Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın buğda idxalından qurtula bilməməsinin 5 səbəbi – ŞƏRH

Azərbaycanın buğda idxalından qurtula bilməməsinin 5 səbəbi – ŞƏRH

Koronavirus pandemiyasının təsiri ilə qlobal ərzaq bazarında başlayan bahalaşma davam edir. Əgər 2021-ci ilin ortalarına qədər bahalaşma əsasən şəkər, süd, yağ və digər ərzaq məhsullarını əhatə edirdisə, ötən ilin iyulundan bəri bu proses taxıl, xüsusilə buğda ilə bağlı daha sürətli xarakter alıb.

Qısa müddətdə buğdanın bir tonunun qiyməti 220 dollardan 340 dollara qədər yüksəlib. Analitiklərə görə, dünya buğda bazarında bu vəziyyət sonuncu dəfə 2008-ci ilin qlobal maliyyə böhranı zamanı müşahidə olunub. O zaman da taxılın bir tonunun qiyməti 300-350 ABŞ dolları civarını keçərək bəzən qısamüddətli olaraq 400 dollara yaxınlaşıb. Və ən azı yaxın 6 ayda bu prosesin davam edəcəyi, bir sıra ölkələrdə kəskin un və çörək qıtlığının yaranacağı gözlənilir.

Taxıl bazarında qiymət yüksəlişinin əsas səbəbi aparıcı istehsalçı ölkələr olan ABŞ, Rusiya, Avstraliya, Kanada, Avropa İttifaqında qlobal iqlim dəyişikliklərinin təsiri ilə istehsalın azalmasıdır.

Məlumdur ki, Azərbaycan buğda ilə özünütəminat səviyyəsinə görə dünya ölkələri arasında orta yerlərdən birindədir. Hazırda dünyada buğda ilə özünü təmin edən ölkələrin sayı 30-a çatmır. Öz əhalisinin istehlakından 6 dəfə çox buğda istehsal edən Latviya, yerli istehlakdan 2-4 dəfə çox istehsalı təmin edən Litva, Bolqarıstan, Kanada, Estoniya, Argentina, Avstraliya, Rumıniya, və nəhayət, istehlakdan 1-2 dəfə çox istehsalı olan Fransa, ABŞ, Moldova, Ukrayna, Qazaxıstan, Rusiya, Slovakiya, Macarıstan, Almaniya, Danimarka, İsveç, Finlandiya, Çexiya, Xorvatiya, Polşa, Paraqvay, Pakistan, Hindistandan kənarda, qalan 160-dan artıq ölkə tələbatı az və ya çox dərəcədə idxal hesabına ödəməyə məcburdur. Qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 faiz, Azərbaycanda 58 faiz, Koreya, Kolumbiya, Oman, Qətər, Küveyt, Tailand kimi ölkələrdə isə sıfır faizdir.

Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehlak edən ölkələr sırasındadır. Belə ki, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir – ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir.  Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, çörək və sair un məhsullarının istehsalına 2020-ci ildə 1 milyon 26 min 670 ton un istifadə edilib. Bu, adambaşına 102,667 kiloqram deməkdir. Daha 841 465 ton un isə ərzaq məhsulu kimi istifadə olunub.  2020-ci ildə Azərbaycanda 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir.  Adambaşına un istehlakı isə 84,4 kiloqram təşkil edir.

Firdovsi Fikrətzadə: Kənd təsərrüfatı məhsulları üzrə ixracı artırmağın  əsas yolu emal sənayesi vasitəsilə mümkündür - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 Firdovsi Fikrətzadə

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin dediyinə görə, Azərbaycanda ildə ərzaq üçün 2.4 milyon ton, yem üçün 500 min ton, toxum üçün 140 min ton buğda istifadə olunur. Ümumilikdə, ölkədə buğdaya cəmi tələbat 3.2-3.3 milyon tondur. Mərkəz rəhbəri qeyd edir ki, Azərbaycanda 650 min hektar sahədə buğda əkilir, bir hektardan məhsuldarlıq 31.4 sentnerdir və orta hesabla, ildə 1.9 milyon ton buğda istehsal olunur: “Tələbatı qarşılamaq üçün ölkəyə 1.3 milyon civarında ton buğda idxal olunur, bununla da buğda ilə özünütəminetmə səviyyəsi 59-60 faiz təşkil edir. Müstəqillik dövründə dövlət dəstəyi tədbirləri sayəsində Azərbaycanın buğda ilə özünütəminat səviyyəsi 30 faizdən 60 faizə qaldırılıb”.

F.Fikrətzadə qeyd edir ki, Azərbaycanın özünü buğda ilə tam təmin edə bilməməsinin bir sıra səbəbləri var: “İlk növbədə onu xatırladım ki, bizim torpaq resurslarımızın həcmi o qədər də geniş deyil. Buğda istehsalında öndə gedən Rusiya, Kanada, ABŞ, Qazaxıstan, Avstraliya və s. bunu daha çox geniş torpaq sahələrinin hesabına edirlər. Digər məqam – iqlim şəraitimiz də keyfiyyətli buğda istehsalına imkan vermir. Mütəxəssislərin rəyi ondan ibarətdir ki, may-iyun aylarında bizim əsas buğda yetişən regionlarda kəskin istilər düşür, bu da bitkinin dən dolması mərhələsi başa çatmadan qurumasına səbəb olur. Bu, həm məhsuldarlığı azaldır, həm də məhsulun keyfiyyətinə mənfi təsir edir. İqlim uyğunsuzluğu ilə yanaşı, su resurslarında da ciddi problemlər var. Elektron kənd təsərrüfatı informasiya sistemindəki qiymətləndirmələr onu göstərir ki, ümumi buğda əkinlərinin təqribən 38 faizi dəmyə ərazilərdə həyata keçirilir, 64 faizi formal olaraq suvarılan hesab olunur. Bu 64 faiz suvarılan ərazilərin 43 faizində ciddi su problemləri mövcuddur, bu da ümumi buğda sahələrinin 26 faizini təşkil edir. Beləliklə, 38 faiz dəmyə, 26 faiz isə suvarma problemləri olan ərazilərdir. Yəni bizim 64 faiz buğda əkinimiz suvarma problemləri olan və ya suvarma olmayan ərazilərdə həyata keçirilir ki, buna görə də bizim məhsuldarlığımız orta hesabla 31-32 sentner təşkil edir”.

Azərbaycanda buğdanın spesifik istehsal strukturu var: “Yerli buğda ölkəni 98 faiz ətlə və 96 faiz südlə təmin edən heyvandarlıq təsərrüfatlarının yem bazasını təşkil edir. Qlobal buğda bazarında ötən ilin iyun ayında yaranan böhrana qədər yerli fermerlərin istehsal etdikləri buğdanın qiyməti idxal edilən ərzaqlıq buğdanın qiymətindən yüksək olub. Bu səbəbdən iqtisadi şərtlər fermerləri yem tələbatlarına uyğun olaraq, buğda istehsal etməyə yönəldir. Ölkənin kənd təsərrüfatı sektorunda buğda istehsalı ən aşağı mənfəətli sahə hesab olunur. Məsələn, buğdanın bir hektarından orta hesabla 400-600 manat mənfəət əldə etmək olur. Qarğıdalıda bu göstərici 1 200-1 500 manat, yoncada 1 200 manat, günəbaxanda isə təqribən 800-1 000 manat təşkil edir. Məhz bu səbəbdən də bu sahənin böyük investisiya cəlbediciliyi də yoxdur. Yəni bir tərəfdən təbii resurs problemləri, digər tərəfdən isə müxtəlif iqtisadi səbəblər var ki, Azərbaycanda ölkə tələbatını tam ödəyə biləcək buğda istehsalı səmərəli deyil”.

Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycanın buğda ilə özünü təmin etmə göstəricisi üzrə torpaq resursları məhdud ölkələrlə müqayisə edilməsinin doğru yanaşma olmadığını deyir: “Azərbaycandan daha pis özünütəmin səviyyəsinə malik ölkələrlə Azərbaycanı müqayisə etmək üçün bu fakta da diqqət yetirmək vacibdir. Azərbaycanda adambaşına əkilə bilən torpaq həcmi təxminən 0.2 hektardır. Bu göstərici müqayisə üçün seçilən Misirdə 7 dəfə, C. Koreyada 7 dəfə, Yaponiyada 5,5 dəfə, Norveçdə 4,5 dəfə, İsraildə 4,5 dəfə, Nidarlandda 3,2 dəfə, İtaliyada 2 dəfə Azərbaycandan aşağıdır. O ölkələrdən xüsusilə ilk 4-lükdə olan ölkələr kənd təsərrüfatı torpaqlarının həcmi baxımından dünyanın ən yoxsul ölkələri hesab olunurlar. Azərbaycan ərazisinin 55 faizi kənd təsərrüfatına yararlı torpaqlardır. Bu göstərici Misirdə cəmi 4 faiz, Norveçdə cəmi 2,6 faiz, C. Koreyada 15 faiz, Yaponiyada 11 faiz, İsraildə 2,8 faiz təşkil edir. Yəni əhali və torpaq strukturu, əkiləbilinən torpaq resusrları ilə təminat, eləcə də iqlim şərtləri baxımından çox fərqli ölkələrik. Ona görə də əgər taxılla təminatın müqayisəsi aparılırsa, o zaman əlavə 2 göstərici də müqayisəyə cəlb edilməlidir: adambaşına əkinə yayrlı torpaq, suvarlılan torpaqların ünumi əkin torpaqlarında payı”.

Vüqar Hüseynov: “Onlar bizim peşə tədrisi mərkəzində hazırlanacaqlar” -  26.08.2021, Sputnik Azərbaycan

Vüqar Hüseynov 

KTN İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Vüqar Hüseynov isə qeyd edir ki, Azərbaycan adambaşına düşən əkinə yararlı torpaq sahəsinə görə dünyada aşağı yerlərdədir: “Adambaşına 0,19 hektar əkinə yararlı torpaq düşür. Ümumi əkin balansında olan 1,7 milyon hektarın 1 milyon hektarını zatən taxıl əkirik. Taxıl əkinlərinin çox böyük hissəsi də dəmyə əkinlərdir, suvarılmayan ərazilərdir. Yüksək məhsuldarlıq alan ölkələr taxılı demək olar ki 100 faiz suvarılan ərazilərdə əkirlər. Bizdə isə dəmyə əkinlər üstünlük təşkil edir. Kənd təsərrüfatı bilirsiniz ki, təbiətlə bağlı sahədir, iqlim dəyişikliyi bu sahəyə birinci və çox ciddi təsir edir. Buna rəğmən ötən il 2 milyon tona yaxın buğda istehsal olunub, illik tələbat isə 3,2 milyondan bir qədər artıqdır. Yəni özünütəminat səviyyəsi təxminən 60 faizə yaxındır. İldən, təbii amillərdən (quraqlıq, yağıntı və s.) asılı olaraq bu rəqəm 61-62 faizə də çatır. 2019-cu ildə taxılçılıqda Azərbaycan tarixinin ən yüksək orta məhsuldarlığı əldə olunub – 32,1 sentner. Bu il 31 sentnerə yaxın məhsul götürdük, Birləşmiş Ştatlardakı göstərici ilə təxminən eyni həcmdə”.

KTN rəsmisi bildirir ki, Azərbaycan ölkə olaraq heyvandarlıq üçün (quşçuluq istisna) yemlik taxıl idxal etmir: “Əgər yerli istehsal olan 57 faiz hamısı ərzaqlıq buğda olsaydı, o zaman yemlik buğda idxal etməli olacaqdıq. İstehsal olunan buğdanın təxminən 30 faizi ərzaq üçün istifadə olunur. Təbii iqlim şəraiti və digər amillər yapışqanlıq dərəcəsi yüksək ərzaqlıq buğda istehsalına imkan vermir. Yəni təbii-coğrafi amillər imkan verən maksimum həddə ərzaqlıq buğda istehsal olunur”.

Göründüyü kimi, Azərbaycanda buğda istehsalını tam özümüzü təmin edəcək qədər artırmaq imkanı cüzidir. Amma təhlükəsizlik həddi hesab olunan 70 faizlik təminata nail olunması imkanları kifayət qədərdir. Burada zəruri addımlar işğaldan azad olunan ərazilərdəki torpaqların dövriyyəyə qaytarılması, buğdanın normal su təminatı olan ərazilərdə əkilməsi, yerli şəraitə uyğunlaşan yeni sortların yetişdirilməsi, ən vacibi isə fermerlərin buğda əkməyə stimullaşdırılmasından ibarət ola bilər. Təcrübə göstərir ki, mövcud subsidiya mexanizmi stimullaşdırıcı təsirə malik deyil… Musavat.com

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …