Ana səhifə / İqtisadiyyat / Azərbaycanda islahatlar hansı istiqamətlərdə davam etdiriləcək – rəylər

Azərbaycanda islahatlar hansı istiqamətlərdə davam etdiriləcək – rəylər

Postpandemiya dövründə Azərbaycanda islahatlar davam etdiriləcək. Bu barədə Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə danışıb.

Bildirib ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq: “Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır – həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.

Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik”.

Prezident qeyd edib ki, struktur islahatları da davam etdiriləcək: “Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq”.

İ.Əliyev siyasi islahatların da təmin olunacağını vurğulayıb: “İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi. Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir”.

Elşad Musayev: Tofiq Yaqublunun həbsini həddən artıq şişirib ...

Azərbaycanda siyasi islahatların mümkün istiqamətləri barədə danışan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, indiyədək ölkədə hakimiyyətlə müxalifət arasında siyasi dialoq olmayıb: “Elə qüvvələr olub ki, bu dialoqun alınmaması üçün var qüvvələri ilə çalışıblar. İndi də belə qüvvələr var, onlar istəmirlər ki, iqtidarla müxalifət dialoqda olsunlar. Onların istəyi bu iki siyasi qüvvə arasında daim gərginliyin, düşmənçiliyin olmasıdır. Müxalifət də yekcins deyildir, tərkibi çox müxtəlifdir. Hesab edirəm ki, nə qədər fərqli mövqelər olsa belə, iqtidarla müxalifət arasında daim dialoq körpüsü mövcud olmalıdır.Bu baxımdan prezidentin qeyd etdiyi fikirlər çox mühümdür. O dedi ki, elə məsələlər var ki, müxalifət onu görür, tənqid edir və bizim diqqətimizi ona yönəldir. İlk dəfədir ki, dövlət rəhbərliyindən belə fikirlər səsləndirilir və mən bunu yüksək qiymətləndirirəm”.

Partiya rəhbəri bildirir ki, iqtidarla müxalifət arasında sözün tam anlamında dialoqun başlandığını söyləmək hələ tezdir: “Buna ilk təmaslar desək, daha doğru olar. Prezident Administrasiyasının siyasi partiyalarla iş üzrə məsul şəxsilə təmasımız olub. Bundan sonra atılacaq addımlar əslində iqtidarın fəaliyyətindən asılıdır. Bu təmasların etibarlı dialoq səviyyəsinə çatdırılıb-çatdırılmayacağı məhz hakimiyyətin qərarlarından, davranışlarından bəlli olacaq. Düzünü deyim, hələlik pandemiya dövründə bu kimi məsələlərin arxa plana keçirilməsini daha məqsədəuyğun hesab edirəm. İndi biz hamılıqla gücümüzü bir yerə qoyub xalqımızın bu bəladan minimum itkilərlə çıxması üçün çalışmalıyıq. Gördüyümüz çatışmazlıqları normal şəkildə dilə gətirməli, hökumətin diqqətinə çatdırmalıyıq. Hökumətin də borcudur ki, sağlam niyyətli tənqidləri qəbul edib, çatışmazlıqları aradan qaldırsın. Yəni proses qarşılıqlı anlaşma şəraitində getməlidir, nəinki qarşıdurma”.

E.Musayevin fikrincə, hökumət indiki şəraitdə işsiz insanlara yönəlik dəstək tədbirlərini gücləndirməlidir: “İşsizlərin hamısının dövlət yardımı ilə əhatə olunması təmin edilməlidir. Eyni zamanda biznesin kreditlər üzrə ödənişlərinə tətil verilməlidir, korrupsiya yolu ilə əldə olunan vəsaitlərin dövlətə qaytarılması üçün mexanizmlər işə salınmalıdır”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

İqtisadi sahədə zəruri islahat istiqamətlərindən danışan iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda postpandemiya dövrü üçün çox ciddi çağırışlar formalaşıb: “Koronavirus və dünya neft bazarındakı vəziyyət Azərbaycan üçün əvvəlcədən də mövcud olan çağırışları daha da aktuallaşdırıb. Dəyişən sadəcə odur ki, bu çağırışlara uyğun islahatların aparılması sahəsində ölkənin ləngiməyə vaxtı yoxdur. Postpandemiya dövrü üçün aydın olan budur ki, neft sənayesi artıq iqtisadiyyatda inkişaf dinamikasının təmin olunmasında lokomotiv rolunu oynaya bilməyəcək. Belə bir şəraitdə hökumət ən yaxşı halda bu günə qədər planlaşdırılan, lakin icra olunmayan bütün tədbirlərin reallaşması üçün qəti iradə ortaya qoymalıdır. İlk növbədə Azərbaycan iqtisadiyyatı açılmalı, liberal iqtisadi mühit yaradılmalıdır. Xarici və daxili investisiya fəaliyyəti üçün real şərtlər formalaşdırılmalı, məmurların biznesə müdaxiləsini məhdudlaşdırmaq istiqamətində fəaliyyətlər başa çatdırılmalıdır. Kapital və əmlak amnistiyasının daha etibarlı formada həyata keçirilməsi təmin olunmalıdır”.

Ekspertin fikrincə, hökumətin fəaliyyətində tam şəffaflıq yaradılmalıdır: “Hökumət ayrı-ayrı stakeholderlər barədə qərarları yalnız öz baxışı əsasında deyil, onların da mövqeyi, təklifləri nəzərə alınmaqla qəbul etməlidir. Qanunlar da bu prinsiplə hazırlanmalı və qəbul edilməlidir. Məhkəmə institutunun, qanunverici orqanın müstəqilliyi təmin olunmalıdır. Yerli icra hakimiyyəti orqanları ləğv olunub, səlahiyyətləri bələdiyyə orqanlarına verilməlidir. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla – Ümumdünya Ticarət Təşkilatı, Avropa Birliyi ilə əlaqələri genişləndirilməli, danışıqlar prosesi, nəhayət ki, yekunlaşmalıdır. Yəni islahatlar ölkənin idarəetmə sisteminin bütün qollarını əhatə etməli və kompleks xarakter daşımalıdır ki, iqtisadiyyatın şaxələndirilməsinə nail olunsun. Bu gün xarici investisiya deyiləndə yalnız pul nəzərdə tutulur. Amma Azərbaycan üçün xarici investisiya həm də yeni və irəliyə aparacaq münasibətlər toplusu, müasir texnologiyalar, xarici bazarlarla geniş əlaqələri olan oyunçuların prosesə cəlb olunması deməkdir. Son 4-5 ildə iqtisadiyyatı şaxələndirməyə çalışırıq, amma ciddi bir nəticə əldə edə bilməmişik. Çünki bizim xarici bazarlarla işləyə bilən, böyük bazarlardakı oyun qaydalarını bilən oyunçuların bazara daxil olmasına imkan verməmişik. Postpandemiya dövründə ilk işlərdən biri belə oyunçulara normal iş şəraiti yaratmaq olmalıdır. Maliyyə-bank sektoru tamamilə yenidən qurulmalıdır. Bütün bunlar hökumət qarşısında dayanan yeni çağırışlardır. Ən əsas fərq budur ki, daha bu çağırışların icra olunması görüntüsü yaratmaqla vəziyyətdən çıxmaq mümkün olmayacaq. Ölkə prezidentin 19 mart tarixli sərəncamında hökumət qarşısında ciddi öhdəliklər qoyulub. Hökumət məsələlərə daha geniş aspektdən baxmalı, radikal qərarlar qəbul etməyə hazır olmalı, hər kəs üçün bərabər oyun qaydalarını təmin etməlidir”. Musavat.com

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …