Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın ÜTT-yə üzvlüyü kənd təsərrüfatına necə təsir edə bilər?

Azərbaycanın ÜTT-yə üzvlüyü kənd təsərrüfatına necə təsir edə bilər?

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Azərbaycanın bu quruma üzvlüyünün ölkənin kənd təsərrüfatına potensial təsirləri ilə bağlı sənəd hazırlayıb.

Araşdırmada ÜTT-nin kənd təsərrüfatı ilə bağlı yanaşması gözdən keçirilir. Bildirilir ki, ÜTT-yə qəbul zamanı ölkələrin statusu fərqləndirilir və bəzi şərtlər də bu statusla əlaqələndirilir. Bu şərtlərə, əsasən tarif güzəştlərinə keçid dövrü (bazara çıxış), kənd təsərrüfatında daxili və ixraca olan  subsidiyaların həcmi daxildir. Bazara çıxış ÜTT üzvləri tərəfindən ticarətdə tarif və qeyri-tarif maneələrinin azaldılmasını nəzərdə tutur.

Bildirilir ki, Azərbaycanın ÜTT-yə üzv olması tənzimləmə, əqli mülkiyyət, investisiyalar sahəsində beynəlxalq standartlara cavab verməyən qanunların daxil olduğu qanunvericiliyin təkmilləşdirilməsi ilə birbaşa bağlıdır. ÜTT-yə qəbul Azərbaycanın ticarət siyasətinin proqnozlaşdırılmasına, şəffaflığın artırılmasına və beynəlxalq tərəfdaşlarla ticarətin artırılmasına imkan verəcək.

Araşdırmada həmçinin Azərbaycanda kənd təsərrüfatı istehsalının cari vəziyyəti araşdırılıb. Hesabatda qeyd olunur ki, son bir neçə ildə kənd təsərrüfatı məhsullarında genişlənmə müşahidə olunsa da, istehsalı əhəmiyyətli dərəcədə artırmaq üçün şərait uyğun deyil.  Kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı, neft sektorunun ümumi iqtisadi artımda təsirinin xüsusilə gücləndiyi 2000-2010-cu illər ərzində 16,1 faizdən 5,5 faizə enmişdir. 2010-2020-ci illər ərzində isə kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı 5,5 faizdən 6,7 faizə yüksəlmişdir. (Pandemiya dövründə isə bu göstərici geriləyərək 5.9 faizə düşmüşdür.)

Araşdırmanın sonun hissəsində nəticə və tövsiyələrə yer verilib. Burada qeyd edilir ki, Azərbaycanda kənd təsərrüfatı sektorunun istənilən qədər inkişaf etməsi ölkənin bu sahədəki potensialının tam gerçəkləşməsinə əngəl olur.

Hesabatda vurğulanır ki, ÜTT-yə üzvlük istiqamətində aşağıdakı addımların atılması tövsiyə edilə bilər:

Ölkədə biznes mühitinin liberallaşdırılması və rəqabət mühitinin yaxşılaşdırılması

Ölkəyə xarici birbaşa investisiyaların cəlb edilməsi məqsədi ilə təşviq mexanizmlərinin hazırlanması və xarici investisiyaların qorunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi

İqtisadi qərarların, xüsusilə də, gömrük və vergi siyasəti sahəsindəki qərarların qəbulunda iştirakçılıq artırılmalı, sahibkarların fəaliyyətinə təsir imkanı olan qərarların qəbulunda onların iştirakçılığı təmin edilməlidir

İqtisadi fəaliyyətin idarəedilməsi ilə məşğul olan dövlət qurumlarında, eləcə də, sahibkarlar arasında ÜTT-yə üzvlük və bu üzvlükdən sonra tətbiq ediləcək yeniliklərlə bağlı maarifləndirmə işləri aparılmalıdır.

İdxal olunan məhsullarla rəqabət imkanlarının məhdud olduğu və zəif inkişaf etmiş kənd təsərrüfatı sahələri ilə  bağlı xüsusi siyasət mexanizmlərinin, proqramların hazırlanması

Araşdırma sənədi ilə ətraflı şəkildə buradan tanış ola bilərsiniz: Ümumdünya Ticarət Təşkilatı və Azərbaycanın kənd təsərrüfatı

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …