Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlılar Türkiyədə niyə ev alır? – ŞƏRH

Azərbaycanlılar Türkiyədə niyə ev alır? – ŞƏRH

Son illər azərbaycanlılar tərəfindən Türkiyənin iri və kurort şəhərlərində daşınmaz əmlaka marağın artması müşahidə edilir. Bu, xüsusilə Türkiyə parlamentinin 2015-ci ildə Mülkiyyət Qanununa etdiyi dəyişiklikdən sonra baş verib. Məlum dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları yalnız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Türkiyənin istənilən şəhərində daşınmaz əmlak sahibi ola bilər.

Türkiyənin Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 128 mənzil alıblar. Bu isə ötən ilin eyni ayları ilə müqayisədə 19 mənzil çoxdur.

Bəs azərbaycanlılar Türkiyədə niyə ev alır?

“Azərbaycanlılarda investisiya mədəniyyəti formalaşmağa başlayıb”.

Bunu İnsider.az-a açıqlamasında iqtisadçı Əli Əhmədov bildirib.

“Onlar başa düşürlər ki, ölkədən kənarda, orada yaşamadan da əmlaklarını idarə edə bilərlər. Bu baxımdan azərbaycanlılar xarici ölkələrdən əmlak almağa etibar edirlər. Pul yatırmaq istəyən azərbaycanlı investorlar vəsaitlərini diversifikasiya edirlər.

Türk lirəsinin devalvasiyası Türkiyədəki evlərin qiymətində ucuzlaşmaya səbəb oldu. Bu isə azərbaycanlılar üçün Türkiyədə əmlak alqısını daha cəlbedici edib. Ötən il Türkiyə-qərb münasibətlərinin kəskinləşməsi fonunda xarici əmlak sahiblərinin əksəriyyəti Türkiyədəki mülklərini satıb getdi. Bu da azərbaycanlı investorlar üçün ev almağa yeni imkan yaratdı.

Türkiyənin bəzi bölgələrindəki turizm obyektləri (xüsusilə də Antalya) azərbaycanlılar üçün maraqlı investisiya növünə çevrilib. Əvvəllər azərbaycanlılar daha çox İstanbulda (tələbələr, ora tez-tez səfər edənlər) ev alırdılarsa, hazırda biznes qurmaq üçün İstanbula, eyni zamanda digər şəhərlərə gedirlər.

Azərbaycanlılar Türkiyə ilə yanaşı, Çexiya, Almaniya, Monteneqro, Ukrayna və Rusiyanın paytaxtında mənzil almağa üstünlük verirlər. Onların əksəriyyəti həmin ölkələrdə yaşayan və oranın vətəndaşlığını qəbul edən  soydaşlarımızdır”.

Bəs Azərbaycanın daşınmaz əmlak bazarında vəziyyət necədir?

2018-ci ilin təxminən avqust ayına qədər tikinti mənzil bazarında qiymət artımı qaçılmaz olacaq. Bunu İnsider.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

“İlkin mənzil  bazarında son 3 aya yaxındır ki, hər ay az da olsa qiymət artımı qeydə alınır. Bu isə maya dəyəri-tikinti xərclərinin artımı ilə bağlıdır. Xüsusilə də, pilot layihə çərçivəsində həyata keçirilən tikinti xərclərinin artımı qiymətə təsir edir. Onlarda tikintinin maya dəyəri digər tikintilərə nisbətən yüksək olduğundan satış qiymətini də yüksək təyin edirlər. Bu da son nəticədə bazara təsir edir. Tikintinin həyata keçirildiyi əsas zonalar da qiymətlərə təsirini göstərir. Son 2 ayda tikinti materialları bazarında, xüsusilə də idxal olunan materiallarda qiymət artımı müşahidə edilir.

Qiymət artımı paytaxtın xüsusilə daxili hissəsində – Nərimanov rayonu, Yasamal rayonu, Nəsimi rayonu ərazilərində nəzərə çarpır. Mənzillərin hər kvadratmetri 1500-1800 manata satılır. Orta qiymət isə təxminən 1600 manatdır”, – deyə N.İbrahimov bldirib.

Ekspertin sözlərinə görə, təkrar mənzil bazarında isə qiymət artımı yoxdur.

“İlkin mənzil  bazarında əhəmiyyətli qiymət artımı qeydə alınıb. Torpaq bazarında da mövsümi ayların gəlişi ilə bağlı olaraq az da olsa artım var. Amma kommersiya obyektləri bazarında qiymət artımı yoxdur. Hələ ki stabillikdir. İlin sonundan etibarən qiymət artımı nəzərə çarpa bilər”, – deyə ekspert qeyd edib. (İnsider.az)

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …