Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda un bahalaşdı

Azərbaycanda un bahalaşdı

Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Toplantıda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Belə izah edilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Görünür, yanacağın bahalaşması ilk “nəticə”sini verib. Tanınmış jurnalist Zülfiyyə Quluyeva Feysbuk profilində yazıb ki, unun 1 kisəsinin qiymətinin 27 manatdan 33 manata qalxıb. Maraqlıdır, məlum bahalaşmadan sonra  un məhsullarının da qiyməti yüksələ bilərmi?

Məsələ ilə bağlı “Sherg.az”a danışan  iqtisadçı ekspert  Naizam Bəydəmirlinin qənaətincə,  siravi vətəndaşlar da bilirlər ki, enerji daşıyıcılarının qiyməti artanda bu, kənd təsərrüfatına, çörəyin istehsalına təsir göstərir:

“Ölkə daxilində 300 min tondan  aşağı buğda istehsalı azalıb. Biz buğdanı Rusiyadan idxal edirik, lakin orada buğdanın qiyməti artıb. Məncə, bu sahibkarlara əlavə problem yaşadır.

Hökumət nümayəndələri özləri qiyməti artırırlar. O baxımdan bunu bazarla əlaqələndirmək və ya sahibkarları “qaralayıb” süni qiymət artımı  demək doğru deyil.

Bu, inzibati yollarla sahibkara təzyiq göstərmək anlamına gəlir və bazar iqtisadiyyatına, kommersiya fəaliyyətinə  müdaxilə deməkdir. Əslində belə reydlər “gözə kül üfürmək” məqsədi daşıyır. Ümumiyyətlə, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Sahibkar fəaliyyətindən gəlir əldə edərək dövlətə vergi ödəməlidir. Onun başqa məsuliyyəti yoxdur, qiyməti bazar təyin edir. Təssüflənirəm ki, hökumətin “iqtisadiyyatçıları” bunu belə başa düşürlər.

 Ekspert onu da əlavə edib ki, hökumət iqtisadi fəaliyyəti stimullaşdırmalı, kreditlərin dərəcələrini aşağı salmalı və  iqtisadi fəaliyyətə təşviqedici addımlar atmalıdır:

“Xərclər azalmalı, Nazirlər Kabineti kiçilməli və bir-birini təkrar edən qurumlar ləğv edilib birləşdirilməlidir. Belə olan halda tariflər və enerji daşıyıcılarının qiymətlərinin azaldılması mümkündür. Büdcə xərclərini qarşılamaq üçün  çox asan yol seçirlər: tarifləri artırırlar. İqtisadi fəaliyyəti stimullaşdırsaydılar sahibkarlar çox məhsul istehsal edib və gələn gəlirləri vergi kimi dövlət büdcəsinə yönəldə bilərdilər”.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …