Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycandan pul axını: 2 ayda ölkədə daha çox dollar satılacaq
BERLIN, GERMANY - JULY 02: One hand holding a globe, another hand holding dollar bills on July 02, 2014, in Berlin, Germany. (Photo by Thomas Trutschel/Photothek via Getty Images)

Azərbaycandan pul axını: 2 ayda ölkədə daha çox dollar satılacaq

Dünya birjalarında qlobal siyasi və iqtisadi risklərin daha da artması dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmasına səbəb olmaqdadır.

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. Buna səbəb dünyada siyasi və iqtisadi risklərin daha da artmasıdır. ABŞ ilə Çin arasında ticarət böhranının davam etməsi, “Brexit” və Körfəzdə  geosiyasi münaqişələrin artması, qlobal iqtisadiyyat fonunda qeyri-müəyyənliklərə səbəb olmaqla yanaşı, valyuta birjalarında dollara olan tələbi də artırır. 

Maraqlıdır, qlobal bazarda dolların bahalaşması Azərbaycan bazarında da bahalaşmaya səbəb ola bilərmi? Ümumiyyətlə bu bahalaşma Azərbaycan bazarına necə təsir edəcək? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli dolların bahalaşmasının neftin ucuzlaşmasına səbəb olacağını bildirib: 

“Azərbaycanda valyuta məzənnələrinin tənzimlənməsi başqa formulla həyata keçirilir. Bizdə inzibati tənzimləmə mexanizmidir. Bizdə üzən məzənnə rejimi yox,  tənzimlənən məzənnə rejimidir və buna görə də dünya valyuta birjalarında baş verən proseslər Azərbaycana birbaşa təsir etmir. Azərbaycana yeganə təsir edəcək məsələ neft qiymətləri ilə bağlı ola bilər. Başqa sözlə,  qlobal iqtisadi zəifləmə neft qiymətlərinin gələcəkdə enməsinə səbəb ola bilər, bu da Azərbaycanın valyuta gəlirlərinin azalması və manata basqıların artmasına səbəb olar. Baha dollar həmişə daha ucuz neft deməkdir. Dünyada iqtisadi böhran dərinləşsə, “iqtisadi müharibə”lər artsa və “ticarət müharibə”ləri genişlənsə, neftə tələbatın azalacağı gözlənilir. Düşünürəm ki, bu ilin sonu və gələn ilin əvvəlində biz daha əyani şəkildə neft qiymətlərində ciddi korreksiya, yəni aşağı yönlü hərəkət görəcəyik. Neftin bahalaşmasına ancaq geosiyasi, hərbi gərginlik təsir edə bilər. Əgər İranla müharibə olacaqsa, bu zaman neft qiymətində artma müşahidə edə bilərik”. 

Ekspert bununla yanaşı, dollarda olan bahalaşmanın ölkədən valyuta çıxışını gücləndirəcəyini də vurğulayıb: 

“Dolların bahalaşmasının digər dolayı təsirləri də var. Dolayı təsirlər ondan ibarətdir ki, dollar dünyada bahalaşdıqca, bizim ətraf ölkələrdə, yəni bazar iqtisadiyyatının oturuşmuş ölkələrində də dollar bahalaşır. 

Azərbaycanda valyuta bazarı olmadığı üçün bizdə bazar iqtisadiyyatı elementləri bu sahədə özünü biruzə vermir. Gürcüstan, Türkiyə, bizim əsas iqtisadi tərəfdaşlarımız olan digər ölkələrdə, o cümlədən Rusiyada  rus rublu, gürcü larisi, türk lirəsi ucuzlaşıb dollar bahalaşırsa, həmin ölkələrdən Azərbaycana gətirilən mal və məhsulların həcmi artır. Həcm artdıqca da yerli istehsalın zəifləməsinə və ölkədən daha çox dolların çıxmasına səbəb olur, çünki Gürcüstan, Türkiyə, digər ökələrdən məhsul gətirmək daha sərfəli hala gəlir. Dolların bahalaşması xaricdən gətirilən malların qiymətinin Azərbaycanda artmasına səbəb olacaq. 

Ətraf ölkələrdən daha çox məhsul almağa başlayacağıq, bu da ölkədən dollar çıxışını artıracaq və neft bazarına da mənfi təsirlərini göstərəcək. Ehtimal edirəm ki, avqust-sentyabr aylarında ölkə ərazisində satılan valyutanın həcmi iyun-iyul aylarına nisbətən daha çox olacaq, bunu sentyabr ayında əyani şəkildə görəcəyik”. 

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …