Ana səhifə / İqtisadiyyat / Azərbaycanda gəlir bəyannamələri niyə açıqlanmır?

Azərbaycanda gəlir bəyannamələri niyə açıqlanmır?

Əksər ölkələrdən fərqli olaraq Azərbaycanda gəlir bəyannamələri niyəaçıqlanmır?

Milli Məclisin Korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyir ki, belə bir qanunu Milli Məclis 18 il əvvəl qəbul edib, hökumətə təqdim edib, amma Nazirlər Kabineti nədənsə qanunun tətbiq mexanizmini hazırlamır.

Azadlıq Radiosu bunun niyəsini soruşmaq üçün Nazirlər Kabinetinə sorğu göndərdi, amma günün sonuna qədər cavab ala bilmədi. Bir məsələ də var ki, bu qanun işə düşəsi olsa belə, yalnız dövlət qulluqçularının gəlirlərini bəyan etməsini nəzərdə tutur, bütün vətəndaşların yox.

Öz adlarında deyil axı…

Hakimiyyətin daimi tənqidçisi Aslan İsmayılov deyir ki, indi onsuz da Azərbaycanda var-dövləti öz adına olan azdır: “Bəyan olunanlar ancaq rəsmi şəxsin adına olanlardır. Azərbaycanda isə bütün rəsmi şəxslərin öz adlarına demək olar ki, heç nə yoxdur. Əgər öz adlarına olan əmlakla Azərbaycanda kimin varlı olması müəyyənləşsəydi, mən Azərbaycanda ən varlı adam olardım, çünki bütün əmlakım qeydiyyatdan keçib. Amma vəzifədə olanların hamısı varını ya qohum-əqrabanın, ya da xaricdə yaradılmış anonim şirkətlərin adına rəsmiləşdirib”.

Bəs bütün vətəndaşların gəlir bəyannaməsinin tətbiqi barədə şəffaflığı tam edə biləcək qanun qəbul etmək mümkündürmü?

Millət vəkili Zahid Oruc deyir ki, nə Milli Məclisdə, nə də siyasi elita daxilində belə bir qanun layihəsinin gündəmdə olması barədə eşitməyib. Bununla belə hesab edir ki, Nazirlər Kabineti vəzifəli şəxslərin, gəlir bəyannaməsini təqdim etməsi barədə qanunun mexanizmini tezliklə işləyib hazırlamalıdır.

Hazırkı seçki qanunvericiliyinə görə, seçkidə iştirak edənlər öz gəlir bəyannamələrini açıqlayırlar, amma ictimaiyyətə yox, Mərkəzi Seçki Komissiyasına. Demokratiya və Rifah Hərəkatı bu il prezident seçkisində iştirak edən namizədlərin bu məlumatlarını Mərkəzi Seçki Komissiyasından tələb etsə də, qurum bunu açıqlamayıb, hərəkat isə məlumatı gizlətdiyini əsas gətirərək MSK-nı məhkəməyə verib.

Məhkəmə MSK-nın xeyrinə qərar çıxarıb.

Bu gün, avqustun 16-da Bakı Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hərəkatın sədri Qubad İbadoğlu deyir ki, bu gəlirlərin açıqlanması korrupsiya ilə mübarizə üçün önəmlidir.

Rəsmi milyarder yoxdur

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, gəlir bəyannamələri açıqlanmadığı üçün azərbaycanlıların əslində nə qədər pulunun olması aydın deyil: “Məndə belə bir təsəvvür yoxdur. Bununçün araşdırma aparılmalıdır. Azərbaycanda uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar var, amma biz bu gün Azərbaycanda bir rəsmi milyarder və ya milyonerin olduğunu bilmirik. Heç kim rəsmi milyoner və ya milyarder elan olunmayıb”.

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Vəkil Aslan İsmayılov isə deyir ki, gəlir bəyannaməsi barədə qanunun tətbiq edilməsi qeyri-realdır, onun fikrincə, bu durumda çıxış yolu maliyə amnistisiyasının elan olunmasıdır, yəni, hər kəs nə qədər pulunun olduğunu açıqlasın, ancaq buna görə sorğu-sual edilməsin. Vəkilin fikrincə, bu halda xaricdəki pulları hətta gətirib ölkəyə yatırmaq, vergi vermək də real ola bilər.

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır. O, 180 ölkə arasında 122-ci yerdədir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …