Ana səhifə / İqtisadiyyat / Azərbaycan Ukraynadan torpaq alıbmı?

Azərbaycan Ukraynadan torpaq alıbmı?

Məlumat verdiyimiz kimi, Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti həftəsonu Azərbaycana səfər edəcək. İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu səfərin məhz indi – Azərbaycanın Ukraynada torpaq icarəyə götürərək buğda yetişdirəcəyinə dair məlumatların yayıldığı vaxt reallaşması təsadüf kimi qiymətləndirilmir. Belə ki, son vaxtlar buğdanın dünya bazar qiymətinin sürətlə bahalaşması Azərbaycanda bu məhsulla özünütəminat  sahəsindəki problemlərin geniş müzakirəsinə səbəb olub. Xüsusilə ölkə daxilində unun və çörəyin qiymətinin kəskin artmasından sonra Azərbaycanın strateji məhsulla özünütəminata nail ola bilməməsinin səbəbləri barədə fikirlər çoxalıb. Bu məsələyə yerli telekanallara verdiyi müsahibədə Prezident İlham Əliyev də toxunub. Bildirib ki, ölkənin iqlim şərtləri və torpaq ehtiyatları buğda ilə tam özünütəminata imkan vermir. Buna görə də hökumət başqa ölkələrdə torpaqları icarəyə götürüb buğda yetişdirmək variantı üzərində işləyir.

Müsahibədən sonra – yanvarın 14-də Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfəri zamanı Kiyevdə bir sıra sənədlər imzalanıb. Bunlar Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” saziş, Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında “Aqrar sahədə əməkdaşlıq haqqında”və  nəhayət, Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumlarıdır. Göründüyü kimi, hər 3 sənəd Azərbaycan hökumətinin üzərində işlədiyi variant – başqa ölkədə torpaq icarəyə götürüb buğda əkilməsi prosesi üçün vacib olan sənədlərdir. Həmin sənədlərin imzalanmasından sonra mətbuata açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov buğda təminatı ilə bağlı açıqlamasında Azərbaycanın taxıl əkməsi üçün bəzi dövlətlərdə torpaq ehtiyatlarının olduğunu bildirib. Deputat həmçinin Azərbaycan hökumətinin həmin dövlətlərlə müqavilə bağlayaraq onlardan icarəyə torpaq götürüb taxıl əkiminə başlamaq istəyində olduğunu da vurğulayıb.

Bir müddətdir ki, Ukraynın münbit torpaqlarının xarici ölkələrə icarəyə verəcəyi haqda iddialar var. Rusiyalı ekspertlər də deyirlər ki, Ukrayna nəhəng qara torpaq sahələrinin kütləvi satışını planlaşdırır. Hətta Türkiyə şirkətləri də həmin torpaqları almaq, orada yetişdirəcəyi məhsulları Avropa İttifaqına sataraq on milyardlarla qazanc əldə etmək istəyir.

Rəsmi məlumata əsasən, Ukrayna Avropanın əkinəyararlı münbit torpaqlarının üçdə birinə – 32 milyon hektar torpağa sahibdir. Özü də bu torpaqlar əlverişli təbii iqlim şəraiti olan ərazilərdə yerləşməklə tam qara və ən yüksək münbitliyə malik torpaqlardır. Uzun illərdir Ukraynada kənd təsərrüfatına yararlı torpaqların satışı qadağan edilib. 2020-ci ilin martında ölkənin Ali Radası bu qadağanın fiziki şəxslər üçün 2021-ci ilin 1 iyulundan qaldırılmasına dair qanun qəbul edib. Hüquqi şəxslər isə torpağı 2024-cü ildən satın ala biləcəklər. Qanuna əsasən Ukraynada yalnız ölkə vətəndaşları və hüquqi şəxslər torpaq sahibi ola bilərlər. Xarici vətəndaşlara və fiziki şəxslərə torpaq satışına icazə verilib-verilməməsi məsələsi ölkə üzrə ümumxalq referendumuna çıxarılacaq.

Ukraynanın münbit torpaqları həm Avropa, həm ABŞ, həm Çin, həm də düşmən qonşusu Rusiyanın diqqətindədir. Son illərdə Çin Ukrayna torpaqlarından öz ərzaq təminatını gücləndirmək üçün istifadə istiqamətində bir sıra addımlar atıb: torpaqları icarəyə götürür, yaxud yerli istehsalçılara əlverişli şərtlərlə kredit ayırmaqla onlardan hazır məhsulu Çinə satmaq öhdəliyi əldə edir. Bundan əlavə, Avropa və ABŞ şirkətləri Ukraynanın nəhəng aqrar holdinqlərini həvəslə alırlar. Hətta Səudiyyə Ərəbistanı da bu sırada yer almaqdadır. Ərəblər “Mriya” holdinqini satın almaqla Ukraynada 195 min hektar  əkin sahəsinə hüquq əldə ediblər. Onlar Ukraynada terminal limanı tikmək, ölkənin dəmiryol sisteminə sərmayə yatırmağı üzərlərinə götürüblər.

Bəzi məlumatlara əsasən, hazırda Ukraynada 3,5 milyon hektar torpaq dolayı yolla 50-dək xarici investor tərəfindən istismar olunur.

Ötən il Ukraynada 32 milyon 440,7 min ton buğda istehsal olunub. Bu, orta hesabla 45,6 sentnerlik məhsuldarlıq deməkdir. Müqayisə üçün deyək ki, dünyanın ən böyük buğda istehsalçılarından biri olan Rusiyada orta məhsuldarlıq 20-27 sentner, Azərbaycanda 32 sentner təşkil edir. Ukraynada aqrar istehsalın texnoloji təchizat səviyyəsi kifayət qədər geridə qalıb. Buğda istehsalındakı məhsuldarlıq sırf torpağın münbitliyi hesabına əldə olunub. Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, müasir aqrotexniki qaydalar və texnologiyalardan istifadə olunarsa, Ukraynada buğda istehsalında məhsuldarlığı orta Avropa göstəricisindən – 55-60  sentnerdən də yüksək səviyyəyə qaldırmağa çox asanlıqla nail olmaq mümkündür. Bu baxımdan, Azərbaycanın Ukraynada torpaq icarəyə götürüb müasir texnologiyalar tətbiq etməklə buğda əkib, yüksək məhsuldarlıq əldə etməsi heç də çətin olmaya bilər. Lakin bununla ölkənin buğdaya olan tələbatının təhlükəsizlik qarantiyasına alınmasını təmin etmək mümkün olacaqmı? Ukrayna ətrafında gedən gərgin geosiyasi mübarizələrin fonunda, bu, heç də real görünmür…

Bəzi mənbələr Azərbaycanın Rusiya və Qazaxıstanda da torpaq icarələyəcəyini bildirirlər. Bu ölkələrdən Rusiyada buğda yetişdirmək oradan hazır məhsul almaq qədər qarantiya verə bilər. Qazaxıstana gəlincə, bu ölkənin torpaqları çox geniş olsa da, təbii iqlim şəraiti yüksək məhsuldarlıq əldə etməyə imkan vermir. Bütün bunlar göstərir ki, kənarda torpaq icarəyə götürüb buğda əkməkdənsə, Azərbaycanın özündə məhsuldarlığı artırmaq daha real və dövlətin maraqlarına cavab verən proses olar.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin verdiyi məlumata əsasən, elektron kənd təsərrüfatı informasiya sistemindəki qiymətləndirmələr onu göstərir ki, Azərbaycanda ümumi buğda əkinlərinin təqribən 38 faizi dəmyə ərazilərdə həyata keçirilir, 64 faizi formal olaraq suvarılan hesab olunur. Bu 64 faiz suvarılan ərazilərin 43 faizində ciddi su problemləri mövcuddur, bu da ümumi buğda sahələrinin 26 faizini təşkil edir. Beləliklə, 38 faiz dəmyə, 26 faiz isə suvarma problemləri olan ərazilərdir. Yəni bizim 64 faiz buğda əkinimiz suvarma problemləri olan və ya suvarma olmayan ərazilərdə həyata keçirilir ki, buna görə də bizim məhsuldarlığımız orta hesabla 31-32 sentner təşkil edir.

Rəsmi statistikaya əsasən, ölkə üzrə ümumi torpaq fondu 8 milyon 660 min hektardır. Bunun 4 milyon 780,1 min hektarı kənd təsərrüfatına yararlı hesab olunur. Bunun 204,3 min hektarı çoxillik əkmələr, 2 milyon 462,2 min hektarı otlaq-örüş sahələridr.  2019-c ildə bitkiçilikdə əkin sahələri 1 milyon 717 min 54 hektar təşkil edib, 2020-ci ildə bu göstərici 1 milyon 630 min 935 hektara düşüb.

Əkilən torpaqların xeyli hissəsi suvarma ilə təmin olunmayıb. Rəsmi məlumatlara əsasən, suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini (1 milyon 432,7 min hektar) təşkil edir. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95 faizi bu torpaqlardan götürülür. Suvarılan torpaqların təxminən üçdə birindən çoxu (565 min hektarı) mexaniki üsulla, o cümlədən 349,4 min hektar elektrikləşdirilmiş, 68,2 min hektar dizel nasos stansiyaları ilə, 147,7 min hektarı isə subartezian quyuları vasitəsi ilə suvarılır.

Hesablamalara görə, torpaq-iqlim şəraiti Azərbaycanda suvarılan torpaq sahəsini 3,0-3,5 milyon hektara qədər artırmağa imkan verir. Lakin su çatışmazlığı üzündən buna nail oluna bilmir.

Aydındır ki, Azərbaycan su ehtiyatları məhdud ölkələr sırasındadır. Qlobal iqlim dəyişikliyinin təsiri ilə su təminatı getdikcə daha da çətinləşəcək. Bu, sudan maksimum səmərəli və qənaətlə istifadəni tələb edir. Lakin ölkədə mövcud su ehtiyatlarından istifadə sahəsindəki itkilər dünya ortalamasından iki dəfəyə yaxın yüksək səviyyədədir.  Meliorasiya və Su Təsərrüfatı ASC-nin məlumatına əsasən, 2020-ci ildə təbii mənbələrdən kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı üçün 11 milyard 210,4 milyon kubmetr su götürülüb. Bunun 3 milyard 174,9 milyon kubmetri nəql zamanı itkiyə gedib, cəmi 7 milyon 235,9 min kubmetri təyinat məntəqəsinə çatıb. Sudan istifadə planına əsasən, 2021-ci ildə 1milyon  407 min 387 ha sahədə kənd təsərrüfatı bitkilərinin, o cümlədən 514 198 ha sahədə taxıl, 100 844 ha sahədə pambıq, 2 584 ha sahədə tütün, 430 414 ha sahədə yem bitkiləri, 71 736 ha sahədə bostan-tərəvəz, 141 682 ha sahədə çoxillik bitkilər və 145 929 ha həyətyanı sahələrin vegetasiya suvarılması üçün mənbələrdən 10 milyard 233 milyon kubmetr həcmində suyun götürülməsi və ayrıclardan təsərrüfatlara 7 milyard 283 milyon kubmetr suyun verilməsi nəzərdə tutulmuşdur.

Bu, götürülən suyun 28 faizdən çoxunun nəql zamanı itirilməsi deməkdir. Suvarma sistemlərinin, texnologiyaların köhnəliyi üzündən olan itkiləri də əlavə etdikdə, Azərbaycanda kənd təsərrüfatı sahələrinin suvarılması zamanı suyun 50 faizinin itkiyə getdiyini rahatlıqla söyləyə bilərik. Bu o deməkdir ki, itkilərin həcmini dünya ortalamasına – 8-9 faizə endirməklə Azərbaycan suvarılan torpaqların sahəsini minimum 20-30 faiz genişləndirə, üstəlik, əvvəldən suvarılan ərazilərdə su təminatını yetərli səviyyəyə çatdıra bilər.

Eyni zamanda Azərbaycan mümkün olan ən qısa müddətdə yerli şərtlərə uyğunlaşdırılmış buğda sortlarının yetişdirilməsini təşkil etməlidir. Beləliklə, xarici ölkələrdə torpaq icarəsi, məhsul yetişdirməyə sərf olunacaq vəsaitləri suvarma sisteminin yenilənməsinə, toxumçuluğun real inkişafına yönəltmək daha etibarlı buğda təminatı əldə etməyə imkan verər. “Yeni Müsavat”

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …