Ana səhifə / İqtisadiyyat / “Azərbaycan üçün yaxın illərin ən ciddi problemi iqtisadiyyat olacaq”

“Azərbaycan üçün yaxın illərin ən ciddi problemi iqtisadiyyat olacaq”

“2023-cü ilin başlanğıcında iqtisadiyyatla bağlı rəsmi bəyanat və çıxışlarda 2 məqam diqqətdən yayınmadı. Mərkəzi Bankın bu il üzrə pul siyasəti bəyanatında həmişəkindən fərqli olaraq rəqəmlər üzərindən makroiqtisadi proqnoz və gözləntilər açıqlamağa üstünlük verilmədi. Sənədin mətni maksimum konservativ və ehtiyatlı hazırlanıb. Bu, gələn il qlobal iqtisadiyyatda volatilliyin yüksək olacağı ilə izah edilir”. 
Bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, məsələn, inflyasiyanın tədricən hədəf diapazonuna (4±2%) doğru hərəkət edəcəyi qeyd edilir, amma 2 rəqəmli inflyasiyadan can qurtarmağın mümkün olub-olmayacağına dair hər hansı işarə yoxdur:
“Əlbəttə, 2022-ci illə müqayisədə hətta 0,1% azalma belə hədəf diapazonuna daha yaxın olmaqdır, amma kəskin inflyasiyasiya təzyiqinin azalması baxımından hər hansı rolu olmayacaq bir enişdir. Elə bəyanatda əksini tapan “inflyasiya təzyiqlərinin azalması gözlənildiyindən daha uzun çəkə bilər” qeydi qlobal iqtisadi proseslərdəki qeyri-müəyyənliyin MB-nin proqnozlaşdırma işini çətinləşdiyini göstərir.
Başqa bir qeyd (“inflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaq”) məzənnə sabitliyinin bu il də maksimum qorunacağını göstərir.
Ötən ildən fərqli olaraq builki sənəddə tədiyyə balansının profisiti və iqtisadi artım göstəriciləri üzrə də rəqəmli proqnozlar əksini tapmayıb.
İkinci diqqəti çəkən məqam dövlət başçısının ilin son günündəki ənənəvi çıxışı idi.
Əvvəlki illərdən fərqli olaraq iqtisadi məsələlərə daha az yer ayrılmışdı. Bu əslində 2020-ci ildən müşahidə olunmaqdadır”.
R. Ağayev hesab edir ki, hökumətə artıq özünün daha güclü olduğu və daha böyük uğur qazandığını düşündüyü Qarabağ mövzusunda danışmaq daha rahatdır:
“Amma yaxın illərin ölkə üçün ən ciddi problemi iqtisadiyyat olacaq və postpandemiya dövründə kəskinləşən problemlər bunun əsas göstəricisidir. Hələlik qlobal amillər səbəbindən yüksək enerji qiymətlərinin yaratdığı “morfi effekti” problemlərin kəskinliyini hiss etməyə imkan vermir.
Yüksək inflyasiya vətəndaşların yoxsullaşmasını sürətləndirdi. Şübhəsiz ki, obyektiv və etibarlı statistika olmadığı üçün biz yenə ənənəvi yoxsulluq göstəricilərini görəcəyik. Halbuki hətta rəsmi statisitika illik qida inflyasiyasının 20%-i ötdüyünü göstərir ki, bu istər əhalinin ümumi gəlirlərinin, istərsə də orta əmək haqqının artım tempini az qala üstələyir. Və real gəlirlərin azaldığı şəraitdə yoxsulluğun genişlənməsi qaçılmazdır.
Hökumətin ötən ilin başlanğıcında 300 manata qaldırdığı minimum əmək haqqı il ərzində ən azı 20% öz alıcılı qabiliyyətini itirdi – indi minimum maaşa işləyən 10 minlərlə insanın maddi durumunu göz önünə gətirin. 2023-də minimum maaşın artımına dair hər hansı siqnal yoxdur və deməli ilin sonuna qədər ikirəqəmli inflyasiya bu qədər maaşla yaşayan adamların gəlirlərinin bir hissəsini də yeyəcək.
İqtisadiyyatı ölkənin 1 nömrəli problemi kimi qəbul edib davranmasalar, sonrası gec olacaq. Yüksək neft-qaz qiymətlərinin və inflyasiyanın şişirtdiyi nominal göstəricilərin (xüsusilə də büdcə və valyuta ehtiyatları) gözlərinizi qamaşdırmasına imkan verməyin…”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …