Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Azərbaycanda dollara tələb artacaq” – EKSPERT

“Azərbaycanda dollara tələb artacaq” – EKSPERT

Üç əsas qonşusunda baş verən iqtisadi proseslər Azərbaycan milli valyutasına bir sıra təzyiqlər formalaşdırır. Bu təzyiqlərin payıza doğru daha da güclənəcəyi gözlənilir.
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun dediyinə görə, region ölkələrində valyutaların düşüşündən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur: “Ankara ”1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var. Bu isə ABŞ ilə Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir. Rusiya rublu da heç də yaxşı günlərini yaşamır. Amma Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən “qara buludların” çəkildiyini söyləmək tezdir”.
Ekspertin sözlərinə görə, ABŞ prezidenti Trampın son tviti avroya yenidən nəfəs qazandırır: “ABŞ prezidenti Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq, ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatlar Sisteminin uçot stavkasının artırlması ilə bağlı siyasətini tənqid edib. Belə görünür ki, Tramp administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın ”ucuz dollar böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə, o zaman avronun yenidən möhkəmlənməsi mümkündür. Qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza da psixoloji təsir göstərir. Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da, yenə əvvəlki aylarla müqayisədə yüksəkdir. Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Mərkəzi Bank isə sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur, baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər”.
İqtisadçı-ekspertə görə, neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil: “Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından – ilin sonundan dollara tələbin yenidən yüksələcəyi gözlənilir”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …