Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir – ŞƏRH

Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir – ŞƏRH

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar-iyun aylarında büdcə gəlirləri 10 milyard 698 milyon 300 min manat, büdcə xərcləri isə 4 milyard 499 milyon 400 min manat olub.

Bu isə Fondun ötən ilin eyni dövrü ilə müqayisədə, 16,5 faiz daha çox bu il gəlir əldə etməsi deməkdir.

Bu ilin altı ayında ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 557 milyon 100 min manat təşkil edib.

Hesabat dövründə Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 141 milyon 200 min manata bərabər olub.

2019-cu il iyunun 30-a ARDNF-nin aktivləri 42 milyard 463 milyon 700 min ABŞ dolları təşkil edib. Bu rəqəm 2019-cu ilin əvvəlində 38 milyard 515 milyon 200 min dollar olub.

Bu o deməkdir ki, Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 10.25 faiz artıb.

Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur.

Fondun vəsaiti hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərdən, bonuslardan formalaşır.

Həmçinin, vəsaitləri karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən ödənilən akrhesabı ödənişlər, dividendlər, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər təşkil edir.

Sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən, Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, qrantlar, digər təmənnasız yardımlar, qanunvericiliyə uyğun olaraq digər gəlirlər, daxilolmalar da Fondun vəsaitlərini formalaşdırır.

Fondun vəsaitləri inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarına, borc kağızlarına, depozitlərə, pul bazarı alətlərinə, beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərə, daşınmaz əmlaka, qızıla investisiya edilir.

Neft Fondunun gəlirlərinin artması iqtisadi modelin dəyişməsinə, idarəetmənin daha da təkmilləşdirilməsinə təkan verir.

İqtisadçı Pərviz Heydərov Oxu.Az-a açıqlamasında deyib ki, Neft Fondu Azərbaycan üçün iqtisadi baxımdan çox əhəmiyyətli bir qurumdur.

Ekspert hesab edir ki, Neft Fondu Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığıdır”.

“Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsi Dövlət Neft Fondundan həyata keçirilən müvafiq transfert məbləği əsasında formalaşır. Dövlət büdcəsindən həyata keçirilən xərclərin sosial istiqamət daşıyan hissəsini məhz həmin vəsaitlər təşkil edir”, – deyə P.Heydərov bildirib.

Onun fikrincə, Neft Fondu xarici iqtisadi şəraitdən doğan mənfi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin qarşısının alınmasında sədd rolunu oynayır.

Ekspert söyləyib ki, Neft Fondu Azərbaycanın maliyyə gücünün əsasını təşkil edir:

“Buna görə də Neft Fondunda nəzərdə tutulan proqnozdan artıq gəlirin olması Azərbaycanın maliyyə gücünün möhkəmlənməsi, ölkədə makroiqtisadi göstəricilərin davamlılığı deməkdir.

Fondun gəlirlərinin çoxalması valyuta bazarında sabitliyi, dövlət büdcəsinə təhlükənin aradan qaldırılmasını təmin edir”.

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …