Ana səhifə / İqtisadiyyat / Azərbaycanda büdcə qaydası niyə tətbiq olundu? – ŞƏRH

Azərbaycanda büdcə qaydası niyə tətbiq olundu? – ŞƏRH

Neftin qiymətinin kəskin ucuzlaşması, həmçinin koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər Azərbaycanın dövlət büdcəsinə gəlirlərin kəskin azalmasına səbəb olmaqdadır. Pandemiyadan zərər çəkən əhali və iqtisadiyyatın dəstəklənməsi üçün həyata keçirilən tədbirlər isə dövlətdən əlavə xərclər tələb edir. Bu şəraitdə Azərbaycanın dövlət büdcəsində dəyişikliklərin aparılması tələb olunur. Artıq ölkə rəhbərliyi də büdcənin bir sıra xərclərinin ixtisar olunmasının gərəkdiyini bildirib. Lakin hələlik konkret hansı xərclərin ixtisar olunacağı açıqlanmayıb.

Eyni zamanda Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının təklif etdiyi güzəştli kreditlərdən istifadə etməyəcəyini də açıqlayıb. Bu isə azalan gəlirlər fonunda artan xərclərin Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilməsi ehtimalını artırır. 
İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, Neft Fondundan əlavə vəsait götürülərsə, Azərbaycanda ötən ildən tətbiq olunan büdcə qaydasının tətbiqi də dayandırılmalı olacaq: 

“Belə ki, dəyişiklik nəticəsində 2020-ci ilin icmal büdcə xərcləri inflyasiya nəzərə alınmaqla 2019-cu ilin icmal büdcə xərclərindən 3 faiz çox olarsa (“Büdcə sistemi haqqında” Qanun, maddə 11-1.2), bu halda ölkə prezidenti qanunun 23.4-cü maddəsini əsas götürərək büdcə qaydasının (3 faiz+inflyasiya səviyyəsi) tətbiqinin dayandırılması üçün parlamentə müraciət etməli olacaq. Müraciət oktyabrın 25-dən gec olmayaraq göndərilməlidir.
Məlumat üçün deyim ki, “Büdcə sistemi haqqında” Qanunun 23.2-ci maddəsinə görə, dövlət başçısı büdcənin icra prosesində illik büdcə qanunun təsdiqi zamanı nəzərə alınması mümkün olmayan xərclərə zərurət yarandığı qənaətinə gələrsə, qanunvericilik təşəbbüsü ilə büdcəyə yenidən baxmaq üçün Milli Məclisə müraciət edə bilər”.
Ötən ildən ölkədə tətbiq olunan büdcə qaydası nədir və nələri nəzərdə tutur? Ekspert bildirir ki, büdcə qaydası – fiskal qayda büdcənin ayrı-ayrı parametrlərinə kəmiyyət məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur: 
“İlk növbədə ölkənin uzunmüddətli strateji maraqlarının siyasət qərarları qəbul edən məmurların qısamüddətli maraqlarından qorunması vacibdir. Öz növbəsində, makroiqtisadi sabitliyi təmin etmək üçün kontrtsiklik büdcə siyasətinin reallaşdırıması önəmlidir və praktikada bu siyasət məhz məhdudlaşdırıcı fiskal qaydaların tətbiqi sayəsində mümkün olur. Məhdudiyyətlər dedikdə dövlət borcunun həcminə, büdcə kəsirinə, xərclərin həcminə (ÜDM-ə %-lə nisbətinə, yaxud artım tempinin miqyasına uyğun), gəlirlərin həcminə (xüsusilə müxtəlif büdcə səviyyələrinin bir-birinə ötürdüyü büdcə dəstəyinin həcminə) münasibətdə kəmiyyət limitləşdirmələri nəzərdə tutulur. Kontrtsiklik büdcə siyasətinin mahiyyəti isə odur ki, hökumət əlverişli iqtisadi konyukturanın mövcud olduğu illərdə qazandığından az xərcləyir, bu illərdə formalaşdırdığı ehtiyatlar iqtisadi böhran illərində hökumətin maliyyə resurslarına olan ehtiyaclarını qarşılamaq üçün itirilimiş gəlirləri kompensasiya etməyə imkan verir. Bunun əksi olan siyasət protsiklik büdcə siyasətidir və belə siyasətin reallaşdırıldığı şəraitdə hökumət böyük gəlirlərin əldə edildiyi dövrlərdə məhdudiyyət qoymadan xərcləmələr aparır, böhran şəraitində isə borclar və ehtiyatlar hesabına bu xərcləmələri davam etdirir”. 

