Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli iqtisadi kooperasiyası

Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli iqtisadi kooperasiyası

Qlobal proseslər regional səviyyədə münasibətlərin möhkəmləndirilməsi yolu ilə mövcud və potensial problemlərin həlli zərurətini aktuallaşdırıb. Bu baxımdan, Cənubi Qafqazın lideri olan Azərbaycanla Mərkəzi Asiyanın iki aparıcı ölkəsi – Qazaxıstan və Özbəkistan arasında üçtərəfli iqtisadi kooperasiyanın yaradıla bilməsi ehtimalı böyük maraq doğurur.

İqtisadçı-ekspert Xalid Kərimli AzVision.az -a müsahibəsində baxışların oxşarlığının və hədəflərin identikliyinin Azərbaycan-Qazaxısta-Özbəkistan üçtərəfli iqtisadi inteqrasiyasının yaradılmasına ciddi zəmin yaradır

– Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin genişləndirilməsində bir müddət əvvəl logistika və kommunikasiyalar müstəvisində imzalanmış üçtərəfli Azərbaycan-Türkiyə-Qazaxıstan bəyannaməsinin əhəmiyyətini necə qiymətləndirərdiniz?

– Ümumiyyətlə, Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər, nəqliyyat və rabitə nazirlilərinin son görüşləri zamanı müzakirələrində diqqəti cəlb edən əsas məsələ hazırkı dönəmdə yaranmış beynəlxalq şəraitdə ölkələrin daha çox faydalanması məsələsidir. Artıq uzun müddətdir Çindən çıxmaqla Avropaya və yaxud da ki, Avropadan Çinə malların daşınması üçün Orta dəhliz layihəsinin reallaşdırılması istiqamətində ölkələr addımlar atır və əməkdaşlıq etməyə çalışırlar. Əslində bu layihənin bir çox testləri də olub. Azərbaycan bu prosesdə fəal iştirak edib. Lakin bu layihənin, bu dəhlizin aktiv və işgüzar hala gəlməsi bu prosesdə iştirak edən bütün ölkələr üçün maraqlıdır. Ancaq burada müəyyən çətinliklər var. Çindən çıxaraq Qazaxıstanın, Transxəzər və Azərbaycanın üzərindən keçməklə dəmir yolu, dəniz nəqliyyatı və yenidən dəmir yolu vasitəsilə Avropaya yönəldiləcək yüklərin alternativ marşrutlarının müəyyənləşdirilməsi hər 3 ölkənin maraqları çərçivəsindədir. Lakin pandemiyadan öncə, xüsusən də dəniz və okean nəqliyyatının ön planda olması ənənəvi marşrutlardan yük axınlarının bu istiqamətə yönəldilməsini bir qədər çətinləşdirirdi. Çünki biznes strukturları süni şəkildə bu prosesdə iştirak etmək istəmirdi. Lakin pandemiya zamanı ortaya çıxan məhdudiyyətlər, daha sonra Rusiya-Ukrayna müharibəsi fonunda ənənəvi quru yükdaşıma axınlarının marşrutlarında yaranan problemlər bu istiqamətə ciddi fikir vermək zərurətini ortaya qoyub. Burada əsas diqqəti cəlb edən məsələ ondan ibarətdir ki, bir çox ölkələrin ərazisindən keçəcək bu yük axınlarının maya dəyərinin aşağı salınması, güzəştli tariflərin müəyyənləşdirilməsi, ölkələr arasında yük daşımalarının dəyər zəncirinin maraqlı olan şərtlərin formalaşdırılması üçün bu ölkələrin müvafiq strukturları zaman-zaman görüşürək müzakirələr aparırlar. Bu istiqamətdə hal-hazırda ciddi addımlar atılır ki, burada da diqqəti cəlb edən əsas məsələ Transxəzər yük daşımalarının rolunun artmasıdır.

– Mərkəzi Aziya regionunda ən böyük insan kapitalına malik olan Özbəkistanla ölkəmizin ticari-iqtisadi əlaqələrinin həcmi mövcud potensiala uyğundurmu? Bu baxımdan, Azərbaycan prezidentinin Özbəkistana son səfəri çərçivəsində imzalanmış müqavilələr hansı yeni imkanları açır?

– Hal-hazırda Azərbaycanla Özbəkistan arasında ticari-iqtisadi əlaqələr ölkələrin potensialından dəfələrlə aşağı səviyyədədir. Ölkə rəhbərlərinin son görüşdə verdiyi bəyanatlarda da bunu aydın şəkildə hiss etmək olur. Təbii ki, strateji tərəfdaş olan bu iki ölkə iqtisadi-ticari əlaqələri artırmaq istəyirlər. Burada xüsusən birgə müəssisələrin yaradılması, müəssisələrarası kooperativləşmənin artırılması, xüsusən də ölkələrin üstün olduqları sahələrdə bir-birilə təcrübə mübadiləsinə gedilməsi, birgə fondun yaradılması və birgə investisiya layihələrinin həyata keçirilməsi bu istiqamətdə atılacaq önəmli addımlardandır və ölkələrin iqtisadi-ticari, maliyyə əməkdaşlığını artıracaq addımlardır. Hal-hazırkı rəqəmlər iki ölkənin potensialı baxımından kiçik rəqəmlərdir və bunun yaxın gələcəkdə on dəfələrlə artırılması hər iki ölkənin maraqları çərçivəsindədir. Xüsusən də, Özbəkistanın Azərbaycan vasitəsi ilə nəqliyyat-logistika dəhlizinə çıxmaq istəyi, Azərbaycanın dəmir yolu xətlərindən, quru nəqliyyat yollarından istifadə edərək Avropaya, Qara dənizə, Türkiyəyə çıxmaq istəyi və arzusu bu iki ölkənin gələcək fəaliyyətinin genişləndirilməsinin anonsunu verir. Özbəkistan Qazaxıstan üzərindən keçməklə Transxəzər layihələrində iştirak etmək istəyir. Azərbaycan-Özbəkistan iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi üçün iki ölkənin bu istiqamətdə birgə fəaliyyətdə niyyətli və maraqlı olması, konkret işlərin görülməsi üçün komissiyaların yaradılması, birgə müəssisələrin təşkili üçün protokolların imzalanması, niyyətlərin elan edilməsi onu deməyə imkan verir ki, hər iki ölkə yaxın gələcəkdə iqtisadi-ticari əlaqələrini genişləndirəcək.

– Xəzərə birbaşa çıxışı olmayan Özbəkistanın Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzərdə reallalşdırıla biləcək hansı layihələrdə iştirakı mümkündür? Ümumiyyətlə, bu üç ölkənin iqtisadi inteqrasiyası hansı prizmadan maraqlıdır?

– Özbəkistan Transxəzər layihələrində iştirak etməyə iddialı ölkələrdən biridir. Transxəzər, Orta dəniz layihələrini istifadə etməklə öz məhsullarının Avropaya və Türkiyəyə ixracını və əksinə, bu nəqliyyat dəhlizi vasitəsi ilə özünə lazım olan malların idxalını nəzərdə tutur. Bu istiqamətdə atılan addımlar həm Azərbaycanın, həm Qazaxıstanın, həm də Türkiyənin strateji maraqlarına uyğundur. Burada Azərbaycanın uzunmüddətli investisiya qoyduğu Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və hal-hazırda intensiv inşa etdiyi Bakı-Zəngəzur və sonradan Türkiyəyə uzanacaq dəmir yolunun inşası onu deməyə imkan verir ki, yaxın gələcəkdə ölkələrarası multi-modal daşınmalarında, Transxəzər üzərindən daşımalar üçün əldə edilmiş ümumi razılaşma bu istiqamətlərdə yük axınının həcminin böyüməsinə gətirib çıxaracaq. Nəticədə Özbəkistan bu kanallardan istifadə edərək rahat şəkildə öz məhsullarını Avropaya çaıxarmaq imkanına malik olacaq.

– Yeri gəlmişkən, bayaq xatırladığımız Azərbaycan-Türkiyə-Qazxıstan üçtərəfli logistika və kommunikasiyalar sahəsində əməkdaşlıq layihəsi Özbəkistana nə vəd edir?

– Özbəkistanın birbaşa Xəzərlə əlaqəsi yoxdur, lakin Qazaxıstan vasitəsi ilə Xəzər dənizini keçməklə Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çıxış əldə edə bilər. Hal-hazırda Orta dəhliz layihəsində Transxəzər yükdaşımalarının payının artırılması, ənənəvi bərə yolu ilə daşımaların artırılması və güzəştli tariflərin müəyyənləşdirilməsi prosesi gedir. Azərbaycan həm Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsi ilə Türkiyə üzərindən Avropaya məhsul ixracında öz rolunu, həm də Gürcüstanın Poti və Batumi limanlarından istifadə etməklə Ukrayna, Rumıniya və Türkiyə ilə ticarət istiqamətində yükdaşımaların həcmini artırmaq istəyir. Alternativ marşrut isə Zəngəzur üzərindən keçməklə reallaşdırılan layihədir. Bu istiqamətdə Zəngəzur üzərindən keçməklə Azərbaycanı Naxçıvana birləşdirən və Ermənistanın da proseslərə cəlbini nəzərdə tutan, üstəgəl Naxçıvandan keçməklə Qars dəmir yolu xətti ilə birləşməsi nəzərdə tutulan layihə də diqqət mərkəzinədidr. Özbəkistan bu proseslərdə Azərbaycan, Qazaxıstan və Türkiyənin birgə əməkdaşlıq platformasında nəqliyyat və yük daşımalarında iştirak etməyə maraqlı ölkədir. Özbəkistan son dövrlər ciddi surətdə iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə də ölkənin son zamanlar dünya iqtisadiyyatına açılması idxal-ixrac əməliyyatlarının kəskin surətdə artmasına gətirib çıxarıb. Beynəlxalq qurumlarla ciddi surətdə əməkdaşlıq edilir, ölkəyə böyük maliyyə resurslarının cəlbinə nail olunub. Burada alternativ, etibarlı kommunikasiya və daşınma əlaqələrinin formalaşdırılmasında iştirak etmək Özbəkistanın birbaşa dövlət maraqlarına daxil olan məsələdir.

– Son zamanlar Azərbaycan həm də sərmayə ixracatçısı rolunda çıxış edir. Ümumiyyətlə, sərmayələr yatırımı baxımından, Azərbaycan, Qazaxıstan və Özbəkistanın hansı layihələrdə müştərək iştirakı mümkündür?

– Azərbaycanın ən böyük yatırımları Türkiyəyədir. Türkiyənin neft-qaz və neft-kimya sənayesinə Azərbaycan böyük yatırımlar edib. Eyni zamanda Gürcüstanda Azərbaycanın böyük yatırımları var. Burada əsas məsələb bu dövlətlərin Azərbaycan üçün çox xüsusi əhəmiyyətli partnyor olmasıdır, həm də ölkənin şirkətlərinin bu istiqamətdə fəaliyyətinin davam etdirilməsi və sinerji effektinin yaradılmasıdır. Bu baxımdan, Azərbaycanın Qazaxıstan və Özbəkistana investisiya qoyması da gündəlikdə olan maəsələdir. Xüsusən də bu üç ölkə arasında getdikcə intensivləşən yaxınlaşmalar, müxtəlif platformalarda əlaqələrin güclənməsi və gələcəyə doğru baxışlarının identikləməsi, oxşarlığın və hədəflərin eyni olması Azərbaycanın yaxın gələcəkdə bu ölkələrə də böyük investisiya qoyuluşları həyata keçirə bilməsinə imkan verir. Əslində Türk dövlətləri təşkilatı çərçivəsində yaradılan birgə Fond da məhz bu quruma üzv olan Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyənin birgə maraqlarına cavab verən və birgə strateji hədəflərə xidmət edəcək istiqamətlərə investisiya qoyuluşunun maliyyələşdirilməsinin vahid fondunun təşkili deməkdir. Ancaq Azərbaycan eyni zamanda Özbəkistanla birgə kooperativ müəssisələrin qurulmasında maraqlıdır. Bu avtomobil sənayesi, neft-kimya sənayesi ola bilər ki, bu da hər iki ölkə üçün maraqlıdır və hər iki ölkənin ciddi şəkildə gələcəyə doğru baxışlarını təmin edir. Bundan başqa, Qazaxstanla müxtəlif Transxəzər layihələrinin birgə maliyyələşdirilməsi, Azərbaycanın zaman-zaman səsləndirdiyi ərzaq təhlükəsizliyi baxımından əkinçiliklə məşğul olmaq üçün ölkədən kənarda torpaq icarəyə götürməsi kimi məsələdə Qazaxıstanın iştirakı və iki ölkənin bu sahədə birgə əməkdaşlığı, müxtəlif birgə layihələrin həyata keçirilməsi mümkündür. Bu məqamlar xüsusən də hər üç ölkənin dünya ticarətində aktiv iştirakına səbəb olacaq, birgə nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və ticarətin artmasına gətirib çıxaracaq. Bu istiqamətlərdə hər üç ölkənin birgə fəaliyyəti kifayət qədər reallığı əks etdirən məsələdir və əminəm ki, yaxın gələcəkdə müxtəlif Transxəzər layihələrini bu ölkələrin birgə maliyyələşdirməsinin və birgə inşa etməsinin də şahidi olacağıq.

– Qazaxıstan və Özbəkistan şirkətlərinin, öz növbəsində, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası müstəvisində hansı rolu oynaya biləcəyini söyləyə bilərsiznizmi?

– Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasını sürətləndirmək üçün dost dövlətlərin, xüsusən də müharibə dönəmində haqq işinin aparılmasında onu müxtəlif platformalarda dəstəkləyən qardaş ölkələrin iştirakına əlverişli şərait yaradıb. Bunun ən böyük örnəyi kimi ərazilərin bərpası prosesində Türkiyə inşaat şirkətlərinin aktiv rol oynamasını göstərmək olar. Bu baxımdan, Qazaxıstan və Özbəkistanın bu prosesdə iştirakı üçün də Azərbaycan öz qapılarını açıq qoyub. Azərbaycan bu zonalarda fəaliyyət göstərəcək şirkətlər üçün güzəştli şəraitin və texnoloji sənaye parklarının yaradılmasına xüsusi fikir verir. Bu xüsusən də Arazboyu vadidə yaradılan nəqliyyat və logistika imkanlarını əks etdirməsi düşünülən texnoloji və Ağdam sənaye-texnoloji parklarıdır ki, burada da əsasən qeyri-neft sənayesi sahəsində olan istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bunda iştirak etmək istəyən ölkələrə və onların şirkətləri üçün qapı açıqdır. Azərbaycan son iki ildə Qarabağın bərpası üçün sırf dövlət büdcəsindən milyardlarla manat vəsait yerləşdirib. Bununla parallel olaraq, özəl şirkətlər aktiv surətdə həmin ərazilərin bərpasında iştirak edirlər. Təbii ki, bu başlanılan işlər davamlı olacaq və investisiayların qoyulmasına, bir çox sahələrin sıfırdan yaradılmasına ehtiyac var. Bu baxımdan, böyük imkanlara və ehtiyatlara malik olan Qazaxıstan şirkətlərinin və biznesinin, o cümlədən də ciddi inkişaf yoluna qədəm qoyan Özbəkistan şirkətlərinin Qarabağın bərpasında iştirakı, ümumiyyətlə Azərbaycan iqtisadiyyatına investisiyalar qoyması, təbii ki, bizim üçün maraqlıdır. Azərbaycan həmişə xarici birbaşa investisiyaların ölkəyə cəlb edilməsinə çalışır. Əgər bunun mənbəyi dost və qardaş dövlətlərdirsə, onda bu ölkəmiz üçün ikiqat maraqlıdır. Xüsusən də bu ölkələrlə birgə müəssisələrin yaradılması, birgə fəaliyyətin koordinasiyası bu baxımdan əhəmiyyətli fəaliyyət istiqamətlərindən biridir. Hal-hazırda ərazilərin təmizlənməsi və ilkin investisiya qoyuluşları həyata keçirildiyinə görə, burada özəl şirkətlərin aktiv rol alması bir qədər məhdud çərçivədə həll olunur. Ancaq, yəqin ki, minalardan təmizlənmədən, ərazidə fəaliyyətin və sərbəst hərəkətin təhlükəsizliyiyinin təmin olunmasından sonra daha intensiv surətdə xarici şirkətlərin əraziyə investisiyalar qoyması üçün çağırışlar ediləcək. Burada təbii ki, Şərqi Zəngəzurun və Qarabağın ilkin qurulması prosesində ölkəmiz mümkün güzəştləri vermək niyyətindədir. Bu istiqamətdə təkliflər var, həm də yeni güzəştlərin verilməsi üçün işlər görülür.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …