Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən ölkə üzrə 2025-ci ilə qədər olan alternativ və bərpa olunan enerji potensialı dəqiq, elmi cəhətdən əsaslandırılmış formada hazırlanaraq 2017-ci ilin IV rübü ərzində Energetika Nazirliyinin işçi qrupuna təqdim ediləcək.

Ölkə üzrə alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) potensialının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Energetika Nazirliyinin tabeliyində ABOEM üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış ilkin məlumatlara əsasən enerji potensialı günəş enerjisi üzrə 50 Mvt, külək enerjisi üzrə 350 Mvt və biokütlə üzrə 20 Mvt həcmində müəyyən edilib. “Azərenerji” ASC-yə də potensialın müəyyən edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi üzrə ABOEM tərəfindən yekun məlumat hazırlanaraq Energetika Nazirliyinə qısa müddət ərzində təqdim ediləcək.