Yaxşı işlənmiş büdcə qaydası sayəsində bir sıra risklərin qarşısını almaq mümkün olur: 
“Məsələn, makroiqtisadi siyasəti həyata keçirən institutlar üçün təhlükəsizlik yastığı formalaşdırır (ehtiyat fondlarının yaradılması ilə), məzənnə sabitliyini təmin etməklə inflyasiyanın yüksək səviyyəsini neytrallaşdarır, qeyri-resurs büdcə kəsirinini yüksək həddə çatmasına imkan vermir və s”. 
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, dünyada hazırda 80-dək ölkədə büdcə qaydası tətbiq edilir. 60-dan artıq ölkədə borcun, 60-dan bir qədər az ölkədə büdcə defisitinin, 20 ölkədə xərclərin, 10-dək ölkədə isə gəlirlərin  limitləşdirilməsi ilə bağlı qaydalar mövcuddur: 
“Büdcə gəlirləri təbii resurslardan formalaşan ölkələr üçün bu qaydaların olması daha önəmlidir. Çünki təbii resurslar satıldığı dünya birjalarında qiymətlər yüksək volatilliyə malikdir və dövri olaraq bu bazarlarda qiymətlərin kəskin qalxıb-enməsi baş verir. Yüksək qiymətlər şəraitində böyük xərcləmələr resurslardan səmərəsiz istifadə riskini artırır, aşağı qiymətlər şəraitində isə büdcə xərclərinin kəskin azalması iqtisadiyyatda ciddi sarsıntılar yaradır. Bu baxımdan fiskal qaydalar protsiklik xərc siyasətindən qaçmaq üçün mühüm mexanizm hesab edilir”.  
Dünya təcrübəsi göstərir ki, fiskal qaydanın effektiv işləməsi yalnız mexanizm və normaların düzgün seçilməsi ilə baş vermir: 
“Bundan əlavə büdcə siyasətinə məsuliyyətli yanaşmanın mövcudluğu, xüsusilə də konservativ büdcə planlaşdırmasının və dayanlıqlı iqtsadi sabitliyin təmin edilməsi, qaydalar üçün ümumi institusional mühitin mövcudluğu da son dərəcə vacibdir”. 

Son 15 ildə Azərbaycan iqtisadiyyatı bir neçə dəfə xarici şokların təsirinə məruz qalıb və bu mərhələdə iqtisadi sistemin kənar təsirlərə ən həssas nöqtələrindən biri büdcə sistemi olub: 
“Xüsusilə də büdcə gəlirlərinin formalaşmasında xarici amillər əhəmiyyətli rol oynadıqda, büdcə sisteminin həssaslığı daha da yüksəlir. Bu nöqteyi-nəzərdən neft bazarındakı volatilliyə adekvat olaraq büdcə xərcləmələrində də müşahidə olunan kəskin dəyişikliklər fiskal qaydaların tətbiqini zəruri edən əsas institusional amillərdən birinə çevrilib. 2003-2018-ci illərdə neftin dünya bazar qiymətlərinin dinamikasından asılı olaraq bəzən büdcə xərclərinin illik artımı hətta 75-80%-ə, xərclərin illik azalması 5-6%-ə çatıb”. 
R.Ağayevin dediyinə görə, iqtisadi artım xərc artımı ilə uzlaşdığı şəraitdə maliyyə sistemi xarici şoklara qarşı daha dayanıqlı olur: 
“Xüsusilə də iqtisadiyyatı resurslardan asılı olan ölkələrdə qeyri-resurs sektorunun yaratdığı əlavə dəyərin artım tempi xərcləmələrin artımını üstələdikdə, büdcə sisteminin təbii resurslardan kənarda gəlir formaşdırmaq potensialının güclənir, belə şəraitdə xarici şokların təsirlərinı qeyri-resurs gəlirləri hesabına yumşaltmaq daha asan olur. Statistik göstəricilərin təhlili göstərir ki, Azərbaycanda böyük neft gəlirlərinin axını dövründə iqtisadiyyatın artım (böyümə) tempi büdcə xərclərinin artım tempindən əhəmiyyətli dərəcədə geri qalıb. Yalnız 2014-2017-ci illərdə neftin qiymətinin aşağı olduğu mərhələdə hökumətin büdcə xərclərini əhəmiyyətli dərəcədə ixtisar etməsi nəticəsində maliyyə və real sektora aid artımlar arasında kəskin disbalansın aradan qalxması baş verib”.   
Son illərdə Neft Fondunun yığım funksiyasının əhəmiyyətli dərəcədə zəifləməsi və bu tendensiyanın getdikcə daha da dərinləşməsi fiskal məhdudiyyətlərin tətbini zəruri edən ikinci mühüm amildir: 
“Əslində büdcə xərcləmələrinin sürətli artımının da əsas mənbəyi rolunda Neft Fondunun transfertləri çıxış edib. Büdcə ehtiyacları hesabına Neft Fondundan xərcləmələr onun yığımlarını əhəmiyyətli dərəcədə üstələyib. Nəticədə 2013-cü ildən etibarən Neft Fondunun yığım imkanları sürətlə tükənib və belə vəziyyətdə növbəti xarici şoklara hazırlıq üçün Neft Fondu vasitəsilə xərcləmələrin optimillaşdırılması baxımından büdcə qaydalarının işlənməsi zərurətə çevrilib. Nəhayət, Azərbaycanda büdcə gəlirlərinin neft-qaz ixracından kəskin asılılığının aradan qaldırılması zərurəti büdcə qaydalarının tətbiqini hökumət üçün qaçılmaz  edən əsas səbəblərdən biridir. Resurs gəlirlərindən asılılıq səviyyəsi nə qədər yüksək olursa, ölkənin büdcə sisteminin dünya xammal bazarlarındakı dövri qiymət şoklarına həssaslığı daha da artır”. 

Azərbaycanda büdcə qaydasının tətbiqi 2016-cı ildə qəbul edilən Yol Xəritəsində əksini tapmışdı. Yeni qaydalar ölkə parlamentinin 29 iyun 2018-ci il tarixdə “Büdcə sistemi haqqında” Qanuna etdiyi dəyişikliklərə əsasən mövcud qanunvericiliyə daxil edilib. Dəyişikliklərdə büdcə qaydasının tətbiqi ilə bağlı konkret mexanizm müəyyən edilir: 
“Qanuna görə, “büdcə qaydası” dedikdə orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə nəzərdə tutulur. Dəyişikliyə əsasən, xərclənə bilən neft gəlirlərinin həcmini dəqiqləşdirən hesablama mexanizmi müəyyən olunub. Mexanizmə əsasən növbəti maliyyə ili üzrə icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizi+gözlənilən inflyasiya həddindən çox olmamalıdır”. 
Azərbaycanın 2015-2017-ci illərdə üzləşdiyi iqtisadi reallıqlar göstərdi ki, büdcədə və ölkənin ixracatında təbii resursların payı nə qədər yüksək olursa, qiymət volatilliyi zamanı həm büdcə, həm də milli valyutanın məzənnəsi ciddi risklərlə üzləşir, makroiqtisadi qeyri-sabitilik təhlükəsi artır. Bu baxımdan  “sabit və aşağı qiymət” metodu əsasında büdcə planlaması makroiqtisadi sabitliyin təminatı üçün əsas və etibarlı mexanzimdir: 
“Eyni zamanda, büdcə (həm gəlirlər, həm də xərclər hissəsi) maksimim dərəcədə tsiklik elementlərdən təmizlənməlidir. Yəni təbii resurs sektoruna bağlı hər hansı mədaxil mənbəyi (və ya mənbələri) büdcədə elə yüksək paya malik olmamalıdır ki, büdcə gəlirlərinin formalaşması dünya bazarlarında resursların qiymət volatilliyinin neqativ təsirlərindən tam sığortalanmış olsun. Yaxud elə xərc istiqamətləri  olmamalıdır ki, neft bahalananda həmin istiqamətlərə daha çox vəsait ayrılsın, neft daha ucuz olanda vəsaitlərin həcmi kəskin azalsın. 
Belə şəraitdə xərclərin limitləşdirilməsi kontrtsiklik siyasətə keçid baxımından gözlənilən nəticəni əldə etməyə imkan verə bilər. Çünki sabit xərcləmələr xam neftin birja qiymətlərindən asılı olmayaraq maliyyə sistemini qiymət-xərc spiralından kənarda saxlayacaq”. 
Ekspert bildirir ki, qaydalar hazırlananda gözlənilən risklərdən biri onun büdcənin neftdən yüksək asılılığının azalmasına gətirib çıxarmayacağı idi: 
“Yol Xəritəsində nəzərdə tutulandan fərqli olaraq, büdcə qanunvericiliyində təsbit olunan büdcə qaydaları neft gəlirlərinin büdcədə payına birbaşa məhdudiyyət müəyyənləşdirmir. Qanunvericilik xərclərin limitləşdirilməsinin məxsusi olaraq neft gəlirləri hesabına baş verməsini hüquqi tələb kimi müəyyənləşdirmir. Nəzəri olaraq qeyri-resurs sektorundan daxilolmaların daha kəskin azalması, bu azalmanın neft gəlirləri hesabına kopensasiya edilməsi baş verdiyi ssenaridə hökumət büdcə qaydası çərçivəsində əsas hədəflərindən birinə – xərclərin məhdudlaşdırılmasına nail olur. Amma neft sektorundan daxilolmalar hesabına xərcləmələrin artımına və neft gəlirlərinin büdcədə payının yüksəlməsinə mane olan amil də qalmır ortada. Xərclərin volatilliyindən qaçmaq üçün də əsas addım gəlirlərin volatilliyinin qarşısın almaqdan keçir. Prostiklik büdcə siyasəti dövründə təbii resursların qiyməti ilə bağlı əlverişli konyuktura yaranan kimi hökumət dərhal resurs gəlirləri hesabına büdcə gəlirlərinin artımına gedir. Dövlət büdcəsinin mənbələr üzrə volatillik səviyyəsi qiymətləndiriləndə bunu aydın görmək olur”.

Büdcə qaydasının tətbiqinin effektiv nəticələr doğurması üçün paralel olaraq bir sıra institusional addımların atılması vacibdir: 
“Əvvəla, hökumətin xərc öhdəliklərinin inventarizasiyası aparılaraq bir çox xərcləmələrin büdcə vasitəsilə icracının dayandırılması imkanları nəzərdən keçirilməlidir. Xüsusilə də bir sıra investisiya qoyuluşlarının özəl sektora ötürülməsi çox önəmlidir. İctimai xidmətlərin (qaz, su və enerji paylaşdırma şəbəkələri) özəl sektor vasitəsilə həyata keçirilməsi, büdcə üçün yükə çevrilən kommersiya əsaslı dövlət müəssisələrinin (məsələn, “Şahdağ” turizm kompleksi) özəlləşdirilməsi, bir sıra iri sənaye layihələrinin icracının özəl sektora həvalə edilməsi (xüsusilə də sənaye məhəllələri və zonaları, parklar çərçivəsində dövlət investisiyalarının minimuma endirilməsi), yerli əhəmiyyətli investisiyaların yerli özünüidarə qurumlarına ötürülməsi və bu qurumlaırn yerli büdcələri formalaşdırmaq sahəsində səlahiyyətlərinin genişləndirilməsi çox mühümdür. İkinicisi, büdcəni daimi ictimai nəzarət altında saxlayan vətəndaş cəmiyyətlərinin və beyin mərkəzlərinin müstəqil fəaliyyətinə hərtərəfli şəraitin yaradılmasına, hökumətin onlarla əməkdaşlığa tam açıq olmasına ehtiyac var. Üçüncüsü, nəticə əsaslı büdcə mexanizminin tətbiqinə dərhal başlanmalı, büdcədən vəsait alan bütün qurumların fəaliyyətinin nəticələrini ölçməyə imkan verəcək kəmiyyət və keyfiyyət göstəricilərinin büdcə planlamasında istifadəsinə keçid təmin edilməlidir”.
R.Ağayevin dediyinə görə, parlamentin büdcəyə nəzarət üzərində səalhiyyətlərinin artırılması, büdcə hesabına dövlət şirkətlərinin borclarının qaytarılması üçün sərt hüquqi məhdudiyyətlərin müəyyənləşdirilməsi, büdcə hesabına borclanmanın illik maksimum həddinə (proqnozlaşdırılan büdcə xərclərinə, ÜDM-ə nisbətən), büdcə kəsirinin maksimum həddinə (ÜDM-ə nisbətən) qanunla məhdudiyyət tətbiq edilməsi, büdcə qaydasının dəyişdirilməsi və il ərzində tətbiqinin dayandırılması imkanlarının maksimum məhdudlaşdırılması da vacib şərtlərdəndir.
Qaynarinfo

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …