Ana səhifə / İqtisadiyyat / Azərbaycanda səhm alıb pul qazanmaq mümkün olmur: NİYƏ?

Azərbaycanda səhm alıb pul qazanmaq mümkün olmur: NİYƏ?

Bir çox dünya ölkəsində nizamnamə kapitalı müəyyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatı olan səmdar cəmiyyətlər fəaliyyət göstərir.

Səhmdar cəmiyyətin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Xarici ölkələrdə bu cəmiyyətlərin fəaliyyəti geniş yayılsa da, ölkəmizdə bu sahədə real vəziyyət fərqlidir.

Bəzi vətəndaşlar da xarici ölkələrdəki kimi səhmdar olmaq, müəyyən gəlir əldə etmək istəyirlər. Bunun reallaşmamasının əsas səbəbi nədir, ölkəmizdə səhmdar cəmiyyət yoxdur, yoxsa vətəndaşların səhm almasına mane olurlar? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, ümumiyyyətlə, Qərb iqtisadiyyatı elə səhmdar cəmiyyətin üzərində qurulub və Avropada, Amerikada hətta dəmir yolları belə XIX əsrdə səhmdar cəmiyyətlər tərəfindən çəkilib:

“Səhmdar Cəmiyyəti nədir? Məsələn, mən bir iş görmək istəyirəm, pulum azdır. İki variant var, ya gedib bankdan kredit götürürəm, orada da faiz, risklər var. Birdən işim alınmaz, necə qaytaracağam? Yaxud da mən səhmdar cəmiyyət yaradıram, elan verirəm ki, ay camaat, kim mənimlə şərik olmaq istəyirsə, bunu birgə quraq. Gəlib mənim səhmlərimi almaq üçün ilk növbədə elanımı, məlumatımı tam verməliyəm ki, nə edəcəyəm. Niyə hesab edirəm ki, qazancımız olacaq? 

İkinci məsələ isə odur ki, mənim idarəetməm şəffaf olmalıdır. Çünki əks halda mən insanların pulunu yığıb qaçacağam. Hamı da bundan qorxacaq ki, gəlib pulu verərik, heç nə qazanmarıq. Buna görə də normal, korporativ idarəetmə olmalıdır ki, orada bütün səhmdarların maraqları təmsil olunsun, qorunsun”. Ekspertin sözlərinə görə, bunun üçün də ilk növbədə yaxşı qanunvericilik və onun düzgün icrası lazımdır:

“Azərbaycanda bunlar yoxdur. İlk növbədə səhmdar cəmiyyətlər haqqında qanunvericilik bərbaddır. Hələ 2014-2016-cı ildə ozamankı Vergilər Nazirliyinin təşəbbüsü ilə alman ekspertləri və məni də cəlb etmişdilər. Səhmdar cəmiyyətlər və korporativ hüquq haqqında qanunvericiliyin təzələnməsi üçün işçi qrup yaradılmışdı. Biz 3 ilə yaxın müddətdə onu yenidən yazdıq. Ancaq təəssüf ki, o qanun layihəsi 8 il keçməsinə baxmayaraq, hələ də qəbul olunmayıb. O sahədə qanunvericiliyimiz bərbaddır. Bizdə həmçinin şəffaflıq da yoxdur. Səhmdar cəmiyyət şəffaflıq tələb edir. Məsələn, kimsə desə ki, səhmdar cəmiyyət yaradıram, filan işlə məşğul olacaq, kimsə gedib onu alacaq? Yox, qorxacaq ki, pulumu qoyaram, bəlkə batacaq? Azərbaycanlılar ümumiyyətlə, şərikli iş görməyə meyilli deyillər. Bu, bizim mentaliletə də bir az uyğun deyil. Hər kəs kiçik bizneslə məşğul olur. Komanda oyunlarında, məsələn, idmanda, futbolda, basketbolda, voleybolda ona görə zəifik. Ancaq şahmat, boks, güləş kimi tək idman növlərində güclüyük.

Azərbaycanda da bunun üçün yaxşı qanunvericilik, şəffaflıq olmalıdır ki, əminlik hissi olsun. O demək deyil ki, Azərbaycanda səmdar cəmiyyətlər yoxdur. Var, ancaq formaldır. Birinci səhmdar cəmiyyətlər banklardır və sığorta şirkətləridir. Çünki qanun deyir ki, onlar səhmdar cəmiyyəti kimi təsis olunmalıdır. Ancaq onların da səhmlərini bazarda heç kim almır. Səhmdarlar elə təsisçilər özləridir. Əslində səhmdar cəmiyyəti deyil, məhdud məsuliyyətli cəmiyyətlə heç bir fərqi yoxdur. Digər tərəfdən, Azərbaycanda səhmdar cəmiyyətlər vaxtilə özəlləşdirilən dövlət müəssisələridir. Çünki onun da qanununda yazılmışdı ki, səhmdar cəmiyyətə çevrilməlidir. Oradakı işçilərə də pay, səhm verilib. Ancaq o səhmdar cəmiyyətlərin səhmlərindən, yox. Əsas paya malik olanlar yeyib dağıdırlar. Yəni bu problemlər var və ona görə də real səhmdar cəmiyyətləri yoxdur. İndi Mərkəzi Bank bu sahədə xeyli işlər görmək istəyir. Planları var, uğurlar arzulayıram, ancaq çox çətin işdir. İlk növbədə qanunvericilikdən başlamaq lazımdır”. 

Həmçinin oxuyun

Azərbaycanda tikinti materialları ucuzlaşdı – VİDEO

Bəzi tikinti materialları ucuzlaşıb.  Sahibkarlar bildiriblər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində …