Ana səhifə / İqtisadiyyat / Azərbayca xaricdən buğda idxalı kəskin artır

Azərbayca xaricdən buğda idxalı kəskin artır

Azərbaycan qida məhsulları idxalını sürətlə artırır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycana 2021-ci ildə 1 milyard 929 milyon 891 min dollar, 2022-ci ildə 2 milyard 363 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. Başqa sözlə desək, 2022-ci ildə yeyinti məhsullarının idxalı 12,2 faiz artıb.

Ötən il Azərbaycan xaricdən 175 milyon 147,9 min dollar dəyərində (artım 20,2 faiz) 332,294 min ton şəkər xammalı və şəkər (artım 6,1 faiz), 238 milyon 762,5 min dollar dəyərində (artım 31,6 faiz) 142,489 min ton bitki yağı (artım 9,5 faiz), 75 milyon 469,5 min dollar dəyərində (artım 22 faiz) 14,406 min ton çay (artım 3,2 faiz), 108 milyon 181,9 min dollar dəyərində (artım 37,2 faiz) 18,562 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 23,5 faiz) alıb.

2022-ci ildə həmçinin 21 milyon 730,8 min dollar (azalma 2,6 faiz) 4,818 min ton iribuynuzlu heyvan ətinə (azalma 15,8 faiz), 54 milyon 610,3 min dollar (artım 32,2 faiz) 34,75 min ton quş əti və quş əti məhsullarına (artım 12,4 faiz), 130 milyon 105,5 min dollar (artım 10,8 faiz) 129,344 min ton meyvə (artım 12,6 faiz), 16 milyon 644,7 min dollar (azalma 19 faiz) 27,067 min ton tərəvəz (azalma 31,7 faiz), 55 milyon 185,7 min dollar (azalma 11,1 faiz) 197,687 min ton kartof (azalma 8 faiz) idxalına xərc çəkilib.

Yeyinti məhsulları idxalında artım 2023-cü ildə də davam edir. Belə ki, 2023-cü ilin yanvar ayında Azərbaycana 169 milyon 761 min dollar dəyərində belə məhsullar idxal edilib. Bu idxal 2022-ci ilin yanvar ayı ilə müqayisədə 19 milyon 905 min dollar və ya 13,3 faiz artıb. Ötən ilin yanvarında Azərbaycana 149 milyon 856  min dollar dəyərində yeyinti məhsulları idxal olunmuşdu.

Ölkəmizin idxaldan asılı olduğu ən mühüm məhsul ərzaqlıq buğdadır. Azərbaycanda istehlak olunan bu məhsulun 80 faizdən çoxu xaricdən alınır. 2022-ci ildə ölkə xaricdən 1 milyon 292,996 min ton buğda idxal edilib ki, bu da 2021-ci ildəki idxaldan 12,6 faiz çoxdur. Bu idxal ölkəyə 436 milyon 551,2 min dollara (artım 31,5 faiz) başa gəlib. Bu isə 2022-ci ildə  buğdanın tonunun idxalına 337,6 dollar xərc çəkildiyi deməkdir.

Ötənilki buğda idxalında əsas müsbət məqam alış bazarlarındakı diversifikasiyadır. Belə ki, Azərbaycan 2022-ci ildə Qazaxıstandan 95 milyon 800,45 min dəyərində 280,016 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəkindən 5,3 dəfə çoxdur. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342,12 dollara başa gəlib.

Hesabat dövründə Rusiyadan buğda idxalında həcm ifadəsində 7,9 faiz azalma baş verib. Şimal qonşudan 1 milyon 8,061 min ton buğda alınıb. Lakin Rusiya məhsuluna ödənilən məbləğ 17 faiz artmaqla 337 milyon 491,94 min dollara çatıb. Nəticədə bir ton Rusiya buğdası üçün Azərbaycan 334,79 dollar ödəyib.

Ötən ilin yekununda Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb. Qazaxıstan buğdası bir qədər baha başa gəlsə də, ölkənin buğda kimi strateji məhsulun idxalında tamamilə Rusiyaya möhtac olmaması baxımından müsbət haldır.

Xatırladaq ki, Azərbaycan 2021-ci ildə 331,919 milyon dollar dəyərində 1 milyon 148,06 min ton buğda idxal etmişdi. Bunun 956,3 faizi – 315,191 milyon dollar dəyərlə 1 milyon 94,236 min tonu Rusiyadan reallaşmışdı. Qazaxıstandan isə cəmi 15 milyon 850,6 min doollar 52,746 min ton buğda alınmışdı.

Bu ilin yanvarında Azərbaycan buğda idxalını kəskin artırıb. Gömrük statistikasına əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycana 43 milyon 423 min dollar dəyərində 142  656 ton buğda idxal edilib. Bu isə illik müqayisədə ümumi buğda idxalının dəyər ifadəsində 37 faiz, miqdar ifadəsində isə 1.5 dəfə artması deməkdir – 2022-ci ilin yanvar ayında Azərbaycana 32 milyon 475 min dollar dəyərində 93 705 ton buğda idxal edilmişdi. Azərbaycana 1 ton buğdanın orta idxal qiyməti 346 dollardan 304 dollara düşüb.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalaraq 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara düşüb.

DSK-nın rəqəmləri buğda ilə yanaşı, arpa və qarğıdalı istehsalında da azalmanı üzə çıxarır. 2022-ci ildə arpa istehsalı biröncəki illə müqayisədə 1 milyon 146 min tondan 1 milyon 100 min tona enib. Arpanın məhsuldarlığı il ərzində hər hektarda 2 sentner azalıb. Qarğıdalı istehsalı isə 287 min tondan 275 min tona enib. Qarğıdalının hər hektara düşən məhsuldarlığı il ərzində 3 sentner azalıb. Ötən il toplam 3.16 milyon ton taxıl yetişdirilib. Bu o deməkdir ki, 2021-ci illə müqayisədə Azərbaycanda taxıl istehsalı 6 faiz, yəni 202 min ton azalıb.

Azərbaycan hökuməti müasir suvarma sisteminə əsaslanan keyfiyyətli buğda istehsalını stimullaşdırmaq üçün 2022-ci ildə bir sıra addımlar atıb. Prezidentin iyulda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanına əsasən, 5 il müddətində pilot suvarma sistemindən istifadə edərək keyfiyyətli məhsul yetişdirən hüquqi və fiziki şəxslərə dəyirman və Dövlət Taxıl Fonduna təhvil verdikləri məhsula görə susbsidiya ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu sibsidiyanın həcmi hər tona görə 100 manat təşkil edəcək. Eyni zamanda dövlət pivot suvarma sistemlərinin idxalını da subsidiyalaşdırır – dəyərin 60 faizini qarşılayır, qalan 40 faiz üçünsə güzəştli kredit ayırır.

Qeyd edək ki, hələlik ölkədə pivot suvarma sistemi ilə təmin olunan buğda sahələri daxili tələbatı tam təmin edəcək istehsal imkanına malik deyil. Belə sahələr əsasən aqroparklardadır: 21,7 min ha. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ümumilikdə 41 min buğda əkini sahələrindən 2022-ci ildə 152 min tondan çox məhsul istehsal edilib. Bu il ölkədəki 51 aqroparkdan 40-da taxıl əkilib. Əkinlərdən 88,8 min ton ərzaqlıq, 31,4 min ton toxumluq, 32 min ton isə yemlik buğda toplanıb. Buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (3,2 ton/ha) yüksəkdir.

Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/ha olub. Bu il aqroparkların pivotaltı sahələrində buğda əkinini 52  faiz və yaxud 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır.

Aydın məsələdir ki, yalnız aqroparklar hesabına ölkənin ərzaqlıq buğda təminatını nəzərdə tutulan 80 faizə çatdırmaq mümkün deyil. Bunun üçün əkin planlanmasında prioritetin buğdaya verilməsinə ehtiyac var. Hazırda bir neçə yüz min hektar suvarılma imkanlı sahə pambıq, şəkər çuğunduru, tütün və digər strateji önəm daşımayan bitkilərin əkinlərinə ayrılıb. Bu siyasətin dəyişməsi, əkin planlaşmasının buğda istehsalının əsas prioritet sayılaraq aparılmasına ciddi ehtiyac var. Lakin hələ ki bu sahədə ciddi dəyişiklik olduğu görünmür.

Rəsmi statistikaya əsasən 2023-cü ilin məhsulu üçün 1064,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 664,0 min hektarını buğda, 400,0 min hektarını arpa və 0,1 min hektarını çovdar təşkil edib. Xatırladaq ki, 2022-ci ilin məhsulu üçün 1015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdi ki, bunun da 602,1 min hektarı buğda, 413,6 min hektarı arpa və 0,2 min hektarı çovdar əkinləri idi. Göründüyü kimi, dənli bitki əkinlərinin sahəsi 48,2 min hektar artırılıb. Bu zaman buğda əkinləri 61,9 min hektar artırılıb, arpa 13,6 min hektar, çovdar isə 0,1 min hektar azaldılıb.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …