Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı milyarder Mayamidə həbs olundu

Azərbaycanlı milyarder Mayamidə həbs olundu

İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-ın Florida ştatının Mayami şəhərində həbs olunub. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Rza Zərrabın Mayamidəki villasında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən həbs olunduğu bildirilir. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Nyu York prokuroru Prit Bharara, ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məəslələri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən33 yaşlı Zərrab iki İran vətəndaşı-Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir.

Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib. Rza Zərrabın martın 19-da yaxalandığı və ertəsi gün məhkəmə qarşısına çıxarıldığı məlum olub. Onun barəsində irəli sürülmüş 21 səhifəlik rəsmi ittiham aktında deyilir ki, Rza Zərrab və digər iki İran vətəndaşı illər boyu İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozublar. Dünya miqyasında çirkli pulların leqallaşdırılması əməliyyatlarını həyata keçiriblər.

FTB direktorunun müavini Rodrigezin bildirdiyinə görə Rza Zərrab və digərləri 2010-cu ildən 2015-ci ilə qədər beş il ərzində İran şirkətləri adından maliyyə fəaliyyətləri həyata keçirib, bu zaman İrana qarşı tətbiq edilmiş sanksiyaları pozub.

İttiham aktına əsasən Rza Zərrabın işbirliyi qurduğu İran şirkətləri ABŞ-ın sanksiyaları altında olub. Bunların arasında İran Milli Bankı, İnqilab Keşikçiləri Korpusuna bağlı NİOC neft şirkəti, Naftiran İntertrade Company Ltd (NİCO), inşaat və enerji şirkəti MARNA Group və digərləri yer alır. Rza Zərrabın sxeminin Türkiyə hissəsində yer alan şirkətlər isə Royal Holding, Durak Döviz Exchange, Al Nafees Exchange, Royal Emerald İnvestments və digərləri var.

Rza Zərrab 2013-cü ilin dekabrında Türkiyə ədliyyəsində və polisində möhkəmlənmiş fətullahçı qruplaşmanın başlatdığı antikorrupsiya əməliyyatı zamanı bəzi nazirlərin yaxınları ilə birlikdə həbs olunmuşdu. İttiham aktında deyilirdi ki, Rza Zərrab İrana aid tonlarla qızılın və milyardlarla dolların Türkiyə üzərindən transferini həyata keçirmək üçün nazirlər də daxil olmaqla yüksək vəzifəli şəxslərə rüşvət verib. Lakin daha sonra Ərdoğan fətullahçı qruplaşmaya qarşı cavab hücumunu başlatdı və Rza Zərrab azadlığa çıxdı. Nazirlərə qarşı irəli sürülən ittihamlar üzrə istintaq isə yarımçıq qaldı. Lakin belə görünür ki, ABŞ xüsusi xidmət orqanları Rza Zərraba və ortaqlarına qarşı gizlicə istintaq aparırmış…

Rza Zərrabın və ortaqlarının ABŞ-da yaxalanması Türkiyə hakimiyyətinə ciddi zərbədir. Çünki Rza Zərrabın AKP hökumətinin azı 4 naziri ilə korrupsiya əlaqələrinə girərək İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılmasını təşkil etdiyi məlumdur.

İttiham aktını elan edən FTB direktorunun müavini Rodrigez deyib ki, elan edilən ittihamlar Rza Zərrab və digərlərinin əsl ortaqlarını gizlətməyə çalışanlara mesajdır. Bununla Rza Zərrabın Türkiyə hakimiyyəti ilə əlaqələrinə eyham vurulduğu şübhəsizdir. Məlumata görə iş üzrə daha iki İran vətəndaşının barəsində həbs qərarı çıxarılıb, lakin onları yaxalamaq mümkün olmayıb.

Rza Zərrabla birlikdə həbs edilən qadın Kamelia Cemşidinin İranın İnqilab Keşikçiləri Korpusunun agenti olduğu və Türkiyə üzərindən pulların transferinə nəzarət etmək üçün təhkim edildiyi bildirilir. O, 2013-cü il dekabrın 17-də Rza Zərrabın həbs edildiyi antikorrupsiya əməliyyatı zamanı xaricə qaçmağa imkan tapıb. Türkiyə mətbuatı xəbər verir ki, Rza Zərrabın İrandakı ortağı, barəsində milyardlarla dollarlıq dələduzluq ittihamı ilə edam cəzası çıxarılan Babək Zəncani istintaq zamanı Türkiyə üzərindən həyata keçirilən pul transferi barədə bütün detalları danışıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın