Ana səhifə / İqtisadiyyat / Azərbaycan ehtiyatlarını hansı valyutada saxlasın? – EKSPERT

Azərbaycan ehtiyatlarını hansı valyutada saxlasın? – EKSPERT

“Bloomberg”in analitiklərə istinadla ən iri mərkəzi bankların dollarda olan şəxsi ehtiyatlarını ixtisar edərək, avroda olan ehtiyatları artırmaq niyyətində olmalarına dair yaydığı məlumat xeyli müzakirələrə səbəb olub. Xatırladaq ki, agentlik mərkəz bankların bu addımının ABŞ prezidenti Donald Trampın proteksionist iqtisadi addımlarına cavab olacağını bildirib.

Onu da qeyd edək ki, hazırda bütün dünyada həcmi 10 trilyon dollardan yuxarı olan valyuta ehtiyatlarının təxminən 64 faizi ABŞ valyutasında qorunur. Avropa valyutasının payına isə cəmi 20 faiz düşür. Analitiklərin fikrincə, bu gün avronun alışı üçün mövcud şərtlər “heç zaman olmadığı kimi cəlbedicidir”. Bununla birlikdə, bazardakı vəziyyət heç də Amerika dollarının xeyrinə deyil.

Ekspertlərə görə, əgər mərkəz banklar deyilən qədər – yəni 500 milyardlıq ehtiyatları dollardan avroya keçirsələr, bu, dolların dünyadakı mövqeyini kəskin şəkildə pisləşdirə bilər. Bu isə xüsusilə ehtiyatlarının çox hissəsi dollarda olan ölkələri böyük çətinliklərlə üzləşdirə bilər. Azərbaycanın da 40 milyard dollardan yuxarı valyuta ehtiyatları mövcuddur. Bunun  36 milyard dollara yaxın Dövlət Neft Fondunun vəsaitləridir. Belə ki, Fondun ictimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə,

2018-ci il yanvarın 1-ə DNF-nin aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,02 faiz artaraq 35 806,5 milyon ABŞ dollarına bərabər olub. 

“Yeni Müsavat” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə bu il martın 1-nə 5 milyard 387,3 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 18 milyon dollar çoxdur. Yanvar-fevral aylarnda Mərkəzi Bankın valyuta ehtiyatları 52,7 milyon dollar artıb.

Onu da qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları ABŞ dollarında saxlanılır.

Neft Fondunun vəsaitlərinə gəlincə, ötən il Fondun vəsaitlərinin 47,1 faizi dollar, 35,7 faizi avro, 5,1 faizi funt sterlinq, 1 faizi Türkiyə lirəsində, 1,1 faizi Rusiya rublunda, 1,3 faizi Koreya vonunda, 1,5 faizi Yapon yenində, 1,4 faizi Çin yuanında, 3,5 faizi qızılda, qalanı digər valyutalarda saxlanılıb.

Göründüyü kimi, Azərbaycanın valyuta ehtiyatlarının xeyli hissəsi ABŞ dollarında saxlanılır. Bu şəraitdə Azərbaycan Mərkəzi Bankı və DNF hansı addımları atmalıdır? Vəsaitlərin ABŞ dollarından başqa valyutaya keçirilməsinə ehtiyac varmı?

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, Dövlət Neft Fondu və Mərkəz Bank tələsməli deyil: “Ola bilər ki, avronun bahalaşması tendensiyanın davamlı olduğunu əsas götürüb, avronun valyuta səbətində payını qismən artırmağa dəyər. Amma hesab etmirəm ki, bu, kəskin dəyişikliyə gətirib çıxarmalıdır. Əksinə, mən hesab edirəm ki, neft pullarını rus rublunda və Çin yuanında saxlamaqdansa İsveçrə frankı, Norveç kronuna sərmayə qoymaq lazımdır”.

Qlobal tendensiyaya gəlincə, iqtisadçı-alimin fikrincə, bu baş verərsə dolların mövqeyinin zəifləməsinə gətirib çıxaracaq: “Amma mən yenə də hesab edirəm ki, dollar hələ də dünya ölkələri üçün etibarlı və möhkəm dünya pulu olaraq rolunu və əhəmiyyətini saxlayır”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …