Cümə , Oktyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / “Azərxalça” yeni fabrikin və emalatxanaların tikintisini davam etdirir (FOTO)

“Azərxalça” yeni fabrikin və emalatxanaların tikintisini davam etdirir (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkəmizin bölgələrində xalça emalatxanalarının yaradılması işini davam etdirir. Cəmiyyətin Xaçmaz filialının açılışında Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə “Azərxalça”nın daha 10 filialının yaradılacağını bildirib və bununla əlaqədar aidiyyəti orqanlara müvafiq tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, “Azərxalça” 2019-cu ildə daha 10 xalça emalatxanası yaradaraq filiallarının sayını 30-a çatdıracaq.

“Azərxalça” ASC-nin mətbuat katibi Tural Səfərov açıqlamasında bildirib ki, hazırda 10 bölgədə xalça emalatxanası binalarının tikintisi davam etdirilir, gələn il yaradılması planlaşdırılan xalça emalatxanalarının inşa edilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb: “2016-2017-ci illərdə 10 rayonda xalça emalatxanaları fəaliyyətə başlayıb. Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça istehsalı emalatxanası binalarının tikintisi aparılır”.

T.Səfərovun sözlərinə görə, vahid layihə əsasında inşa olunan xalça emalatxanası binalarının sahəsi 1255 kvadratmetrdir. Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Binalar toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarət olacaq. Emalatxanalarda müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq.

Xalçaçılığın inkişafına kompleks şəkildə yanaşıldığını bildirən “Azərxalça”nın mətbuat katibi onu da vurğulayıb ki, xalçaçılığın inkişafı üçün zəruri xammal bazasının yaradılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkında Yun-Əyirici Boyaq Fabriki tikilir: “Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrikdə İtaliya, Fransa və Türkiyədə istehsal olunan avadanlıqlar quraşdırılacaq. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. Fabrikin tikintisi sürətlə aparılır. İnşaatçılar yuxarı səviyyənin və köməkçi qurğuların qəlib-armaturlanma işlərini başa çatdırıblar.

Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar inşa edilir. Tədarük məntəqələri binalarında metal konstruksiya işləri yekunlaşdırılıb.
Bütün obyektlərdə əməyin mühafizəsi və tikinti təhlükəsizliyi qaydalarına ciddi əməl olunur. İnşaatçılar üçün lazımi iş və istirahət şəraiti yaradılıb”.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …