Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ərzaq böhranı gözlənilir? – AÇIQLAMA

Azərbaycanda ərzaq böhranı gözlənilir? – AÇIQLAMA

“Ölkədə aqrar sektorun inkişafı diqqət mərkəzindədir. Bununla əlaqədar dövlət büdccəsindən ayrılan vəsaitlər artmaqdadır. Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üçün olan xərclərin bu illə müqayisədə 20.5% artırılması nəzərdə tutulub. Bu da çox yaxşı rəqəmdir”.

Bunu Bakupost.az -a Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev gələn il kənd təsərrüfatı və aqrar sektorda görüləcək işlərlə bağlı danışarkən deyib.
Millət vəkili qeyd edib ki, ötən il işğaldan azad olunan ərazilərdə 50 min hektarda taxıl əkilib. Gələn il isə bu göstəricinin 100 min hektara çatdırılması nəzərdə tutulub:

“Ötən il ölkə iqtisadiyyatında 5 faizlik artım əldə edilib. Kənd təsərrüfatında isə 3.4 faizlik artım olub. Son 5 ildə aqrar sektorun inkişafı ilə əlaqədar görülən tədbirlər, qəbul olunan dövlət proqramları nəticəsində ölkədə meyvə istehsalı 2, üzüm istehsalı 2, pambıq istehsalı isə bir neçə dəfə artıb. Artıq özümüzü mal ətilə 90%, qoyun ətilə demək olar ki 100%, toyuq ətilə isə 80% təmin edə bilirik. Bu göstəricilərin artırılması, ərzaq təhlükəsizliyin təmin olunması üçün əlavə tədbirlər görülür. Yaxşı hal odur ki, ötən il 877.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları xarici ölkələrə ixrac edilib. Bu, əvvəlki illərlə müqayisədə 15.1% çoxdur. 2021-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5 minə yaxın fiziki və hüquqi şəxsə 71.5 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bu da sahibkarlığın inkişafına müəyyən təkan verib. Eyni zamanda işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı üçün yararlı torpaqların əkilib becərilməsi məqsədi qarşıya qoyulub”.

Millət vəkili hesab edir ki, kənd təsərrüfatının inkişafı tarixən diqqət mərkəzində olub, çünki əhalinin demək olar ki, 50 %-i bilavasitə kəndlərdə yaşayır:

“Onların əksəriyyəti aqrar sahə ilə məşğul olur. Əvvəllər regionlarda yol, işıq, su, qaz problemləri var idisə, bu gün demək olar ki, həmin problemlərin əksəriyyəti aradan qaldırılıb. Əlbəttə ki, müəyyən problemlər var. Bunların aradan qaldırılması istiqamətində də tədbilər görülür. Xüsusilə əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün ərzaqlıq buğda sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması bu gün hökumətin qarşısında duran ən başlıca vəzifələrdən sayılır. Çünki biz özümüzü 2 milyon ton taxılla təmin edə bilirik. Kənardan isə 1.3 milyon ton taxıl alınır ki, bu da bu gün Ukrayna-Rusiya arasında baş verən müharibə nəticəsində xeyli dərəcədə çətinləşib. Lakin Azərbaycan hökuməti bununla əlaqədar bir sıra qabaqlayıcı tədbirlər görüb”.

T.Rzayev bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün ərzaq məhsullarının xaricə ixrac olunmasına müəyyən məhdudiyyətlər qoyulub:

“Digər tərəfdən, xarici ölkələrdən məhsul idxalı üçün müəyyən tədbirlər hazırlanıb. Sözssüz ki, bu gün ölkədə ərzaq çatışmazlığı yoxdur. Hökumətin verdiyi proqnozlara görə də, bu, çatışmazlıq olmayacaq. Lakin müəyyən çətinliklər təbiidir. Çünki Azərbaycan dünyaya inteqrasiya olunub. Dünyada baş verən ərzq bahalaşması Azərbaycandan da yan keçə bilməz. Həyata keçirilən bir sıra tədbirlər çörəyə, ərzaqlıq buğdaya tələbatın ödəniləcəyini, ciddi problemlərin olmayacağını göstərir. Aqrar sahədə işlərin sürətləndirilməsi, bu sahəyə daha çox vəsaitin cəlb olunması ümid verir ki, Azərbaycanın kənd təsərrüfatı bundan sonra da inkişaf edəcək.

Komitə sədrinin sözlərinə görə, məhsuldarlığı artırmaqla aqrar sektorda müəyyən nailiyyətlər əldə edə bilərik:

“Müasir texnologiyanın təəssərüfata tətbiq edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, kadr hazırlığının daha da möhkəmləndirilməsi işə məsuliyyətlə yanaşmanı tələb edir. Son illərdə Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də müvafiq orqanların birgə səyləri nəticəsində yerlərdə artıq sahikarlığın inkişafı üçün yeni üsulların, metodların tətbiqi sürətləndirilib. Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması aqrar sahənin inkişafına təkandır”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …