Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı “şeyxlər” İstanbulda milyonlarla dollarlıq toy sifarişləri verib

Azərbaycanlı “şeyxlər” İstanbulda milyonlarla dollarlıq toy sifarişləri verib

Neftin ucuzlaşması və gələn ilin büdcəsinin gəlirlərinin 5 milyard dollara yaxın az proqnozlaşdırılması azərbaycanlı zənginlərin büdcələrinə təsir etməyib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, azərbaycanlı zənginlər özlərinə yeni maraqlı əyləncə kəşf ediblər. Bu dəfə onlar İstanbulda büdcəsi milyonlarla dollar təşkil edən toylar sifariş edirlər.

Belə ki, Türkiyə toy turizmi üçün Yaxın və Orta Şərqdən, habelə Hindistandan olan zənginlərin son vaxtlar daha çox üstünlük verdiyi ölkələrdən biridir. Hindistanlı zənginlər son vaxtlar tez-tez Türkiyədə öz milli ənənələrinə uyğun toylar sifariş edirlər.

Turizm Media Qrupunun qurucusu Volkan Ataman deyir ki, gələn il İstanbulda hər birinin büdcəsi 8-10 milyon dollara qədər çıxa bilən hind toyları keçiriləcək və bu toyların səs-küyə səbəb olacaq.

Volkan Ataman Hind toylarının Orta Şərqin zənginlərinin Türkiyəyə axınına səbəb olacağını deyib. Onun sözlərinə görə, Hindistandan ötən il bir çox zəngin müştərilər İstanbulda öz milli ənənələrinə uyğun toy sifariş ediblər. Gələn il üçün isə azı 10 hind toyu üçün sifariş alınıb. Bu toyların hər birində 2-3 min adamın iştirak edəcəyi, büdcəsinin isə 8-10 milyon dollar olacağı gözlənilir.

Toy turizmi üçün İstanbulu seçən müştərilər arasında Səudiyyə Ərəbistanı, Azərbaycan və Qazaxıstandan olanlar üstünlük təşkil edir. Onlar hərəsinin büdcəsi azı 1 milyon dollar və daha çox olan 50-dən çox toy sifariş veriblər. Söhbət “Min bir gecə” nağıllarını xatırladan dəbdəbəli toy mərasimlərinin təşkilindən gedir.

Xatırladaq ki, azərbaycanlı zənginlər dəbdəbəli toylar üçün təkcə Türkiyəni seçmirlər. Bu yaxınlarda virtualaz.org xəbər vermişdi ki, Azərbaycandan olan bir zəngin Fransanın Lacivərd sahillərində dəbdəbəli toy sifariş verib. O, dünyanın ən məşhur şəxsləri – milyarderlər və estrada ulduzları, şahzadələr və bir günlük əyləncəyə milyonlarla avro xərcləyən biznesmenlər üçün dəbdəli toy mərasimləri təşkil edən məşhur britaniyalı prodüser Sara Heyvudun müştərisidir.

Sara Heyvud dünyanın çox zəngin adamlarına xidmət göstərən ən məşhur prodüserdir. Onun prodüser qrupu adı “Fortune 500” siyahısında (dünyanın ən məşhur və ən zəngin adamlarının reytinqi) olan şahzadələrə və estrada ulduzlarına, milyarderlərə xidmət göstərib.

Sara Heyvudun yaxın aylarda toy sifarişi aldığı müştərilərdən biri də Azərbaycandandır. Həmin müştəri Fransanın Lacivərd sahillərində yerləşən Sen-Trope kurort şəhərində toy sifariş verib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın