Şənbə , İyul 24 2021
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlıların bu yay Gürcüstan kurortlarına axını baş tutmadı

Azərbaycanlıların bu yay Gürcüstan kurortlarına axını baş tutmadı

Gürcüstan iyunun 1-dən Azərbaycanla  quru sərhədlərini açıb. Bu gün isə Gürcüstan hökuməti karantin rejimini bir az da yumşaldıb və komendant saatını, açıq havada maska ilə dolaşmaq məcburiyyətini ləğv edib. Məqsəd həm də Gürcüstanın pandemiyanın çökdürdüyü turizm sektorunu dirçəltmək, ilk növbədə Azərbaycan da daxil olmaqla qonşu ölkələrdən turist axınını bərpa etmək idi.

Lakin Azərbaycan tərəfi Gürcüstanla quru sərhədlərini hələ açmır, hökumətin qərarına əsasən qonşu ölkələrlə quru sərhədlərinin bağlanması avqustun 1-nədək uzadılıb. Quru yolu açılmadığından Azərbaycandan Gürcüstana dincəlməyə gedənlərin axını baş verməyib. Gürcüstanın turizm biznesi Assosiasiyasının rəhbəri Şota Alaverdaşvili bu günlərdə bildirib ki, turist axınının çox zəif olması səbəbindən Acariyadakı otellərin çoxu boşdur.

Gürcüstanın milli turizm Administrasiyasından isə bildiriblər ki, Azərbaycan hakimiyyəti quru sərhədlərinin bağlanması qərarının müddətini uzatması səbəbindən Tbilisinin sərhədləri birtərəfli açmasının Azərbaycandan gələn turistlərin sayına heç cür təsiri olmayıb.

Qeyd edək ki, koronavirus pandemiyasına qədər qızmar yay günlərində Bakının istisindən can qurtarmaq üçün bu qonşu dövlətə hər il yüz minlərlə həmyerlimiz axın edirdi. Hazırda dəmiryolu nəqliyyatı şəhərlərarası avtobuslar işləmir, Gürcüstana yalnız təyyarə ilə getmək mümkündür. Amma biletlərin fantastik qiyməti hər kəs üçün əlçatan deyil. 

Azərbaycan Hava Yollarının məlumat mərkəzindən virtualaz.org-a bildiriblər ki, Gürcüstana Azərbaycandan getməyin yeganə yolu “Buta Airways” şirkətinin həftədə 7 dəfə olan reysidir. İyulun 1-dən reyslərin sayının 14-ə çatdırılacağı gözlənilir, yəni gün ərzində iki dəfə reyslər olacaq. Qiymətlər  baqajın kilosundan, biletin yaxın və ya uzaq tarixə alınmasından asılı olaraq 220-349 manat arası dəyişir. Digər ölkələr kimi Gürcüstana getmək üçün  son 48 saat içində verilmiş mənfi nəticəli PCR testi tələb olunur. Bununla yanaşı, Gürcüstana gəldikdən 72 saat sonra klinikaların birində öz hesabına yenidən test verilməlidir. Əks halda ölkədən çıxışda 500 dollaradək cərimə tətbiq oluna bilər. 

Turizm şirkətlərindən isə bildiriblər ki, Gürcüstanın turizm bölgələrinə turlar təxirə salınıb, istirahət etmək üçün müraciət edənlərə yalnız  təyyarə bileti və otellərdə yerləşdirməyə köməklik təklif edilir. Çünki Azərbaycan Gürcüstanla quru sərhədlərinin açılmasına hələlik qərar verməyib, şəhərlərarası avtobuslar, yaxud dəmiryolu nəqliyyatı işləmir. Seçim yalnız hava nəqliyyatıdır, təyyarə ilə getmək isə sərfəli deyil. Qonşu dövlətə getmək üçün turizm şirkətlərinə hazırda daha çox iş üçün səyahət edənlər, Gürcüstanda təhsil alan tələbələr müraciət edirlər. 

“RR travel” şirkətindən deyiblər ki, pandemiyadan əvvəlki dövrlərdə olduğu kimi Gürcüstana axın yoxdur. Turlar təşkil edilmir, yalnız təyyarə ilə Gürcüstana səfər etmək istəyənlərə bilet, qarşılama və oteldə yer tapmaq xidmətləri göstərilir. 

Digər turizm şirkətindən isə bildiriblər ki, pandemiyadan əvvəl avtobusla gediş haqqı 15 manat, qatarla 24-32 manat arası dəyişirdi. Adambaşına 150-200 dollar xərcləməklə bir həftə Gürcüstanda dincəlmək mümkün idi. İndi isə yaxın tarixə-iyunun sonunadək  təyyarə ilə yalnız gediş-dönüş 360-390 manata başa gəlir. Hərçənd ki, uzaq tarixə, məsələn, gələn ayın ortalarında da biletlərin qiymət fərqi çox deyil, beş-on manat aşağıdır. Buna görə də çoxları gediş haqqının bahalığına görə  dincəlmək üçün Gürcüstanı, yaxud digər qonşu ölkələri  seçmir.  

Qeyd edək ki, təyyarə ilə təkcə Gürcüstana deyil, Türkiyə və Rusiyaya da aviabiletl’r ,ox bahadır. Məsələn, Türkiyənin İstanbul şəhərinə gediş-dönüş 783 manata başa gəlir, halbuki Tbilisidən İstanbula gediş haqqı bundan iki dəfə aşağıdır.  Virtualaz.org

Həmçinin oxuyun

ƏDV-nin qaytarılma səviyyəsi dəyişdirilsin – TƏKLİF

Azərbaycanda vətəndaşlara etdiyi ödənişlərə görə qaytarılan Əlavə Dəyər Vergisinin səviyyəsinin dəyişdirilməsi təklif edilir. Bu təkliflə …