Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ətin ucuzlaşması mümkündür, ancaq… – ŞƏRH

Azərbaycanda ətin ucuzlaşması mümkündür, ancaq… – ŞƏRH

Azərbaycanda mal ətinin qiyməti bir qədər də bahalaşıb. Kənd təsərrüfatı məhsullarının qiymətlərinin məlumat bazasında fevral ayı üzrə sümüksüz dana ətinin 1 kq-nın qiyməti 14 AZN göstərilib. Fins.az-ın xəbərinə görə, bu ilin yanvar ayı ərzində isə sümüksüz dana ətinin 1 kq-ı 13,44 AZN-ə satılıb. Hazırda Bakı bazarlarında sümüklü dana ətinin 1 kq-ı 11 manat 50 qəpiyə, yaşlı sümüksüz mal əti 9 manata, yaşlı sümüklü mal əti isə, 7 manat 50 qəpiyə satılır.

Ətin qış fəslində bahalaşmasınn səbəbi kimi adətən, yemin baha olması göstərilir. Lakin bazara çıxarılan məhsullar arasında xaricdən idxal olunanlar da üstünlük təşkil edir. O baxımdan ətin bahalaşmasının digər səbəbləri də var.

Mövzu ilə bağlı musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, xaricdən Azərbaycana idxal olunan ət məhsullarının həcmi iki dəfəyə qədər artıb: “2016-cı ilə nisbətən 2017-ci ildə ölkəyə  təxminən 60 milyon  dollarlıq ət məhsulları gətirilib. Məntiqlə xaricdən gətirilən ət məhsullarının həcminin artması daxildə qiymətlərin ucuzlaşma səbəblərindən biri olmalı idi. Ancaq bu baş vermədi, qiymət artmaqda davam etdi. Adətən bunu yemin bahalaşması ilə izah edirlər. Doğrudan da bölgələrdə yem ötən iki illə müqayisədə 30-40 faiz bahalaşıb. Ancaq qiymət artımının səbəblərindən biri də tələbatın artması ilə bağlıdır. Çünki daxili istehsal tələbatı ödəmir. İki il bundan öncə pambıqçılıq və digər strateji bitkilərin əkilməsi ilə bağlı qərarın verilməsi və örüş yerlərinin kütləvi şəkildə əkinə yönəldilməsi sonrakı illərdə maldarlıq üçün problem yaratdı. Ölkədə xırda və iribuynuzlu mal-qaranın sayının azalmasına səbəb oldu. Rəsmi rəqəmlərdə də bu özünü göstərir. Maldarlıqla məşğul olan bölgələrdə pambıq əkilməsi, digər kənd təsərrüfatı məshullarına yönəlmə kifayət qədər ciddi problemlərə yol açdı və ölkədə ət qıtlığının yaranmasına səbəb oldu. Mal-qaranın sayı azaldıqca ətlə bağlı daxili tələbatın ödənilməsində də problem  yaşanır”.

İqtisadçının sözlərinə görə, daxili tələbatın artmasına bir çox faktorlar təsir göstərir: “Elə turizmin inkişafı da bu məsələdə önəmli rol oynayır. Əgər ölkədə istehsal, yəni iri və xırdabuynuzlu mal-qaranın sayı artmırsa, ancaq gələn turistlərin sayı kəskin artırsa, bu da tələbatı artıran səbəblərdən birinə çevrilir. Tələbat artdıqca qiymət də buna uyğun olaraq yüksəlir. İki il öncə verilmiş yanlış qərar yaxın gələcəkdə həllini tapmasa, örüş sahələri maldarlıqla məşğul olanlara qaytarılmasa, bu, ət istehsalına ən çox ziyan vuran məsələyə çevriləcək. Yaxın gələcəkdə qiymətlərin daha da artmasını müşahidə edə bilərik”.

Bölgələrdə yaşayan insanlar maldarlıqla məşğul olmağa hansı yolla təşviq edilməlidir ki, ölkədə ət istehsalı da artsın? Məsələn, son günlərdə qardaş Türkiyədə belə bir qərar verilib ki, kəndə dönmək istəyən vətəndaşlara 300 baş qoyun və aylıq maaş verilir. Beləcə, həm vətəndaşın dolanışığı təmin edilir, həm də ölkədə ət istehsalı artmış olur. Xatırladaq ki, hazırda Türkiyə də ət qıtlığı yaşayan və ət məhsullarının ən baha satıldığı ölkələrdən biridir.

Bu məsələ ilə bağlı danışan Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda təşviq proqramlarının həyata keçirilməsi ilə bağlı vəziyyət bərbad haldadır: “Kənd Təsərrüfatı Nazirliyi və ya digər icra qurumlarının xətti ilə vəsait ayrılır, amma bunun verimliliyi, geri dönümlülüyü xeyli dərəcədə aşağı səviyyədədir. Ona görə də, individual təşviq sisteminə keçməyə ehtiyac var. Necə ki, bu sistem Türkiyədə də, Avropanın bir çox ölkələrində də var. Yəni hökumət fermerlərə, həmin sahə ilə məşğul olan insanlara birbaşa dəstək olmalıdır. Hər hansı dövlət qurumları vasitəsilə proqramların həyata keçirilməsi həm təşviq proqramının keyfiyyətini azaldır, həmçinin korrupsiya hallarına yol açır. Azərbaycanda da kifayət qədər imkanlar var ki, hökumət təşviq addımları atsın. Türkiyə praktikası da çox maraqlıdır, ancaq başqa təcrübələrdən də istifadə etmək olar. Məsələn, uzunmüddətli faizsiz kreditlər vermək olar, bundan başqa yem dəstəyi proqramları qəbul etmək olar ki, bir çox ölkələrdə bundan istifadə edilir. Yem xərclərinin təxminən 25 faizini dövlət qarşılayır. Fermer təsərrüfatları olan insanların birləşməsinə şərait yaratmaq olar ki, təklikdə deyil, iri fermer təsərrüfatları kimi fəaliyyət göstərsinlər və onlar üçün xüsusi güzəştlər tətbiq etmək olar. Təsərrüfat sahəsi nə qədər böyüyürsə onun rentabelliyi də artır. Hökumət bu sahəyə yeni yanaşma gətirməlidir, individual təşviq sisteminə keçməlidir. Heyvandarlıq elə bir sahədir ki, qısa zaman ərzində yaxşı nəticələr əldə etmək mümkündür. Bu şərabçılıq deyil ki, üzümü əkib 7 il bar verməyini gözləyəsən, və ya baramaçılıq deyil ki, tut ağaclarını əkib 6-7 il böyüməsini gözləyəsən. Heyvandarlıq elə sahədir ki, cəmi 1 il ərzində situasiyanı dəyişmək üçün imkanlar var. Sadəcə təşviq proqramlarını təkmilləşdirmək və ənənəvi maldarlıq rayonlarında otlaqların, örüş sahələrinin yenidən fermerlərə geri qaytarılmaq lazımdır. Məhz bundan sonra sözügedən sahədə dönüş yarana bilər”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …