Ana səhifə / İqtisadiyyat / Azərbaycanın “qırmızı qızıl”dan əldə etdiyi gəlir yarıbayarı AZALDI

Azərbaycanın “qırmızı qızıl”dan əldə etdiyi gəlir yarıbayarı AZALDI

2020-ci ilin birinci rübündə 33 min tona yaxın pomidor satan Azərbaycan bu ilin birinci rübündə 26 min ton ixrac həyata keçirə bilib. 
Miqdar ifadəsində pomidor satışının azalması ixracdan əldə edilən gəlirlərə mənfi təsir göstərib. Belə ki, ötən ilin birinci rübündə pomidor ixracından 44 milyon dollar qazandığımız halda, bu ilin ilk rübündə 21,3 milyon dollar gəlir əldə etmişik. 
Pomidor ixracının dəyər ifadəsində kəskin azalmasına satdığımız pomidorun ucuzlaşması da təsir göstərib. Ötən ilin birinci rübündə bir ton pomidorun satış qiyməti orta hesabla 1341 dollar olmuşdusa, bu ilin eyni dövründə 1092 dollara düşüb. 
Pomidor ixracının kəskin azalmasının nəticəsində ölkəmizdən tərəvəz ixracı kəskin azalıb və bununla əlaqədar olaraq ümumən kənd təsərrüfatı məhsullarının ixracında azalma riski yaranıb. Lakin meyvə və pambıq ixracında qeydə alınan kəskin artım hesabına kənd təsərrüfatı məhsullarının ixrac dəyəri nəinki azalmayıb, əksinə 5 faiz artıb. 
Bu il xaricə satılan meyvənin də qiyməti xeyli aşağı düşüb. Ötən ilin birinci yarısında meyvənin bir tonu orta hesabla 1400 dollar olduğu halda bu il orta qiymət 1105 dollara qədər geriləyib. Buna baxmayaraq ixrac edilən meyvənin miqdarının 42 faiz artaraq 63,7 min tona çatması ümumi ixrac dəyərinin 62,9 min tondan 70,4 min tona yüksəlməsinə imkan yaradıb. Dəyər ifadəsində meyvə ixracı 12 faiz artıb.
Bu il pambıq mahlıcı ixracında da kəskin artım baş verib. Cari dövrdə 68,6 milyon dollar dəyərində 46,1 min ton pambıq mahlıcı satılıb. Ötən ilin birinci rübündə 42,8 milyon dollar dəyərində 29,7 min ton mahlıc satılmışdı. 2021-ci ildə pambıq mahlıcı ixracı miqdar ifadəsində 55,3 faiz, dəyər ifadəsində 60,2 faiz artıb. 
Beləliklə, bu ilin birinci rübündə pomidor ixracının kəskin azalması tərəvəz ixracının kəskin azalmasına səbəb olsa da, meyvə və pambıq ixracının artması hesabına kənd təsərrüfatı mallarının ixrac göstəriciləri yaxşılaşıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, kənd təsərrüfatı mallarının ixrac dəyəri 5 faiz artaraq 170,3 milyon dollara yüksəlib. Sfera.az

Həmçinin oxuyun

Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 0,5 faiz …