Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanın diplomatik müstəvidə hər güclü gedişinə erməni cavabı-təxribat…

Azərbaycanın diplomatik müstəvidə hər güclü gedişinə erməni cavabı-təxribat…

Elşən Mustafayev: “Dağlıq Qarabağ və ətraf rayonların işğalı tarixinə baxsaq görərik ki, bu işğallar məhz həmin vaxtlar yaranmış siyasi situasiyaların nəticəsində olub”
“Amma indi 90-cı illərin əvvəli deyil və Azərbaycan da həmin Azərbaycan deyil ki, Ermənistan vasitəsilə ona təsir etmək mümkün olsun”
Məlum olduğu kimi, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
Verilən məlumatlara görə, hazırda da cəbhədə şiddətli döyüşlər gedir. Məlum olduğu kimi, ermənilərin budəfəki azğınlaşması Azərbaycan Prezidentinin ABŞ rəsmiləri tərəfindən yüksək səviyyədə qarşılanmasından sonraya təsadüf etdi.
Xatırladaq ki, müxtəlif illərdə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılmış yüksək səviyyəli danışıqlar zamanı əldə olunmuş praktiki nəticələr sonrakı dövrdə məhz Ermənistanın təxribat əməlləri nəticəsində iflasa uğradı.
1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir.
Şübhəsiz ki, bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident C.Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparıb. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan edib, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub.
Bundan əvvəl, 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi ilə bağlı təkliflə çıxış edib, bu məqsədlə onun həm Azərbaycana, həm də Ermənistana səfəri reallaşıb. 2016-cı il martın 10-da isə S.Sarkisyan Moskvaya dəvət olunub və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılıb. Həmçinin, bu günlərdə Bakıya səfəri nəzərdə tutulmuş Rusiya xarici işlər naziri Sergey Lavrovla da münaqişənin həlli ilə bağlı müzakirələr aparılacağı gözlənir.
Fransa prezidenti Fransua Olland cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.
Göründüyü kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edir. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildirmişlər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajıdır.
Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Ermənistanın son davranışının arxasında məhz bu amilin durduğunu iddia etmək olarmı?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, bu qənaətə gəlmək üçün kifayət qədər əsas var:

“Hamının bildiyi kimi, Ermənistan hərbi və siyasi sahədə indiyə qədər, demək olar, müstəqil addım atmayıb. Bir dəfə buna cəhd olub və onda da parlament gülləbaran edilib, parlament sədri daxil olmaqla, deputatlar güllələnib. Həmçinin belə cəhd Ter-Petrosyanın hakimiyyətinin itirilməsi ilə nəticələnib. Yəni Ermənistan bütün sahələrdə Rusiya tərəfindən idarə olunur. Putinin qatılmadığı Nüvə Təhlükəsizliyi Sammitinə Prezident İlham Əliyevin qatılması, dünya liderləri ilə ikitərəfli görüşlərin keçirilməsi, ictimaiyyət üçün açıq və açıq olmayan məsələlərin müzakirəsi regionda baş verən hadisələr fonunda Rusiyanı narahat edib. Hesab edirəm ki, indiki vaxtda erməni hərbi qüvvələrinin atəşkəsi pozması, ən azı, Rusiyanın xəbəri olmadan baş verməyib.
Ermənistan isə həmişə belə situasiyalardan öz xeyrinə istifadə etməyə cəhdlər edib. Dağlıq Qarabağ və ətraf rayonların işğalı tarixinə baxsaq görərik ki, bu işğallar məhz həmin vaxtlar yaranmış siyasi situasiyaların nəticəsində olub.
Sadəcə, Ermənistan bu proseslərdə həmişə maşa rolunu oynayıb. Amma indi 90-cı illərin əvvəli deyil və Azərbaycan da həmin Azərbaycan deyil ki, Ermənistan vasitəsilə ona təsir etmək mümkün olsun. Təmas xəttində son günlər baş verən hadisələr bir daha bunu təsdiq etdi”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın