Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan Xəzərin o tayı ilə əməkdaşlıqdan nə qazanır?

Azərbaycan Xəzərin o tayı ilə əməkdaşlıqdan nə qazanır?

Xəbər verdiyimiz kimi, dekabrın 14-də Türkmənistanın turistik Avaza rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib, ardınca dövlət başçıları geniş tərkibdə bir araya gəliblər.

Prezident İlham Əliyev çıxışında deyib ki, Azərbaycan, Türkiyə və Türkmənistan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır: “Biz xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələrlə qürur duyuruq. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz, Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artıb.

Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib, önəmli tranzit ölkəsinə çevrilib. 2022-ci ilin 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

Azərbaycan-Türkiyə-Türkmənistan arasında 6 sənəd imzalanıb

Dövlət başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olduğunu deyib və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulduğunu bildirib: “Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu zonanın imkanlarından faydalanmağa dəvət edirik. 2017-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma Zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.

Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. 9-cu beynəlxalq hava limanının 2024-cü ildə Laçında açılması nəzərdə tutulub”.

Dövlət başçısı əlavə edib ki, dünyada yeni çağırışlar və təhdidlər var, bu səbəbdən üç ölkə arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.

Geniş tərkibdə görüşdən sonra Azərbaycan-Türkiyə-Türkmənistan arasında “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş”; “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası çərçivə proqramı”; “Gömrük əməkdaşlığına dair birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair hökumətlərarası memorandum”; “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair qurumlararası memorandum”; “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair qurumlararası memorandum” imzalanıb.

R.T.Ərdoğan çıxışında Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına çıxarılması istiqamətində işlərə başlanmasına çağırıb. Onun sözlərinə görə, Ukraynadakı müharibə enerji təchizatı mənbələrinin şaxələndirilməsi məsələsini son dərəcə aktuallaşdırıb: “Biz Azərbaycan və türkmən qardaşlarımızla Xəzər dənizindəki dostluq prosesində əməkdaşlıq etməyə hazırıq”.

Türkmənistan Prezidenti Sərdar Berdumuhemmedov isə bildirib ki, hər üç ölkdə enerjidaşıyıcılarının dünya bazarına çıxarılmasının koordinasiya olunmuş və çoxvariantlı ixrac sisteminin yaradılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə, oradan isə digər ölkələrə çatdırılması prosesi etibarlılığa və təhlükəsizliyə zəmanətə əsaslanmalıdır. Türkmənistan prezidenti qeyd edib ki, üç ölkənin qaz sahəsində əməkdaşlığı, təchizat marşrutlarının diversifikasiyası və fəaliyyəti çoxtərəfli maraqları nəzərə alan dəqiq və aydın standartlara, həmçinin etibarlılıq və təhlükəsizlik zəmanətinə əsaslanmalıdır.

Türkiyə Prezidenti Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşündə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Avazada baş tutan görüşündə mühüm qərarlar qəbul edildiyini açıqlayıb. Onun sözlərinə görə, enerji, təbii qaz, nəqliyyat sahələrində atılacaq addımlar çox böyük önəm daşıyır: “Biz bu gün bunun əsasını qoysaq, gələcəyə doğru mühüm addımlar atmış olacağıq. Türkiyə, Azərbaycan və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü tarixə Avaza Zirvəsi olaraq yazılacaq”.

Ərdoğan həmçinin bildirib ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması qurumu gücləndirəcək: “Üç ölkə liderinin görüşü çox böyük addımlar atılacağının göstəricisidir”.

Üçlü zirvədən dönərkən Türkiyə Prezidenti mətbuata bəzi detallar barədə aşıqlama verib. Bildirib ki, Türkmənistanda hasil edilən təbii qazın Türkiyədən Azərbaycan ərazisi ilə nəqli üçün 3 ölkənin müvafiq enerji nazirlərinin əhatəli müzakirələri aparılacaq. R.T.Ərdoğan deyib ki, bir ay içində bu görüşün təşkili üçün enerji və təbii sərvətlər nazirinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Orta dəhlizlə yükdaşımaların artması Azərbaycan tranzit ölkə rolunun güclənməsinə şərait yaradır. Cari ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi 8,3 milyon ton təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz artım deməkdir. Azərbaycan ərazisindən dəmir yolu ilə Türkmənistan istiqamətində (və ya əks istiqamətdə) daşınan tranzit yüklərin əsas hissəsini neft və neft-kimya sənayesi məhsulları təşkil edir.

Konteyner daşımalarına gəldikdə, 2022-ci ilin 10 ayı ərzində Azərbaycan ərazisindən TEU ekvivalentində 35 min 675 konteyner tranzit yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur. Belə ki, 2021-ci ilin 10 ayında bu rəqəm 23 min 488 konteyner (TEU) təşkil etmişdi.

Azərbaycan 2022-ci il ərzində Türkmənistanla ticarəti kəskin artırıb. Cari ilin yanvar-oktyabr aylarında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 377,25 milyon ABŞ dolları olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 105,03 milyon ABŞ dolları olmuşdu.

Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının üçtərəfli  görüşü keçiriləcək

Rəsmi statistikadan aydın olur ki, on aylıq ticarətimizin 133 milyon dolları Türkmənistandan aldığımız neftin (180 min 224,17 ton), 89,2 milyon dolları təbii qazın (702 milyon 441,72 min kubmetr), 49,6 milyon dolları Aİ92 benzininin (42 min 831,33 ton), 7,8 milyon dolları Aİ 95 benzininin (8 min 258,9 ton), 25,8 milyon dolları təyyarə kerosininin (23 min 57,16 ton), 43,4 milyon dolları Ağır destilyatlar və ya digər məqsədlər üçün qazoylların (38 min 916,38 ton), 5,4 milyon dolları emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün sürtkü yağları və ya digər məqsədlər üçün sürtkü yağlarının(6576,74 ton), 3,2 milyon dolları digər təyyarə kerosininin (4333,59 ton) payıdır.

Türkmənistana ixracımız isə cəmi 15 milyon 587,76 min dollar təşkil edib ki, bunun da 7,7 milyon dolları ağ şəkərin payıdır.

Türkmənistandan qaz idxalı aprel ayından başlayıb.

Göründüyü kimi, Azərbaycan Türkmənistan neftini alaraq dünya bazarına ixrac edir və bunu sürətlə genişləndirir. Avropa İttifaqının Rusiya neftinə qarşı embarqo qərarı qüvvəyə mindikdən sonra Azərbaycanın “LUKoil” şirkətinin Xəzərdəki yataqlardan hasil etdiyi nefti alaraq dünya bazarına çıxarması mümkünsüz hala gəlib. Bu isə 2023-cü ildə daha böyük həcmdə Türkmənistan neftinin daşınmasına imkan yaradacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda neft hasilatı və ixracı təbii səbəblərdən sürətlə azalır. Belə ki, ötən ilin 11 ayında ölkədə 31,6 milyon neft (kondensatla birlikdə) hasil olunmuşdusa, bu ilin eyni dövründə hasilat 29,8 milyon ton təşkil edib. Bu zaman ixrac 25,7 milyon tondan 24 milyon tona düşüb. Bu isə ölkənin neft nəqli infrastrukturu ilə digər ölkələrin məhsullarının daşınması üçün imkanları genişləndirir. Artıq Qazaxıstanla 2023-cü ildə 1,5 milyon ton neftin BTC ilə ötürülməsinə dair razılıq əldə olunub. Tezliklə bu həcmin 6 milyon tona qədər artırılması nəzərdə tutulur.

Azərbaycan həmçinin Türkmənistandan svop yolu ilə qaz alaraq, Avropaya daha çox qaz ixrac etmək imkanı əldə edir. Bu ilin 11 ayında ölkədəqaz istehsalı 7 faiz artaraq 42,5 milyard kubmetrə çatıb. Bu həcmin 20,1 milyard kubmetri 10,3 milyard kubmetri bilavasitə Avropaya olmaqla xarici ölkələrə ixrac olunub. Beləliklə də, yanvar-noyabr aylarında qaz ixracı 19 faiz artıb. Dekabr ayında SOCAR-la “Qazprom” 1 milyard kubmetr qaz alqı-satqısına dair müqavilə imzalayıb. Rusiyadan alınan qaz ölkənin daxili tələbatının ödənməsinə yönəldiləcək.

Göründüyü kimi, Xəzərin o tayındakı türk dövlətləri ilə əlaqələrinin genişlənməsi Azərbaycan üçün mühüm imkanlar açır. Bu imkanların ölkə üçün ciddi gəlir mənbələri formalaşdıracağı şübhəsizdir.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …