Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı turistlərin Antalya-Bodrum sevdası: Onları necə geri qazanaq?

Azərbaycanlı turistlərin Antalya-Bodrum sevdası: Onları necə geri qazanaq?

Azərbaycandan xaricə turist səfərləri artmaqdadır. Vətəndaşların böyük əksəriyyəti isə istirahət üçün Türkiyəni seçir. Azərbaycan Turizm Assosiasiyasından verilən məlumatda da deyilir ki, İstirahət üçün üz tutulan ölkələrin içərisində birinci yeri Türkiyə tutur. Yayda Türkiyəyə səfər edənlər əsasən Antalya, Quşadası, Ege adası, Aralıq dənizi sahillərinə üz tuturlar. 

Qeyd edək ki, lakin Türkiyə ilə bərabər Avropanın bir sıra ölkələrinə – Almaniya, İtaliya, Fransaya da səyahət edənlər az deyil. Rusiya, Gürcüstan, Ukrayna xüsusən də bu ölkənin müalicə-kurort şəhərlərinə, Birləşmiş Ərəb Əmirliyinə,əsasən də Dubay şəhərinə də azərbaycanlı turistlər tez-tez səfər edirlər. 

Azərbaycanlıların müalicə-kurort üçün ən çox getdiyi şəhərlər isə Rusiyanın Yessentuki şəhəridir. Çexiyanın daha çox müalicə-kurort şəhəri sayılan Karlovı Varı, Bolqarıstanın Qızıl Qum şəhərinə səfər edənlər az deyil.

Mövzu ilə bağlı Musavat.com-a danışan “FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev də bildirdi ki, əksər azərbaycanlılar Antalya, Bodrum və Quş adasına üz tuturlar: “Birinci yerdə Türkiyədir. Çünki həm xidmət səviyyəsi yuxarıdır. Həm də qiymətlər münasibdir. 2 nəfər üçün 1 həftə-10 günlük istirahət 1100-1200 dollara başa gəlir. Türkiyənin əsas üstünlüyü xidmətin çox yaxşı olmasıdır. Biz Montoneqroya da turist göndəririk, ancaq gedib oradakı xidmətdən razı qalmaqdırları üçün yenidən Antalyaya gedirlər. Kurort axtaranlar isə ən çox Yesentukiyə və Ukraynaya gedirlər. Gürcüstana gedənlər də var, Batumiyə üstünlük verirlər. Ancaq Türkiyə ilə müqayisədə bu üstünlük təşkil etmir”.

Tələbatın nə dərəcədə olmasına gəlincə, M.Əliyev bildirdi ki, mövsüm hələ indi başladığından tələbat o qədər də yüksək deyil.

Musavat.com-a danışan Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da təsdiq etdi ki, azərbaycanlıların getdiyi ölkələr arasında birinci yeri Türkiyə tutur: “Bu ölkə ilə dil və viza problemimiz yoxdur. Həm də qiymətlər çox münasibdir, xidmət səviyyəsi yüksəkdir. Ezyni zamanda müalicə məqsədi ilə Karlovu-Variyə, Kislovodska, Yesentukiyə gedənlər də çoxdur. Bu ölkələrdəki turistlər arasında azərbaycanlılar üstünlük təşkil edir. Belarusiyanın və Rusiyanın da gözəl yerləri var ki, oraya gedən vətəndaşlar da var. Adlarını çəkdiklərim isə ən çox üstünlük verilənlərdir”.

M.Ağakərimovun sözlərinə görə, vətəndaşlarımızın ölkə daxilində istirahət üçün ən çox üz tutduqları yerlər Quba, Qusar, Xaçmaz, Qəbələ, Şəki, Oğuz, Qax, Şamaxı, Lənkəran, Lerik, Masallıdır: “Azərbaycanın təbiəti çox gözəldir, o baxımdan turizmi daha da inkişaf etdirmək olar. Bu məsələ də aradan qaldırılsa, Azərbaycanda daxili turizm ən yüksək turizm növlərindən biri ola bilər. Bu xidmət səviyyəsinin artımı və qiymətlərdə marketinq qaydalarına uyğunlaşma ilə mümkün ola bilər. Təbii ki, insanlar ilk növbədə qiymətdən və xidmətdən şikayətləndirlər. Çalışmalıyıq ki, bu iki məsələdə uyğunluq əldə olunsun. Azərbaycanda ucuz qiymətə otel və hostellərin olması da arzuolunandır. Bu halda daxili turizmdə daha çox insan iştirak edə bilər. Yaxşı olardı ki, çadır turizmi də yaradılsın. Bu həm aztəminatlı insanlar, həm də tələbə gənclər üçün çox münasibdir. Burada həm qiymət çox ucuz olur, həm də gənclər üçün yaxşı şərait yaratmaq olar”.

Həmçinin oxuyun

Nazir tender “kralı” ilə 4.3 milyonluq müqavilə bağladı – Təmir üçün

Mədəniyyət Nazirliyi  “İnpeks.N” MMC ilə “cari təmir işləri” və “əsaslı təmir işləri”nin həyata keçirilməsi üçün …