında ən böyük maneələrdən biri məhz rəqabətsizlik mühitidir. Üçüncüsü, bu, birbaşa məsələ deyil, amma hər halda iqtisadiyyata da ciddi təsir göstərən amillərdən biri dünyada ədalətli və tez çalışan məhkəmə sistemidir. Bu da liberal bazar dəyərlərinin oturuşması üçün əsas fəaliyyətlərdən, institutlardan biridir. Bundan başqa, Azərbaycanda bank sektorunda da ciddi islahatlara ehtiyac var ki, kiçik və orta sahibkarlıq üçün ucuz krdeitlərə çıxış imkanları genişlənsin. Bu, çox vacib məsələdir. Çünki ucuz kreditlər olduqda və digər iqtisadi institutlar da normal çalışanda kiçik və orta sahibkarlığın inkişafı, böyüməsi, yeni iş yerlərinin yaradılması, istehsal sahələrinin genişlənməsi üçün imkanlar da çox olur. Bir çox institutsional dəyişikliyə ehtiyac var ki, Azərbaycanda liberal bazar dəyərlərinin və bazar iqtisadiyyatının oturuşması üçün şərait, investisiya mühiti yaxılaşsın, xarici kapitalın axınına imkan verilsin. Yəni, daha çox gəlir gəlsin, rəqabətli mühit daha çox genişlənsin. Bütün bunlar – həm idarəetmə ilə, həm iqtisadiyyat məsələləri ilə bağlı problemlər öz həllini tapmalıdır ki, kiçik və orta sahibkarlar üçün daha yaxşı şəraitin yaradılmasının şahidi ola bilək”.   Biznes ombudsmanı institutu yaradılmalıdır
İqtisadçı ekspert Nazim Bəydəmirli hesab edir ki, liberal bazar iqtisadiyyatı dedikdə ilk olaraq istənilən insanın fikrinə gələn rəqabət və rəqabət mühitinin təmin edilməsidir:

“Rəqabət mühiti yoxdursa, bazar iqtisadiyyatı yoxdur, liberal dəyərlər işləmir. Burada nə azad sahibkarlıqdan söhbət gedir, nə vətəndaşların rifah halının yüksəlməsindən, nə də hüquqlarının qorunmasından. Rəqabət həm idarəetmədə, həm siyasətdə, həm iqtisadiyyatda, bir sözlə, hər yerdə vacib və lazımdır. Bunun təşviq edilməsi üçün təbii ki, hökumətlər müxtəlif yollar seçib. Sovet İttifaqı dağılandan sonra ilk qanunvericilik aktlarından biri 1992-ci ildə qəbul olunmuş antiinhisar fəaliyyəti haqqında qanundur. Orada dövlətin inhisarçılığın aradan qaldırılması  üçün hansı addımları atacağı, iqtisadiyyata necə nəzarət etəcəyi bir başa göstərilir. Bu qanun yenə də qüvvədədir. Ancaq təəssüf ki, Azərbaycanda məmur sahibkarlığı inkişaf etdirilir. Çünki dövlət vəzifələrinə təyin olunanlar heç də həmişə hər hansı bacarıq və savadına görə yox, yəni rəqabət mühitində deyil, daha çox qohumbazlıq, regionçuluq, yerlibazlıq, korrupsiya və rüşvətlə təyin olunurlar və addım başı biz bunları görürük. Əlində dövlət resurslarını əlində cəmləmiş şəxslər həm də böyük sahibkarlara çevrilirlər. Beləliklə, onlar da öz vəzifələrindən sui-istifadə edərək azad olmayan iqtisadi bazarımızı daha da məhdudlaşdırırlar. Bununla da sahibkarlığa çox ciddi ziyan vururlar. Ona görə Azərbaycanda orta təbəqə formalaşmır. Hansı ki, orta təbəqənin formalaşmasından ölkənin rifah halı müəyyən olunur. Orta təbəqələr nə qədər çoxdursa, iqtisadiyyat bir o qədər rəqabətlidir, iqtisadiyyat inkişafa meyillidir və digər amillər var ki, onlar vergi gəlirlərinin hesablanmasında, sosial dövlətin inkişında öz rolunu göstərir. Nə etməli? Rəqabət təmin edilməlidir. 
İndiki vəziyyətdə mənim verdiyim təkliflərdən biri biznes ombudsmanı institutunun yaradılmasıdır. Əməldə sahibkarlığın qaldırılan problemləri, çətinlikləri ictimai nəzarət baxımından həyata keçirmək, eyni zamanda Prezident Yanında Sahibkarlıq Şurasının yaradılması və Sahibkarlıq Şurasında təbii ki, real sahibkarlar və kiçik və orta sahibkarların təmsilçilərinin təmin olunmasıdır… Bu baxımdan ilk növbədə dövlət öz məmurlarına sahib çıxmalıdır və bu məmurları sahibkarlıqdan uzaqlaşdırmalıdır. Qeyri-rəsmi sahibkarlıqla məşğuldurlar. Bütün dövlət orqanlarının rəhbərləri və bunlara yaxın olan şəxslər müxtəlif vəzifələrdən öz şəxsi vəsaitləri kimi istifadə edirlər. İctimai nəzarətin bir forması da azad mətbuatın, azad məhkəmənin olmasıdır. QHT və vətəndaş cəmiyyəti institutlarının inkişafını, azad fəaliyyətini təmin etmək lazımdır. Bu da məmurun sahibkarlıqdan ayrılmasından keçir, onların korrupsiya qanunvericiliyinə uyğun olaraq gəlir və əmlak deklorasiyasına məcburi əməl edilməsindən keçir”.

Həmçinin oxuyun

Azərbaycanda bu maşınların gömrük rüsumu ləğv olunmalıdır

Sentyabrın 15-dən etibarən Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” markalı benzin növlərinin qiymətində artım baş …